2. Əhməd bin Hənbəl Fatimə (ə) haqqında
Sünnə əhlinin imamı və fiqh üzrə rəhbəri Əhməd bin Hənbəl "Məsnəd” əsərinin üçüncü bölməsində ("cüz”) Malik bin Ənəsdə və başqa mötəbər mənbələrdə qeydə alınmış aşağıdakı rəvayəti oxucuların nəzərinə çatdırır: "Altı ay idi ki, İslam peyğəmbəri (s) hər gün sübh namazına gedərkən Fatimənin (ə) evinin qapısının ağzından keçər və buyurardı: "Namaz, namaz! Ey Əhli-beyt (ə)...” Sonra isə Qurani-Kərimin "Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər” (Əl-Əhzab surəsi, 33-cü ayə) ayəsini mübarək dilinə gətirərdi.”
Əhməd bin Hənbəl "Yənabiül-məvəddət” kitabında da müxtəlif müəlliflərə, o sıradan Ənəs bin Malikə əsaslanaraq belə bir rəvayəti də yazır: "İslam peyğəmbəri (s) hər sübh namaz vaxtı Fatimənin (ə) evinin qapısına gəlir, onları namaza səsləyir və "Ey Əhli-beyt, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər” ayəsini mübarək dilinə gətirərdi. Bu iş doqquz ay davam etdi (əvvəlki rəvayətdə isə altı ay qeyd olunmuşdur).” Bu xəbər üç yüz nəfər səhabənin dilindən söylənmişdir.
3. "İstiab” əsərinin müəllifi Əbdül Bərr (463/1071-ci ildə vəfat etmişdir)
Əbdül Bərr müxtəlif mənbələrə əsaslanaraq Ayişənin Fatimə (ə) haqqında söylədiyi belə bir xəbəri çatdırır: "Elə bir kəs görməmişəm ki, Fatimə (ə) qədər doğru danışan olsun, əlbəttə ki, onu dünyaya gətirən şəxsdən (alicənab atasından) başqa.”
Əbu Nəim də "Hilyə” adlı kitabında həmin rəvayəti eynilə Ayişənin dilindən nağıl edərək yazır: "Fatimə (ə) qədər doğru danışan (atasından başqa) bir kəsi görməmişəm.”
4. Misirin ədliyyə nazirinin müavini Ustad Tofiq Əbu Ələm
Misirin müasir yazıçı və tədqiqatçılarından Ustad Tofiq Əbu Ələm "Fatimətüz-Zəhra” adlı çox dəyərli bir kitab yazmışdır. Yeri gəlmişkən qeyd edək ki, bu mövzuda yazılmış əsərlər içərisində diqqəti cəlb edən həmin kitab fars dilinə də tərcümə olunmuşdur.
Müəllif həmin kitabında yazır: "Fatimə (ə) İslam tarixinin yaradıcılarından biridir. Fatimənin (ə) İslam tarixində tutduğu mövqe və mərtəbənin əzəmət və böyüklüyünü təsəvvür etmək üçün təkcə bu kifayətdir ki, o, böyük İslam peyğəmbərinin (s) yeganə görkəmli qızı, imam Əli bin Əbu Talibin (ə) həyat yoldaşı və Həsənlə (ə) Hüseynin (ə) anasıdır. Həqiqətən də o, Allahın peyğəmbərinin (s) qəlbinin bir parçası, ən əziz övladı idi. O, milyonlarla adamın ürəyində yaşayır. Milyonlarla adam ona ümid gözü ilə baxır. Onun əziz adı milyonların dilindədir. Alicənab atası onu "atasının anası” deyə çağırardı. Başına belə bir atanın kəramət tacı qoyduğu xanım ən böyük hörmətə layiqdir.”
5. Xətib Bağdadi (463/1071-ci ildə vəfat etmişdir)
V (XI) əsrin görkəmli tarixçisi, alimi Xətib Bağdadi özünün məşhur tarix kitabında Həsən bin Məazın tərcümeyi-halına aid hissəsində Ayişənin İslam peyğəmbərindən (s) eşitdiyi aşağıdakı xəbəri oxucuların nəzərinə çatdırır:
"Məhşər günü qopanda göydən belə bir nida gələcək: "Ey camaat, başınızı aşağı salın ki, İslam peyğəmbərinin (s) qızı Fatimə (ə) yoldan ötür.”
Kitabdakı başqa bir rəvayətdə isə deyilir:"Məhşər günü nida verən uca səslə deyər: Gözlərinizi örtün ki, Məhəmmədin (s) qızı Fatimə (ə) yoldan ötür.”
