İmam Rza (ə) haqqında hədislər
"Mənə dinimi mənimsəyə biləcəyim bir şəxsi tanıtdır." İmam buyurdu:
"Bu mənim oğlum Əlidir. Həqiqətən, atam mənim əlimdən tutub Peyğəmbərin (s) qəbri üstə apardı və buyurdu:
"Oğlum, Allah-taala buyurur: "Mən yer üzündə xəlifə qərarlaşdırıram" Allah-taala buyurduğu hər sözə vəfa edər."
Davud Riqqi deyir: "Əbülhəsən Musaya (ə) dedim: Qocalmışam və sümüklərim süstləşib (boşalıb). Atanızdan soruşdum sizi mənə göstərdi, siz də mənə yol göstərin (yəni sizdən sonra imam kimdir).
Buyurdu: Bu, Əbülhəsən ər-Rzadır."
Əli ibn Yəqtin deyir:
"Əbülhəsən (imam Kazim (ə)) zindandan mənə yazdı ki, filan oğlan mənim oğlanlarımın seyyididir və mən öz künyəmi ona bağışladım."
Hişam ibn Əhmər deyir: "İmam Kazim (ə) mənə buyurdu:
"Məğrib (Mərakeş) əhalisindən kiminsə gəldiyini bilirsənmi?" Mən cavab verdim:
"Xeyr."
İmam buyurdu: "Bəli, bir kişi gəlib, gəl gedək."
Həzrət miniyinə mindi, mən də o həzrətlə birgə süvar oldum və biz həmin kişiyə çatdıq. Kişi Mədinə əhalisindən idi və özü ilə qul-qaravaş gətirmişdi. Mən dedim:
"Onları bizə göstər!" Yeddi qız uşağı gətirdi. Lakin imam onların hamısını rədd edib buyurdu:
Onlara ehtiyacım yoxdur.
Sonra buyurdu: "Yenisini gətir."
Kişi dedi: "Məndə xəstə bir qızdan başqa heç kimsə yoxdur."
İmam (ə) buyurdu: "Sənin üçün qorxusu yoxdur, onu gətir!"
Kişi imtina etdikdə imam qayıdıb getdi və həmin günün sabahı məni onun dalınca göndərərək buyurdu:
"Ona de ki, o kənizi neçəyə satırsan. Hər nə desə, de ki, mən həmin qiyməti qəbul etdim." Mən onun yanına getdim və o dedi:
"Mən onu filan qiymətdən aşağı vermək istəmirəm."
Mən dedim: "Qəbulumuzdur."
Dedi: "Sənin olsun, amma mənə de görüm dünən səninlə gələn kişi kim idi?"
Dedim: "Bəni-Haşimdən olan bir kişi idi."
Dedi: "Hansı Bəni-Haşim?"
Dedim: "Mənim bundan artıq sənə deyiləsi bir sözüm yoxdur."
Dedi: "Mən sənə bu kəniz barədə bir xəbər verim. Mən onu Məğrib diyarının ən uzaq nöqtəsindən (Afrikadan) almışam." Kitab əhlindən olan bir qadın mənə rast gəlib soruşdu:
"Səninlə olan bu kəniz kimdir?"
Dedim: "Onu özüm üçün aldım."
Dedi: "Bu qızın sənin kimisinə yoldaş olması rəva deyil. Bu kəniz yer üzünün ən yaxşı adamının həyat yoldaşı olmalıdır. Onun yanında çox qalmadan ondan bir oğlan doğar və o oğlanın şərqdə və qərbdə tayı-bərabəri olmaz."
Ravi deyir: "Mən onu İmamın yanına gətirdim. Çox keçmədi ki, imam Rza (ə) ondan dünyaya gəldi."
Kitabın adı: Ziyarətnamələr, müqəddəs ziyarətgahlar