Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Məscid Allahın evidir
Qur’an:
«Həqiqətən, məscidlər və səcdəgahlar Allahındır. Buna görə Allahla bərabər heç kəsi çağırmayın.» (Cin, ayə 18)
Hədis:
2932. İmam Sadiq (ə):«Sizlərə məscidlərə getməyi tövsiyə edirəm. Çünki məscidlər Allahın yer üzündə evləridir. Kim pak və təmiz halda oraya daxil olsa, Allah-taala onu günahlardan təmizləyər və zəvvarları sırasında qeyd edər. Beləliklə, məscidlərdə çox namaz qılıb dua edin.» (Əmali-Səduq,səh. 293, hədis 8)
Məscidləri abad etmək
Qur’an:
«Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayan şəxs abad edər. Ümid var ki, onlar doğru yolu tapsınlar.» (Tövbə, ayə 18)
Hədis:
2933. Allahın Peyğəmbəri (s) (məscidlərin necə abad olunması barədə Əbuzərin sualının cavabında): «Onlarda səslərini qaldırmasınlar, nalayiq və boş-boş sözlərə, işlərə vaxt sərf etməsinlər. Orada alış-veriş edilməsin. Məsciddə olduğun müddətdə hədər və əhəmiyyətsiz işlərdən əl çəkəsən. Əgər belə etməsən, Qiyamət günü özündən başqa bir kəsi danlamağa haqqın yoxdur.» (Məkarimul-Əxlaq, c.2,səh. 374, hədis 2661)
2934. İmam Sadiq (ə):«Kim bir məscid tiksə, Allah-taala onunçün Cənnətdə bir ev tikər.» (əl-Kafi, c.2,səh. 368, hədis 1)
Məscidlərə getmək
2935. Allahın Peyğəmbəri (s):«Kim camaat namazında iştirak etmək üçün məscidə getsə, atdığı hər bir addıma yetmiş min yaxşı əməlin savabı yazılar və həmin həddlə dərəcəsi ali səviyyəyə yüksələr. Əgər bu halda ölərsə, Allah-taala yetmiş min mələyi, qəbrdən qalxan günədək onu qəbrdə ziyarət etmək, tənhalıqda onunla munis olmaq və günahlarının bağışlanmasını istəməkdən ötrü ayırar.» (Biharul-Ənvar, c.76,səh. 336, hədis 1)
Məsciddə oturmaq
2936. Allahın Peyğəmbəri (s):«Ey Əbuzər! Məsciddə oturduğun müddətdə Allah-taala hər aldığın nəfəs üçün sənə Cənnətdə bir dərəcə verər, mələklər sənə salam göndərər, məsciddə çəkdiyin hər bir nəfəs üçün sənə on yaxşı əməlin savabı yazılar və on günahın silinər.» (Biharul-Ənvar, c.77, səh. 85, hədis 3)
Məscidlə qonşuluq və onda namaz qılmaq
2937. İmam Əli (ə):«Məscidin qonşuluğunda yaşayan şəxsin bir üzrlü səbəb, ya xəstə olduğu haldan başqa məsciddən qeyri bir yerdə qıldığı namazı qəbul deyil.» Ərz etdilər:«Ey Əmir-əl-mö’minin! Məscidin qonşusu kimdir?» Həzrət (ə) buyurdu:«Məsciddə namaz qılmaq üçün də‘vət səsini eşidən şəxs» (Biharul-Ənvar, c.83, səh. 379, hədis 47)
2938. İmam Əli (ə):«Məscidin ətrafı qırx zirədir, məscidin qonşuluğu isə hər tərəfə qırx evdir.» (əl-Xisal,səh.544, hədis 20)
Məsciddə ədəb qaydaları
2939. Allahın Peyğəmbəri (s):«Kim bu pis iyli dənəni (yə’ni sarımsağı) yeyərsə, bizim məscidə yaxınlaşmasın. Amma məscidə gəlməyəcək şəxsə yeməyin eybi yoxdur.» (Biharul-Ənvar, c.84,səh. 9, hədis 83)
2940. Allahın Peyğəmbəri (s):«Məsciddə iki rəkət namaz qılmadan onu özünüzün keçid yeri etməyin.» (Əmali-Səduq,səh. 344, hədis 1)