Ey Müfəzzəl! Heyvanın üzündə olan üzvlərin necəliyi haqda fikirləş. Onun gözləri qabağa çıxmışdır ki, qarşısını yaxşı görsün və çalaya düşməsin. Heyvanın ağzı aşağı tərəfdədir. Əgər onun da ağzı insan kimi olsaydı, yerdən heç nə yeyə bilməzdi. Görmürsən ki, insan yeməyi əli ilə ağzına qoyur? Bu iş insanın digər mövcudlardan üstün olmasına bir işarədir. Heyvanın ot yemək üçün münasib əli olmadığına görə onun ağzı bu cür yaradılmışdır.
Quyruqda olan hikmətə və onun faydalarına diqqət yetir:
Onun quyruğu örtük hökmündədir ki, heyvanın eyb yerini örtsün.
Heyvanın arxası ilə qarnı arasında nəcasət olur. Milçəklər və ağcaqanadlar həmişə onun üstünə toplaşırlar. Heyvanın quyruğu bu milçəkləri və ağcaqanadları ordan uzaqlaşdırır.
Heyvan quyruğunu sağa-sola hərəkət etdirməklə istirahət edir. Bu onun ayaq üstə bədəninin ağırlığını iki əlinin üstünə saldığı zamandır. Nəticədə heyvan quyruğunu hərəkət etdirməklə rahatlıq hiss edir.
Heyvanın quyruğunun başqa çoxlu faydaları da vardır ki,insan ağlı onların hamısını dərk etməyə qadir deyil. Ancaq onlar bəzən üzə çıxır. O, cümlədən: Bəzən heyvan bataqlıqda batıb qalır və onu çıxarmaq üçün heç bir vasitə olmur. Onun quyruğu heyvanı ordan çıxartmaq üçün ən yaxşı vasitədir. Heyvanın quyruğunun tükünün də çox faydaları vardır. Insanlar öz ehtiyaclarının çoxunu onun köməyi ilə həll edirlər.