3. İctihad barəsindəki əqidəmiz
Bizim etiqadımıza görə, fürui-din hökmlərində ictihada çatmaq İmam Zaman (əleyhis-salam)-ın qeybdə olduğu əsrlərdə11 bütün müsəlmanlara vacibdir. (Buna vacibi-kifai deyilir, yəni bu iş hamıya vacibdir. Amma bir neçə nəfər öhdəsinə alsa, başqalarından götürülər.)
Hər bir müsəlmana, hər bir əsrdə vacibdir ki, bu məsələyə diqqət yetirsin. Lakin kifayət qədər qüdrəti olan bir neçə adam ictihad dərəcəsinə çatmaq üçün hərəkət etsə və bu rütbəyə çatsa sair müsəlmanlar təqlid üçün layiqli dərəcəyə çatan, cameüş-şərait olan belə bir şəxslə kifayətlənib ona təqlid etməli, fürui-din məsələlərində, şəri hökmlərdə ona müraciət etməlidirlər.
Amma belə bir adam tapılmazsa, bu halda ictihad rütbəsinə çatmaq, hamıya vacibdir. Əgər bu işi yerinə yetirmək hamı üçün qeyri-mümkün, yaxud xeyli ağır olarsa bu məqama çatmaq üçün özündən ciddiyyət göstərən bir neçə şəxsi təhsil üçün lazımi vəsaitlərlə təmin etməlidirlər. Və müsəlmanların bu işə ciddiyət göstərməyib vəfat etmiş müctehidə təqlid etmələri caiz deyildir.
İctihad dedikdə Əşrəfül-ənbiya vəl-mürəsəlin Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in gətirdiyi fəri hökmlər və qayda-qanunlar barədə mərifətin kamil olması üçün şəri dəlillərdə dərindən təfəkkür və təhqiqat aparıb nəzər və rəy çıxarmaq nəzərdə tutulur.
Bu hökmlər zaman və məkanın dəyişməsi ilə əsla dəyişilmir:
Həzrəti Mühəmmədin halal buyurduqları Qiyamətə kimi halal, haram buyurduqları isə Qiyamətə kimi haramdır.
Şəri dəlillər dedikdə, Qurani Kərim, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in sünnəsi, icma (müctehidlərin müəyyən məsələ barəsindəki birliyi) və əql nəzərdə tutulur. (Bunlar üsuli-fiqh kitablarında təfsilatı ilə qeyd olunub.)
Qeyd etmək lazımdır ki, ictihad məqamı çoxlu elm və məarif öyrənməyi tələb edir. Bunlar da yalnız səylə çalışıb özündən ciddiyyət göstərənlərə, onları kəsb etmək üçün qüvvə sərf edənlərə müyəssər ola bilər.
Kitabın adı: İmamiyyə şiələrinin əqidə üsulları
Müəllif: Ayətullah Cəfər Sübhani