6723. Allahın Peyğəmbəri (s): «Hər bir ağacın bir meyvəsi var, qəlbin meyvəsi də övladdır.»
6724. İmam Səccad (ə): «Kişinin xoşbəxtliklərindən biri də budur ki, ona köməkçi və yardımçı olan övladları olsun.»
6725. İmam Baqir (ə): «Övladının qiyafə, əxlaq və rəftarının onun özünə oxşaması kişinin xoşbəxtliklərindəndir.»
1865 . Övlad fitnənin mayasıdır
Qur‘an:
«Bilin ki, sizin mal və övladlarınız sinaqdırlar (vasitələrdir) və yanında böyük hökmdarlıq olan Allahdır.»
6726. Allahın Peyğəmbəri (s): «Övladlarımız bizim ciyərparalarımızdır. Kiçikləri bizim hökmdarlarımız, böyükləri isə düşmənlərimizdir. Sağ olsalar, bizim canımıza bəladırlar, ölsələr, qəm və kədərimizə səbəb olarlar.»
6727. Allahın Peyğəmbəri (s): «Övladlar qorxu, kədər və qovrulmağın səbəbidir.»
6728. İmam Əli (ə): «Vaxtının çoxunu öz övlad - uşağına sərf etmə. Çünki onlar Allahın dostları olmuş olsalar, Allah Öz dostlarını öz hallarına buraxmaz. Əgər Allahın düşməni olmuş olsalar, fikir xəyalın nəyə görə Allahın düşmənlərinin qeydinə qalmaq olmalıdır?»
1866 . Övladı sevmək
6729. Allahın Peyğəmbəri (s): «Uşaqları sevin və onlarla mehriban olun.»
6730. Allahın Peyğəmbəri (s) (Peyğəmbərin və səhabələrin bir dəstəsinin yanında «Mən heç vaxt heç bir uşağı öpməmişəm» deyib gedən kişiyə buyurduğundan): «Bu mənim fikrimcə cəhənnəm əhlindəndir.»
6731. İmam Sadiq (ə): «Allah bəndəyə onun övladına güclü məhəbbətinə görə rəhm edir.»
1867 . Uşaqlarla şadlıq etmək
6732. Allahın Peyğəmbəri (s): «Kimin uşağı varsa, onunla uşaq kimi rəftar etməlidir.»
6733. Cabir: «Peyğəmbərin yanına gedəndə Həsən (ə) və Hüseyn (ə) o Həzrətin belinə mindiyini, peyğəmbərin onlar üçün əylənib diz çökdüyünü gördüm. Həzrət buyurdu: Necə də yaxşı dəvədir sizin dəvəniz və necə də yaxşı yüklərdir sizin yükləriniz.»
1868 . Yaxşı və ləyaqətli övlad
Qur‘an:
«Ey Rəbbimiz, arvad və övladlarımızdan gözümüzə nur ehsan qıl və bizi müttəqilərə (imam) rəhbər et" deyənlər...»
Hədis:
6734. Allahın Peyğəmbəri (s): «Saleh övlad cənnətin xoş ətirli güllərindən gözəl qoxulu bir güldür.»
6735. Allahın Peyğəmbəri (s): «Ləyaqətli övlad Allah tərəfindən bəndələri arasında bölünmüş xoş ətirli gül çələngidir.»
6736. Allahın Peyğəmbəri (s): «Ləyaqətli övladın olması kişinin xoşbəxtliyidir.»
6737. İmam Əli (ə): «Mən öz Allahımdan nə xoş sima övladlar istədim nə də boylu - buxunlu uşaq. Allahımdan Allaha itaət edən, Ondan qorxan övladlar istədim ki, ona baxanda Allaha itaət etdiklərini görüm və gözlərim işıqlansın.»
6738. İmam Sadiq (ə): «Allahın mömin bəndəsindən mirası onun bağışlanmasını istəyən əməlisaleh övladdır.»
1869 . Qızları sevməməyin pislənməsi
6739. Allahın Peyğəmbəri (s): «(Öz) Qızlarınıza soyuq olmayın, çünki onlar qiymətli munislərdir.»
6740. Allahın Peyğəmbəri (s): «Qızlar ürəyiyanan (qayğıçəkən), köməyə yetən və bərəkətli olarlar.»
6741. Allahın Peyğəmbəri (s): «Allah - taala qadınlara qarşı kişilərdən daha mehribandır. Özünə məhrəm olan qadınlardan birini razı salan elə kişi yoxdur ki, Allah-taala qiyamət günündə onu şad etməsin.»
6742. İmam Sadiq (ə): «Oğlanlar nemət, qızlar isə yaxşılıqdırlar. Allah nemətlərə görə sorğu-sual edər, yaxşılıqlara görə isə mükafat verər.»
