Ataya xidmətin mükafatı
"Nəql olunur ki, bir kişinin dörd oğlu var idi. Oğlanların atası ağır xəstə idi. Oğlanlardan biri o biri qardaşlarının yanına gedib dedi: "Mənim belə bir şərtim var: Ya siz atama baxın və ölümündən sonra mirasdan əl çəkin və ya mən özüm ona baxıb, mirasdan imtina edirəm.
Qardaşlar ona dedilər: "Yaxşısı budur ki, sən atamıza qulluq edəsən. Həmçinin ölümündən sonra sənə düşəcək mirasdan imtina edəsən. Oğlan razılaşıb atasını öz evinə apardı. Bir müddətdən sonra atası dünyasını dəyişdi. Günlərin birində bu oğlan atasını yuxuda görür. Atası ona deyir: Ey əziz oğlum! Filan yerdə bir dinar qoymuşam. Get onu götür və ehtiyacın olan şeyə xərclə. Allah-təalanın o bir dinara çoxlu bərəkət verəcəyinə və beləliklə də sənin var-dövlət sahibi olacağına ümidvaram. Bu vasitə ilə də mənimçün çəkdiyin zəhmətin bəhrəsini görərsən. Oğlan soruşdu: "Məgər o bir dinarda nə bərəkət var?
"Bəli, bu bir dinarın bərəkəti çoxdur”– deyə atası cavab verdi.
Oğlan yuxudan ayılandan sonra atasının qoyduğu bir dinarı götürüb bazara yollandı. Bazarda qarşısına bir balıq satan çıxır. O, əlində tutmuş iki balığı göstərərək müştəri səsləyirdi. Oğlan yaxınlaşıb balıqların qiymətini soruşdu. Balıq satan dedi: "İkisini bir dinara satıram. O həmin bir dinarı verib, balıqların ikisini də aldı. Balıqların içindən iki dənə cəvahir çıxdı. O, beləsini heç yerdə görməmişdi. Bu xəbər padşahın qulağına çatanda onları çox baha qiymətə oğlandan aldı. Beləliklə də oğlan dövrünün tanınmış var-dövlət sahiblərindən oldu. (Xəzinətul-cəvahir kitabından ixtisarla, səh. 621, hekayə-42.)
Dövrümüzün sufi şairlərindən olan Münim Ərdəbili valideynlərə münasibətin hansı nəticələr doğurduğunu nəzmə çəkmişdir:
******************************************
Aqvalideynə dünya tufandı, Allah, Allah!
Dünyavü-axirətdə veylandı, Allah, Allah!
Vurmuşdu valideyni bir şəxsi-bimürüvvət
Dünyadə fəqr odunda odlandı, Allah, Allah!
İncitmə valideyni, axır zəlil olarsan
Aqvalideynə dünya zindandı, Allah, Allah!
Nifrin edəndə valid, amin deyər muhasen
İzzət yolu ol şəxsə bağlandı, Allah, Allah!
Öp əllərindən indi, qəbrin daşından öpmə
Beş gün sənin evində mehmandı, Allah, Allah!
Pul ver, məhəbbət eylə, mehmandı xidmət eylə
Bir gün baxıb görərsən, üryandı, Allah, Allah!
Düş, öp ayaqlarından versin duai-xeyri
Dərdə həmin dualar dərmandı Allah, Allah!
Bir şəxsin altı oğlu getdi biri dayandı
Çox-çox böyük məqamə qovzandı, Allah, Allah!
İndi həmin cavanın sərvət yağır başından
İqbalı, təxtü-bəxti tabandı, Allah, Allah!
Aləmdə sərvətilə xoşbəxt olammaz insan
Şərti-rizayi madər rizvandı, Allah, Allah!
Hər evdə nığ-nığ olsa, cəncalü-şurü-qoğa
Axırı ol dudmanın virandı, Allah, Allah!
Hər evdə ki səfa var, ya mehü ya vəfa var
Ey xoş ol dudmana ki, xəndandı, Allah, Allah!
Kitabın adı: İbrət güzgüsü
Müəllif: Məlahət Əsədova