Əhkami Xəmsə
Firui-din insanın cismani aləminin tərbiyəsi və mühafizəsi üçün qoyulmuş qanunlardır. Burada göstərilən on maddənin ətrafında çox böyük məsələlər var ki, onların bu kitabda yazılmasına imkan yoxdur. Bu maddələr dünyada insanın işlərini, hərəkətini, rəftarını, davranış qaydalarını, yoldaşa, dosta, özgəyə və cəmiyyətə münasibəti öyrədir. Bu barədə Qurani-Kərimdə həddən ziyadə ayələr, Peyğəmbər və imamların dilindən külli miqdarda hədislər vardır. Bunların hamısı kamil insan yetişdirmək məqsədini güdür; bunlar islamın əxlaq normalarıdır. Əgər insanlar bu normalara əməl etsələr, dünyada misli görünməmiş saf bir cəmiyyət əmələ gələr. Bunlardan bəzisinə nəzər salaq. Əhkami-xəmsə, beş hökm deməkdir. İnsanın bütün işləri və əməlləri beş qismə ayrılır.
1. Vacib; bunlar o əməllərdir ki, Allah-taala onların icrası üçün insanlara əmr edib. Hər kəs belə əməllərdən eləsə, Allah-taala onun üçün savab yazar, Behişt vəd edər, tərk etsə günah yazar, Cəhənnəm vəd edər Firui-dinin bütün maddələri vacib əməllərdir.
2. Haram; bunlar vacibin əksi olan əməllərdir, yəni elə əməllərdir ki, Allah-taala onların tərkini əmr edib. Hər kəs belə əməlləri tərk etsə, Allah-taala onun üçün savab yazıb Behişt vəd edər, icra etsə, günah yazıb Cəhənnəm vəd edər. Məsələn, şərab içmək, zina və ləvat etmək, qumar oynamaq, adam öldürmək, qeybət etmək və i.a. Bunlar haramdır, icra etməyi də günahdır.
3. Müstəhəbb; bunlar o əməllərdir ki, onların icrası üçün Allah-taala savab yazar, Behişt vəd edər, lakin tərk etməyi üçün nə günah yazar, nə də Cəhənnəm vəd edər. Məsələn, namazdan sonra təqib duaları oxumaq, gecə namazı qılmaq, müsəlman meyitinin dəfni mərasimində iştirak etmək, Rəcəb və Şaban aylarında oruc tutmaq, xəstə müsəlmanlara baş çəkmək, yoxsul müsəlmanlara əl tutmaq, qonağa hörmət etmək (hətta əgər kafir olsa da), müsəlmanların istifadəsi üçün quyu qazmaq, su çəkmək, yol düzəltmək, ağac əkmək (bunlara baqiyatus-salihat, yəni baqi olan xeyr işlər deyərlər), əhli-qəbristanı ziyarət etmək və i.a. Bu cür əməllərə müstəhəbb və ya sünnət deyərlər. Belə əməllərin sayı həddən ziyadədir.
4. Məkruh; bu müstəhəbbin əksidir, yəni o əməllərdir ki, onları tərk etmək üçün Allah-taala savab yazar. Behişt vəd edər, lakin icra etməyi üçün nə günah yazar, nə də Cəhənnəm vəd edər. Məsələn, qəbristanda və ya it olan evdə namaz qılmaq, at və eşşək əti yemək, meyyiti dəfn etməzdən qabaq yalqız qoymaq, meyyitə kətan parçadan kəfən biçmək, kəfəni dəmir alətlə (məsələn, qayçı və ya bıçaqla) kəsmək və s... Bu cür işlərə məkruh deyirlər.
5. Mübah; bunlar o əməllərdir ki, onları istəyirsən icra et, istəyirsən tərk et, Allah-taala nə savab yazar, nə günah, nə Behişt vəd edər, nə də Cəhənnəm. Məsələn, uzanmaq, yatmaq, durub gəzmək, Orucluq günü olmayan vaxtda halal və pak su içmək və ya çörək yemək, adamlarla adi söhbət etmək (bu şərtlə ki, qeybət və hərzə söz olmasın) və s. Bunlar mübah əməllərdir. Buradan məlum olur ki, insanın hər bir işi bu beş qismdən biri olar. Bunlar əhkami-xəmsə adlanır. İnsan gərək hər bir əməlində bilsin ki, bu əməl əhkami-xəmsənin hansı birindəndir; bilməsə, ola bilər ki, savab əvəzinə günah qazansın. Məsələn, savab qazanmaq məqsədilə Orucluq bayramı və ya Qurban bayramı günündə oruc tutan şəxs, əksinə günah qazanar; çünki bu günlərdə oruc tutmaq haramdır. Hər müsəlmana birinci növbədə vacib olan əməllər firui-dinin on maddəsidir. Bunlardan başqa yenə də vacib əməllər var; məsələn, ata-anaya itaət və onlara himayə etmək, qohumları, yaxın əqrəbanı yad etmək, onlardan xəbər tutmaq (buna siləyi-ərham deyərlər) və s. Bunların hamısını burada yazmağa imkan yoxdur. İndi də haram şeylər haqqında müxtəsər məlumat verək ki, müsəlman qardaş-larımız özlərini Allah-taalanın qəzəbindən və Cəhənnəm əzabından xilas etmək üçün bu əməlləri tanıyıb, onlardan ictinab (pəhriz) etsinlər. Günah və haram sayılan əməlləri iki qismə ayırırlar. Bunlardan bir qisminə «Günahi-kəbirə», yəni böyük günah, o birinə «Günahi-səğirə», yəni kiçik günah deyirlər. Hərçənd günahın böyüyü və kiçiyi yoxdur, çünki günah deyilən şey Allah-taalanın əmrindən çıxmaq, ona etina etməmək, ona qarşı ədəbsizlik etmək deməkdir. Və eyni zamanda hüquqi cəhətdən də günah fərqlənərək iki digər hissələrə bölünür:
1. «Həqullah günahlar» yəni Allahın əmrindən çıxıb vacib ediklərinə əməl etməmək və ya haram edib çəkindirdiyi şeylərə əməl etmək. Bu günah bir başa Allahla bəndə arasında olduğundan və digər insanlara aidiyyəti olmadığından Allahın haqqı olan günahlar adlanır. Məsələn: Namaz qılmamaq, Oruc tutmamaq, Şərab içmək və s..
2.«Həqqunnas günahlar»dan məq-səd isə ictimaiyyətdə bir şəxsin başqasına etdiyi zülmdən irəli gələn günahlardır. Məsələn: Qeybət etmək, başqasını məsxərə etmək, aldatmaq və s.
Mənbə: Qum Elmi Hövzəsi