1870. Qadınlar arasında ədaləti gözləməyə təşviq.
6743. Allahın Peyğəmbəri (s): «Öz övladlarınız arasında hədiyyə və bəxşiş verəndə ədalətli olun. Necə ki, onların da sizlərə ehtiram və hörmət qoymaqda ədalətli olmalarını istəyirsiniz.»
6744. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) bir kişinin iki övladından birini öpdüyünü, digərini isə öpmədiyini gördü. Buyurdu: Nəyə görə onların arasında bərabərlik qoymadın?»
1871. Ata-anaya yaxşılıq etməyə həvəsləndirmək.
Qur‘an:
«Sənin Allahın Ondan qeyrisinə sitayiş etməməyi və ata-anaya yaxşılıq etməyi müəyyən etdi. Onlardan biri və ya hər ikisi sənin yanında qocalsalar, onlara (hətta) off da demə. Onlara acıqlanma və onlarla layiqincə söz danış. Ona mehribanlıqla təvazökarlığını aç və de: İlahi, məni kiçik yaşlarımda böyütdüklərinə görə onların hər ikisinə rəhmət et.»
(Bax: «Bəqərə» 83, «Məryəm» 14, 3, «Loğman» 14 və «Əhqaf» 15-ci ayələr)
Hədis:
6745. Allahın Peyğəmbəri (s) (Ata - ananın övladları üzərində haqqı barədə suala cavabından): «Onlar iki cənnət və iki cəhənnəmdir.»
6746. Allahın Peyğəmbəri (s) (Allah yanında ən sevimli işlər barədə ibn Məs‘udun sualına cavabından): «Vaxtında qılınan namaz.» Ərz etdim. Daha sonra nə? Buyurdu: «Ata-anaya yaxşılıq.»
6747. Allahın Peyğəmbəri (s): «Kim ata-anasına yaxşılıq etsə, Allah onun ömrünü uzadar. Xoş onun halına!»
6748. Allahın Peyğəmbəri (s): «Allahın şadlığı atanın şadlığındadır. Allahın kədəri atanın kədərindədir.»
6749. İmam Sadiq (ə): «Atalarınızla xoşrəftar olun ki, övladlarınız da sizə qarşı xoşrəftar olsun.»
6750. İmam Rza (ə): «Allah… Özünə, ataya və anaya təşəkkür etməyi əmr etmişdir. Kim ata-anasına təşəkkür etməsə, Allaha təşəkkür etməmişdir.»
6751. İmam Rza (ə): «Ata-anaya yaxşılıq (ya itaət), müşrik olsalar belə vacibdir. Ancaq Allaha qarşı günah olacaqsa, onlara itaət etmək lazım deyil.»
1872. Ata-ana öldükdən sonra onlara hörmət etməyə təşviq
6752. Allahın Peyğəmbəri (s) (Ata-ana öldükdən sonra onlara yaxşılıq etmək barədə suala cavabından): «Bəli, onlara dua etmək, bağışlanmalarını diləmək və öldükdən sonra vəsiyyətlərini yerinə yetirmək, onların yaxın qohumları ilə sileyi - rəhm etmək və dostlarına hörmət qoymaq lazımdır.»
6753. İmam Baqir (ə): «Bə‘zən bəndə ata-anası həyatda olarkən onlarla yaxşı rəftar edir. Ancaq öləndən sonra nə onların borcunu ödəyir, nə də bağışlanmalarını diləyir. Belə olan halda Allah onu itaətsiz kimi qəbul edir. Bə‘zənsə, bəndə ata-anası sağ olanda naxələf çıxıb onların sözünə qulaq asmaz və onlara qarşı yaxşılıq etməzlər. Ancaq öldükdən sonra onların borclarını ödəyər və bağışlanmalarını diləyər. Buna görə də Allah onu xeyir əməl sahibi kimi yazar.»
1873 . Cənnət anaların ayağı altındadır
6754. Allahın Peyğəmbəri (s): «Cənnət anaların ayağı altındadır.»
6755. Allahın Peyğəmbəri (s) («Elə çirkin işlər yoxdur ki, görməmiş olum. Mənim tövbə və qayıtmağıma bir yol varmı?" deyə soruşan kişiyə cavabından): «Ata - anandan sağ olanı varmı?" Ərz etdi: «Atam.» Buyurdu: «Get və ona yaxşılıq et.» Həmin kişi gedəndən sonra Allahın Peyğəmbəri buyurdu: «Ey kaş anası sağ olaydı.»
6756. İmam Sadiq (ə): «Bir kişi peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın Peyğəmbəri! Kimə yaxşılıq edim? Buyurdu: Anana. Ərz etdi: «Ondan sonra kimə? Buyurdu: Anana. Ərz etdi: Daha sonra kimə? Buyurdu: Atana.»