6. Müslimin Fatimə (ə) haqqında yazdıqlarından
Müslim məşhur "Səhih” kitabında yazır: "Fatimə (ə) Peyğəmbərin (s) qəlbinin bir parçasıdır. Onu incidən kəs Peyğəmbəri (s) incitmiş olur və Peyğəmbəri (s) xoşhal edən kəs Zəhranı (ə) xoşhal etmiş olur.”
7. Tirmizinin Fatimə (ə) haqqında yazdıqlarından
Tirmizi Fatimə (ə) haqqında yazır: "Ayişədən soruşdular ki, Allahın Rəsulu (s) üçün ən sevimli kəs kim idi?” Cavab verdi: "Fatimə (ə)”. Soruşdular: "Bəs kişilərdən?”. Dedi: "Onun həyat yoldaşı Əli (ə)”.
8. "Səhihi-Buxari” əsərinin müəllifi Buxari
Buxari özünün məşhur "Səhih” kitabının beşinci bölməsində ("cüz”) səhabələrin fəzilətlərinə aid fəsldə (1376/1956-cı il tarixli Məkkə çapı, s. 17) müxtəlif
sənədlərə əsasən Peyğəmbərin (s) buyurduğu aşağıdakı sözləri qeyd edir:
"Fatimə mənim bədənimin bir hissəsidir. Onu qəzəbləndirən kəs məni hirsləndirmişdir.”
Buxari, Peyğəmbərin (s) mübarək dilindən çıxmış bu sözləri eynilə kitabın üçüncü bölməsində başqa bir yerdə (s. 164), eləcə də dördüncü bölmədə (s. 203) də vermişdir.
Müəllif kitabın beşinci bölməsində isə Peyğəmbərin (s) aşağıdakı sözlərini qeyd edir: "Fatimə behişt qadınlarının xanımıdır” (s. 20).
9. Hakim pakların pakı Zəhra (ə) haqqında
"Müstədrək” əsərinin müəllifi Hakim bu məşhur kitabında Ayişənin dilindən belə bir xəbəri qeydə almışdır. İslam peyğəmbəri (s) bu dünyadan köçmək ərəfəsində xəstə olarkən Fatiməyə (ə) buyurmuşdu: "Qizım, İslam ümməti qadınlarının və bütün dünya qadınlarının xanımı olmaq istəmirsən?”
10. "Sünən” əsərinin müəllifi Əbu Davud
Əbu Davud özünün məşhur "Sünən” əsərində yazır: "Əli bin Əbu Talib buyurmuşdur: "İstəyirsənmi, özümdən və İslam peyğəmbərinin (s) qızı Fatimədən (ə) danışım? Fatimə (ə) İslam peyğəmbəri (s) üçün ən əziz kəs olsa da, mənim mənzilimdə əldəyirmanı işlətməkdən biləyi şişmiş, kuzədə su daşımaqdan çiyinlərinə zor düşmüş, evə və həyətə süpürgə çəkməkdən paltarları nimdaş olmuşdu. Eşitdik ki, Allahın Rəsulunun (s) yanında xidmətçilər var. Fatimə (ə) atasından (s) yardım istəmək məqsədilə o həzrətin yanına gedib xahiş etdi ki, həmin xidmətçilərdən birini ev işlərində kömək üçün ona versin. Lakin atasının hüzuruna çatarkən orada bir neçə cavana rast gəldi və
11. "Təfsir Əl-Mizan” kitabının müəllifi Əllamə Təbatəbai
Əllamə Təbatəbai özünün çoxcildli məşhur "Təfsir Əl-Mizan” adlı kitabında yazır: "Kövsər” haqqında fikir və mülahizələr çoxdur. Lakin əsl həqiqət belədir ki, şərif "Kövsər” surəsi Fatimə (ə) və onun nəslinə dəlalət etməkdən xali deyil. Belə olduqda bu surə Quranın səma xəbərlərindən biri ola bilər. Uca Tanrı Zəhranın (ə) nəslini o qədər çox etdi ki, heç bir nəsl onun tayı-bərabəri ola bilməz. Fatimənin (ə) nəslinin başına çoxlu bəlalar gəlməsinə, bu nəsldən olan neçələrinin böyük qətllərdə yox olmasına baxmayaraq, yenə də bu pak və nəcib nəsl çox böyük sayda yaşamaqda davam edir.”
12. Fransız tədqiqatçısı Lui Masinyon
Məşhur fransız şərqşünası-tədqiqatçısı Lui Masinyon ömrünün bir müddətini həzrət Fatimeyi-Zəhranın (ə) tanınmasına həsr edərək bu sahədə böyük səylər göstərmiş və ciddi uğurlar qazanmışdır. Alim hicri tarixi ilə 10-cu (631-ci) ildə Mədinə şəhərində baş vermiş Nəcran xristianlarının İslam peyğəmbəri (s) ilə qarşılıqlı lənətləmə hadisəsi haqqında yazdığı dəyərli tədqiqat əsərində bir çox maraqlı mətləblərə toxunur. Lui Masinyon yazır:
"İbrahimin (ə) təkrar-təkrar söylədiyi dualar Fatimədən (ə) törəyəcək on iki nurun varlığından xəbər verir...
Musaya (ə) nazil olmuş Tövrat Məhəmməddən (s), Fatimədən (ə) və İsmayılla İshaqa bənzər iki ər oğlundan (Həsən(ə) və Hüseyndən (ə)) müjdə verir...
İsaya (ə) nazil olmuş İncillər də Əhmədin (s) gələcəyindən müjdə verir. Bu ilahi kitab həmçinin müjdə verir ki, o həzrətin bərəkət sahibi bir qızı olacaq və o da iki oğul dünyaya gətirəcək...”
13. İmam Musa Sədr Zəhra (ə) haqqında
Görkəmli İslam mütəfəkkiri, siyasi xadimiimam Musa Sədr Fatimə (ə) haqqında yazır:
"Dini təlimlər və hökmlərin görkəmli şəxslərə ehtiyacı var. Belə şəxslər həmin təlim və hökmləri tərtib edib qaydaya salmağı və təbliğ etməyi öz öhdələrinə götürürlər ki, onları arzu və ideya mərhələsindən gerçəklik mərhələsinə gətirib çıxarsınlar. Belə olduqda insanların Allaha olan inamları artır və dinsizlik ortadan qalxır.
İslam peyğəmbəri (s) həqiqəti ortaya çıxarmaq üçün Nəcran xristianları ilə qarşılıqlı lənətləməyə çıxdı. Bu hərəkət o vaxt Peyğəmbərlərin öz dəvətlərində qələbə çalması üçün yeganə vasitə sayılırdı. Bu məsələ aşağıdakı şərif ayəyə görə elan edildi:
"Səninlə düşmənlik edən hər bir kəsə de ki, gəlin hamılıqla oğullarımızı, qadınlarımızı və qohumlarımızı çağıraq, sonra bir-birimizi lənətləyək. Və Allahın lənətini yalançılara yönəldək.” Böyük İslam peyğəmbəri (s) öz övladları, xanımları və qohumları içərisindən Əlini, Fatiməni, Həsəni və Hüseyni seçib özü ilə həmin məsələnin həlli üçün apardı. Bu şəxslər İslam xadimlərinin, İslam qadınları və oğullarının təmsilçiləri idilər. İslam peyğəmbəri (s) bu yolla İslama olan öz kamil imanını göstərdi. İslamın kamil və həqiqi nümayəndələrinin kimlər olduğunu bildirdi. Hamıya elan etdi ki, məhz bu şəxslər həqiqi İslamın nümayəndələridir.”
14. Məşhur təfsirçi Fəxr Razi
Quranın ən böyük və məşhur təfsirlərindən birinin müəllifi Fəxr Razi "Kövsər” surəsinin təfsirində özünün bir çox fikir və mülahizələrini irəli sürmüşdür. Həmin fikirlərdən biri budur ki, "Kövsər” surəsinin nüzulundan məqsəd İslam peyğəmbərinin (s) övladlarına işarə etməkdir.
Müəllif yazır: "Bu surənin nüzuluna səbəb İslam peyğəmbərinin (s) düşmənlərinin o həzrətə vurduqları tənə və məzəmmətlər idi. Onlar deyirdilər ki, Peyğəmbər "əbtər”dir, yəni övladsız və arxasız, sonsuz və nəsli kəsilmiş bir adamdır. Elə buna görə də bu surədə məqsəd Allah-təalanın o həzrətə elə bir bərəkətli nəsl bəxş etməsidir ki, onlar zaman keçdikcə, yüzillər ötdükcə eləcə duracaq və daim yaşayacaq. Fikir ver, bax gör, Əhli-beyt (ə) ailəsindən neçələri öldürmüş olsalar da, yenə də yer üzü Peyğəmbərin (s) övladları, oğul-qızları ilə doludur. Lakin vaxtilə həddindən çox adamları olan Bəni Üməyyə nəslindən indi etibar sahibi, mötəbər və nüfuzlu bir şəxs də belə yoxdur. Əksinə, onlar isə (Allahın Rəsulunun nəsli, övladları) Baqir(ə), Sadiq (ə), Kazım (ə), Rza (ə)... kimi böyük alim və görkəmli şəxsiyyətlərdir. Həmin nəsldən bu kimi böyük şəxslər çox qalmışlar.”
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild