Əfif Kindinin dedikləri
Əfif Kindi deyir: Bir gün libas və ətir almaq üçün Məkkəyə daxil olub, Məscidül-Həramda Abbas ibni Əbdül-Müttəlibin yanında oturdum. Günəş səmada ən yüksək nöqtəyə qalxanda bir kişi gəlib səmaya baxdı, sonra üzü Kəbəyə tərəf dayandı. Bir az keçməmiş bir cavan oğlan onun yanına gəlib sağ tərəfində dayandı. Daha sonra bir qadın məscidə daxil oldu və o iki nəfərin arxasında durdu. Bu vaxt onların hər üçü namaz qılıb ibadət etməyə başladılar. Mən Məkkə bütpərəstləri arasında belə bir mənzərəni–bu üç nəfərin öz hesab-kitablarını cəmiyyətdən ayırıb Məkkə əhalisinin sitayiş etdikləri bütlərə deyil–yeganə Allaha sitayiş etdiklərini görüb heyrətləndim. Üzümü Abbasa tutub dedim:
(Böyük (qəribə) bir işdir! O da həmin sözləri təkrar etdi və sonra dedi:–Bu üç nəfəri tanıyırsanmı? Dedim: Yox. Abbas dedi:–Əvvəlcə daxil olan və qabaqda dayanan mənim qardaşım oğlu Məhəmməd ibni Əbdüllahdır. Ikincisi mənim başqa qardaşımın oğlu Əli ibni Əbu Talibdir. Üçüncüsü isə Məhəmmədin həyat yoldaşıdır. O (Məhəmməd) iddia edir ki, dini Allah tərəfindən ona nazil olmuşdur. Hal-hazırda səmanın altında bu üç nəfərdən başqa heç kəs bu dinə iman gətirməmişdir.
Burada belə bir sual qarşıya çıxır: Əgər Əli (ə) Peyğəmbərin (s) besətindən sonra ona iman gətirən ilk şəxsdirsə, bu halda Əli (ə) besətdən qabaq nəyə sitayiş edirdi? Bu sualın cavabı əvvəldə deyilənlərə diqqət yetirməklə aydın olur. Yəni, burada "iman gətirmək" dedikdə məqsəd besətdən qabaq Əli (ə)-ın ruhunun bütün yönləri ilə işləmiş və bir an da olsun belə, ondan ayrılmayan qədim imanını aşkara çıxarmasıdır. Çünki Peyğəmbəri-Əkrəm (s)-in Əli (ə)-ı ardıcıl və mütəmadi olaraq himayə etməsi nəticəsində vahid olan Allaha iman kökləri onun ruhunun dərinliklərində yer açmış və vücudu başdan-ayağa iman və ixlasla dolmuşdu. O günə qədər Peyğəmbər (s)-ə risalət məqamı verilmədiyinə görə, lazım gəldi ki, Peyğəmbər (s) bu məqama çatandan sonra Əli (ə) onunla olan bağlılığını daha da möhkəmlədib Peyğəmbərin risalətini qəbul etməklə öz imanını aşkar etsin. Qurani-Məciddə "iman" və "islam" mövcud əqidəni aşkar etmək mənasında çox işlənmişdir. Məsələn, Allah-Taala Ibrahim (ə)-a islamı qəbul et-deyə əmr etdikdə, o deyir: "Aləmlərin Rəbbinə təsliməm." Quranda Peyğəmbərin dilindən onun öz barəsində deyilir: "Mənə əmr olunubdur ki, aləmlərin Rəbbi qarşısında təslim olam."
Qeyd olunan ayələrdə və həmçinin, bu kimi başqa yerlərdə islamı qəbul etmək dedikdə, məqsəd şübhəsiz ki, ibtidai imanı kəsb etmək deyil, insanın ruhuna nufuz etmiş islam və imanı aşkar etmək nəzərdə tutulur. Çünki Peyğəmbər bu ayənin nazil olmasından qabaq və hətta besətdən də öncə tam mənada bir müvəhhid (tək olan Allaha imanlı) və Allah dərgahına təslim olan bir şəxs idi. Buna görə də deməliyik ki, iman gətirməyin iki mənası var:
1) İlk əvvəldən insanın ruhuna nüfuz etmiş olan batini imanı aşkar etmək ki, besətin ikinci günündə Əli (ə)-ın iman gətirməsi də məhz bu mənadadır.
2) Sonradan iman qazanmaq və islama ilkin yönəlmə. Peyğəmbərin (s) səhabələrinin çoxunun imanı bu qəbildən idi.
Kitabın adı: Vilayət günəşi birinci cild
Müəllif: Ayətullah Cəfər Sübhani