1874. Ata-ananı incitmək
6757. İmam Sadiq (ə): «Ata-anaya qarşı ən xırda hörmətsizlik "off!" deməkdir. Allah ondan daha xırdası olsaydı, şübhəsiz ki, qadağan etmiş olardı.»
6758. İmam Sadiq (ə) («Mehribanlıqla onlara qarşı təvazökarlıq göstər» ayəsi haqda): Baxışlarını yalnız mehribanlıq və ürək yanğısıyla üzlərinə dik. Səsini səslərindən yuxarı qaldırma, əllərinin üstünə əl qaldırma və özünü onlardan qabağa atma.»
6759. İmam Sadiq (ə) («O ikisi ilə gözəl danış» ayəsi haqda): «Səni döysələr belə de: Allah, sizləri bağışlasın.»
1875. Ata - anaya qarşı itaətsizlik
6760. Allahın Peyğəmbəri (s): «İtaət etməyən övlada deyiləcək: Nə iş (ibadət) istəyirsən et, ancaq mən səni bağışlamayacağam.»
6761. Allahın Peyğəmbəri (s): «Kim ata-anasını kədərləndirsə, onlara qarşı ağ olmuşdur (incitmişdir).»
6762. İmam Sadiq (ə): «Valideynə itaətsizlik böyük günahlardandır. Çünki Allah - taala itaət etməyən övladı üsyankar və bədbəxt etmişdir.»
6763. İmam Sadiq (ə): «Valideynə itaətsizlik etməkdən biri də insanın onun dik gözünün içinə baxmasıdır.»
6764. İmam Sadiq (ə): «Kim ona zülm etmiş ata - anasına kinli baxsa, Allah onun heç bir namazını qəbul etməz.»
6765. İmam Hadi (ə): «Valideynə itaətsizlik yoxsulluğa səbəb olar və zillətə gətirib çıxarar.»
1876 . Atanın övlad üzərində olan haqqı
6766. Allahın Peyğəmbəri (s) (Atanın övlad üzərində olan haqqı barədə suala cavabından): «Onu adı ilə çağırmasın, ondan qabağa düşüb getməsin, ondan qabaq əyləşməsin və ona söyüş qazanmasın.»
6767. Kənzul Ummal: «Bir kişi Allahın Peyğəmbərinə (ə) ərz etdi: Atam mənim malımı mənimsəmək istəyir. Həzrət buyurdu: Sən və sənin malın atanın mülkiyyətisiniz.»
1877 Övladın ata üzərində haqqı
6768. Allahın Peyğəmbəri (s): «Bu 3 şey də övladın ata üzərində haqqındandır: onunçun yaxşı bir ad seçsin, ona savad öyrətsin və yetkinlik yaşına çatdıqda onu evləndirsin.»
6769. İmam Əli (ə): «Övladın ata üzərində olan haqqı budur ki, ona savad versin, üzgüçülüyü və ox atmağı öyrətsin, halaldan qeyri ruzi ilə xörəyini verməsin.»
6770. İmam Sadiq (ə): «Övladın ata üzərində 3 haqqı var: onunçun yaxşı bir ana seçmək, yaxşı ad qoymaq və ona tərbiyə verməyə çalışmaq.»
6771. İmam Sadiq (ə): «Kişinin öz övladına yaxşılığı onun ata - anasına yaxşılığıdır.»
1878. Övladı tərbiyələndirmək
6772. Allahın Peyğəmbəri (s): «Öz övladınıza hörmət qoyun və onlara yaxşı tərbiyə verin.»
6773. Allahın Peyğəmbəri (s): «Övladlarınızda bu 3 xisləti tərbiyə edin: Allahın peyğəmbərlərini sevmək, onun əhli-beytini sevmək və Qur‘an oxumaq.»
6774. Allahın Peyğəmbəri (s): «Öz övladlarınıza üzgüçülüyü və ox atmağı öyrədin.»
6775. Allahın Peyğəmbəri (s): «Övlad yeddi il ağa, yeddi il xidmətçi, yeddi il vəzir və köməkçi olar. İyirmi bir yaşa qədər ona etdiyin köməkdən razı olsan (verdiyin tərbiyənin nəticəsi olsa), nə yaxşı, yox əgər belə olmasa, onun çiyninə vur (artıq onu öz ixtiyarına burax), sən ona görə Allahın yanında üzrlüsən.»
6776. İmam Əli (ə): «Öz övladınızı elm öyrənməyə vadar edin.»
6777. İmam Əli (ə): «Öz uşaqlarınıza namaz qılmağı öyrədin. Yetkinlik yaşına çatdıqda namaza (tərk etməməsinə) görə onunla tələbkar olun.»
6778. İmam Sadiq (ə): «Oğlan yeddi il oyun oynamalı, yeddi il savad öyrənməli və yeddi il halal-haramı öyrənməklə məşğul olmalıdır.»