392. Hidayət
1779.Allahın ümumi hidayəti.
Qur‘an:
«Dedi: «Rəbbimiz hər şeyə, onun özünə layiq xilqətini verən, sonra da onu hidayət edən Allahdır.»
Hədis:
6360.İmam Sadiq (ə): –«Biz onu yola hidayət etdik…»ayəsi barədə– «Yəni biz ona yolu tanıtdıq, ya onunla gedəcək, ya da onu tərk edəcək.»
1780.Hidayət vasitəsi ilə diriltmək.
Qur‘an:
«Hər kəs, kimsəni diriltsə, bütün insanları diriltmiş kimidir.»
Hədis
6361.İmam Sadiq (ə) (yuxarıda qeyd edilən ayə haqda suala cavab verərkən): «Yəni, kim birini azğınlıqdan doğru yola gətirsə, onu diriltmiş kimidir. Həmçinin, birini doğru yoldan azğınlığa aparan şəxs onu öldürüb.»
1781.Birini hidayət edərək doğru yola gətirməyin savabı.
6362.«Biharul ənvar»: Rəvayət edilir ki, Davud (ə) tək səhraya gedir. Allahdan ona vəhy gəlir: «Ey Davud, nə üçün səni tək görürəm?» Deyir: «İlahi, canımda Səni görmək şövqüm güclənib və mənimlə Sənin yaratdıqlarının arasını kəsib.» Allah ona vəhy göndərir: «Onların arasına qayıt. Çünki əgər sən Mənim yanıma (Məndən) qaçan bir bəndə gətirsən, sənin adını Lövhü Məhfuzda «təriflənmiş» adı ilə qeyd edərəm.»
6363.Allahın Peyğəmbəri (s) (Əlini (ə) Yəmənə göndərəndə):–«Ey Əli! Heç kəslə, onu əvvəlcə (İslama) də‘vət etməmiş vuruşma. And olsun Allaha, əgər Allah sənin əlinlə bir nəfəri hidayət etsə, bu sənin üçün günəşin, üzərində doğaraq batdığı şeydən daha yaxşıdır. Sənin onlar üzərində vilayətin var, ey Əli!
6364.Allahın Peyğəmbəri (s) (o Həzrətdən tövsiyə istəyən şəxsə):–«Sənə tövsiyə edirəm ki, heç nəyi Allaha şərik qoşmayasan ……və camaatı İslama də‘vət edəsən. Bil ki, sənin də‘vətini qəbul edən hər bir şəxsə görə Yaqubun övladlarından olan bir qul azad etməyin savabını əldə edəcəksən.»
1782.Hidayət etmək Allaha məxsusdur.
Qur‘an:
«Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri O daha yaxşı bilir.»
Hədis:
6365.Allahın Peyğəmbəri (s): «Mən (yalnız) də‘vət etmək və (Allahın əmrlərini) çatdırmaq üçün göndərilmişəm, hidayət məsələsi əsla mənim ixtiyarımda deyil. İblis də (günahları insanların gözündə) gözəl göstərmək üçün yaradılıb və azdırmaq məsələsində onun da heç bir ixtiyarı yoxdur.
6366.Allahın Peyğəmbəri (s): «Allah-taala buyurub: Ey Mənim bəndələrim! Mənim hidayət etdiyim kəs istisna olmaqla, sizin hamınız azğınsınız. Mənim ehtiyacsız etdiyim kəs istisna olmaqla, siz hamınız möhtacsınız. Mənim günahdan saxladığım kəsi çıxmaqla, siz hamınız günahkarsınız.»
1783.Allahın hidayət etdiyi kəslər.
Qur‘an:
«Allahın izni olmadan heç bir müsibət üz verə bilməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa doğru yönəldər. Allah hər bir şeyi biləndir.»
«Bizim uğrumuzda cihad edənləri Öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməl sahibləriylədir.»
«Şübhəsiz, Allah zalım tayfanı hidayət etməz.»
«Şübhəsiz, Allah kafir tayfanı hidayət etməz»
Hədis:
6367.İmam Baqir (ə): «Allah-taala həlim və alimdir. Həqiqətən, Allah Onun razılığını qəbul etməyənə qəzəblənir, Allahın bəxşişini qəbul etməyəndən əsirgəyir və Onun hidayətini qəbul etməyəni azdırır.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild