Quranda bərabərlik
Quranın digər möcüzəvi xüsusiyyətlərindən biri də qanunvericilik və əxlaq prinsiplərində tutduğu orta mövqe və ədalətdir. Belə ki, bu müqəddəs kitabda qanunvericilikdə ifrat və təfritə varmadan orta mövqe tutulmuşdur. Quran ədalət və bərabərliyə diqqət yetirir və bu iki xüsusiyyət üzərində qurulan bütün işləri insanlar üçün zəruri hesab edir. Və eyni zamanda onların dilindən, Allah-taaladan bütün işlərin ifrat və təfritə yol vermədən həyata keçirməsini diləmələrini bəyan edir. «Bizi doğru yola yönəlt.» (Fatihə-5).
Quranın digər ayələrində də insanların bütün işlərdə orta mövqe tutmaları (ifrat və təfritə yol verməmələri) tövsiyə olunur.
«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir.» (Nisa-58).
« Ədalətli olun. Bu təqvaya daha yaxındır » (Maidə-8).
«Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun» (Ənam-152).
«Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!» (Nəhl-90).
Quran həyatın bütün sahələrində ədaləti hər şeydən üstün tutur və müsəlmanlara da daim bu meyara əsaslanmağı tövsiyə edir. Onlardan bir neçəsi haqda söhbətə bəşlayırıq.
1. Sərvət və mülkiyyət
Quran insanın orta həyat səviyyəsində yaşamasını, israfa yol verməyib, imkansızlara qarşı xəsis olmamasını tövsiyə edir. Quranın bir çox ayələrində insanların xəsislik və paxıllıqdan uzaq olmaları əmr olunur:
«Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər, heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyir, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır.» (Ali İmran-180).
Eyni zamanda insanların israfdan çəkinərək bir qədər əliaçıq olmaları tövsiyə olunur.
«İsraf etməyin. Allah israf edənləri sevməz!» ( Ənam-141).
«Həqiqətən, [malını əbəs yerə] sağa-sola səpələyənlər Şeytanın qardaşlarıdır.» (İsra-27).
«Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşiman olarsan.» (İsra-29).
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi