İslam şəriət hökmlərində günahkarla davranış haqqında çox dəqiq göstərişlər vardır. Bu göstərişlərə düzgün əməl olunsa, günahkarların günahdan uzaqlaşmasına mühüm tə’sir edəcəkdir. Misal üçün, islam dinində gələn hüdud, diyə, qisas və tə’zir kimi hökmlərin kamil surətdə icrası günahın cəmiyyətdən yığışmasında müstəsna rol oynayacaqdır. İslamda tə’kid olunan göstərişlərdən bə’ziləri:
Şərab içənlərə qız verməyin.
Günahkara zəkat düşmür.
Günah işdən ötrü səfərə çıxan şəxsin namazı bütövdür.
Ərli arvad və ya evlənmiş kişi zina etsə, e’dam olunmalıdır.
Ərinə itaət etməyən arvadın nəfəqəsini (dolanışığını) tə’min etmək ərinə vacib deyil.
Oğrunun əli kəsilməli və ona rəhm olunmamalıdır.
Şərab olan süfrənin başında oturmaq qadağandır.
Hətta o süfrədə çörək yemək də haram və günahdır.
İslamda olan bu cür hökmlər insanlarla nə cür davranmağı bildirir. Bu hökmlərin hər biri öz növbəsində günahkarı etdiyi günahdan çəkindirməkdə özünə məxsus rol oynayır.
Tövbə və günahın nəticələri
Dini, elmi və təcrübi cəhətdən təsdiq edilmişdir ki, insanın bütün işlərinin həm bu dünyada, həm də axirət aləmində nəticəsi vardır. Bu məsələni bir bitkinin yerə əkilməsi ilə müqayisə etmək olar. Bu bitkinin toxumu gül olsa, onun gələcəkdəki məhsulu da gül olacaq, yox əgər yerə əkilən bitkinin toxumu tikan olsa, gələcəkdə o yerdə tikan bitəcəkdir.
Başqa sözlə desək, hər bir əməlin əks-əməli vardır. Misal üçün, futbol topunu yerə vurmaq bir iş və əməl, onun bu təzyiq nəticəsində yerdən qalxmasına isə əks-əməl deyilir. Topun yerdən necə qalxması bizim onu yerə necə vurmağımızdan asılıdır. İnsanın bütün işləri belədir. Amma diqqət olunmalı məsələ odur ki, əməllərin də həm axirət aləmində, həm də bu dünyada nəticəsi vardır. Bu fərqlə ki, dünyada olan nəticələr axirət aləmi ilə müqayisədə çox azdır. Həmçinin insanın gördüyü işlərin nəticəsi müxtəlif növlərdə meydana çıxır. Eləcə də nəzərə almalıyıq ki, bu dünyada insanın başına gələn bəlalardan bir hissəsi onun etdiyi pis işlərin nəticəsidir. Bə’zi bəlalar isə müəyyən adamların tərəqqi etməsi və təkamülə yetişməsinə zəmin yaradır. "Bəqərə” surəsinin 155-ci ayəsində oxuyuruq:
(وَلَنَبْلُوَنَّكُمْ بِشَـْيء مِنَ الْخَوْفِ وَالْجُوعْ...)
«Sizi mütləq sınağa çəkərik, bir az qorxu, bir az da aclıq ilə və malların, canların, məhsulların qıtlığı ilə. Səbirli adamlara müjdə ver»!
Bu barədə çoxlu hədislər də var. O cümlədən, İmam Sadiq (ə) buyurur:
اِنَّ اَشَدَّ النّاسِ بَلاءَ الاَْنْبِياءُ ثُمَّ الَّذِينَ يَلُونَهُمْ، ثُمَّ الاَْمْثَلُ فَالاَْمْثَلُ
"Ən çox bəlaya düçar olanlar (sınağa çəkilənlər) peyğəmbərlər, sonra onların yolunun davamçıları, daha sonra hər dövrdə yaxşı insanlardır».
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti