3. Qohumlarına məhəbbət və mehribanlıq
Uca Tanrı Qurani-Kərimdə böyük Rəsuluna müraciətlə buyurur: "Ya Peyğəmbər! De ki: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm.”
Qeyd etmək lazımdır ki, burada kəramətli Rəsul (s) haqqında buyurulmuş "qohumluq məhəbbətindən” ifadəsi ilə adi həyatda olan qohumların eyni münasibəti arasında böyük fərq var.
Çünki Uca Tanrı Öz rəsulu (s) haqqında buyurduğu bu məhəbbət adi bir məhəbbət deyil, əksinə həqiqətdə İlahi risalətinin məramının davamıdır. Buna görə də belə əzəmətli məhəbbət Allahın Rəsulunun (s) xahişi ilə olmuşdur. Bu məhəbbət hətta o həzrət üçün dini, risaləti təbliğ etmək yolunda üzləşdiyi çətinlik və müsibətlərin əvəzində qazandığı əcr və mükafat hesab olunur. Həmin qohumları cəmiyyətdə yüksək mövqe tutduqları üçün, onların dostluğu və mehribanlığı xatirinə hər cür əzab-əziyyətə dözməyə dəyər. Bəli, dostluq və mehribanlığı bu dərəcədə əhəmiyyətli olan o qohumlar görkəmli və səlahiyyətli şəxslərdir və onlar peyğəmbərliyi davam etdirə və təbliğ edə bilərlər. Beləliklə, bəşər cəmiyyəti Allahın Rəsulunun (s) onlar üçün nəzərdə tutduğu məqsədə nail ola bilər.
Bu dəyər və səlahiyyətin, nüfuz və qabiliyyətin Peyğəmbərin (s) hansı qohum və yaxınlarında olması məsələsinin aydınlaşdırılması da vacibdir. İslam peyğəmbərinin (s) ailəsinə bağlılığı olan hər kəsəmi bu İlahi kəlamı aiddir? Onların hamısınamı dostluq və mehribanlıq Allah Rəsulu (s) üçün bu qədər əhəmiyyətə malikdir? Yoxsa həmin qohumlar içərisindən yalnız çox az sayda və seçilmiş şəxslər nəzərdə tutulur? O şəxslər ki, Allahın Rəsulunun (s) ailəsinə mənsub olmaqla yanaşı bütün qəlbi və varlığı ilə, dərin inam və paklıqla həmin peyğəmbərlik məramını davam etdirərək bu yolda iri addımlar atırlar.
Şübhə yoxdur ki, əgər əcr və mükafat Peyğəmbərə (s) aiddirsə, yalnız və yalnız həmin peyğəmbərlik və rəhbərlik məqamına görədir. Peyğəmbərlik üçün mükafat isə bu yolun başqa böyük şəxslərinə aid deyildir. Çünki əgər belə bir iş olsaydı, öz-özlüyündə bir növ təzad, nöqsan əmələ gətirərdi. Axı Peyğəmbərin (s) mükafatı onun yolu ilə getməyən qohumları ilə mehribanlıq ola bilməzdi. Məsələn, Əbu Cəhl kimi bir qohuma mehribanlığın buna nə dəxli var? Mükafat yalnız İslam peyğəmbərinə (s) tapşırılmış risaləti təbliğ etmək üçün idi və bu işə zidd çıxanlarla dostluğu nəzərdə tutmurdu. Deməli, burada söhbət o kəslərlə dostluq və mehribanlıqdan gedir ki, peyğəmbərlik məramının yerinə yetirilməsində dəqiq surətdə iştirak etmişlər və hər baxımdan əziz Peyğəmbərin (s) müqəddəs vücudunun parlaq nümunəsidirlər. Belə müqəddəs şəxslərə yalnız vəhy nazil olmur.
Bütün bunları nəzərə alaraq yüksək peyğəmbərlik məqamının qorunmasını istəyən şəxslər və pak Əhli-beytə (ə) ürəkdən vurulmuş şəxslər yekdilliklə bu fikirdədirlər ki, Allahın Rəsulunun (s) qohumlarının ən parlaq təsdiqi sözsüz ki, Fatimə (ə), Əli (ə), Həsən (ə) və Hüseyndir (ə). Çünki peyğəmbərlik məqamının elmi və əməli istiqamətində dəqiq addımlar atan, peyğəmbərliyi davam etdirmək yolunda əziz Rəsulun (s) pak vücudunun parlaq nümunəsi olan məhz onlardır.
Sünnə əhlinin hədisçilərindən Əhməd Bəhrani və Hakim bin Əbu Hatəm də İbn Abbasdan nağıl edirlər ki, böyük İslam peyğəmbəri (s) bu ayə ilə bağlı sualın cavabında buyurmuşdur: "Onlar Fatimə, Əli və onların övladlarıdır.”
Başqa böyük hədis müəlliflərindən Məğrizi, Bəğəvi, Sələbi, Əbu Nəim, Həməveyni və başqaları da bu hədisi vahid məna daşıyan müxtəlif ibarələrlə nağıl etmişlər. Həmin müəlliflərin hamısı bu fikirdədirlər ki, burada Əhlil-beytlə (ə) dostluq və mehribanlıq tövsiyə edilmişdir.
Hakim bin Əbu Hatəm bu ayənin təfsirində İslam peyğəmbərindən (s) nağıl edir ki, buyurmuşdur: "Allah-təala məni və Əlini bir şəcərədən (ağacdan, nəsildən) yaratmışdır. Mən o şəcərənin (ağacın) kökü və özü, Əli onun budağı, Fatimə onun peyvəndi (calağı), Həsən və Hüseyn meyvələri və onların davamçıları yarpaqlarıdır. Hər kim bu ağacın budaqlarının birindən yapışsa, nicat tapmışdır.”
Təbərani də imam Həsən Müctəbadan (ə) nağıl edir ki, o həzrət məsciddə söylədiyi xütbəsində buyurdu: "Biz elə bir ailənin üzvüyük ki, Allah-təala onlarla dostluq və mehribanlığı vacib bilərək buyurmuşdur: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm.”
İmam Səccad Zeynəlabdin də Şam şəhərində oranın bəzi zalımlarının tənəli suallarının cavabında buyurmuşdur: "Məgər qohumluq məhəbbəti haqqında ayəni oxumamısınız? Bu ayədə xatırlananlar biz deyiliksə, bəs kimdir?”
Şair də Əhli-beyt (ə) məsələsi ilə bağlı deyir:
"Ey Peyğəmbərin Əhli-beyti, Sizə məhəbbət elə bir vacib dini borcdur ki, Allah Quranda təyin və nazil etmişdir.
Sizin əzəmət və qədir-qiymətinizin nə dərəcədə olduğunu bilmək üçün təkcə bu kifayətdir:
Kim namaz qılarkən sizə salam və salavat göndərməzsə, onun namazı doğru-düzgün deyil.”
Beləliklə, mübahilə (qarşılıqlı lənətləmə), paklıq və məhəbbət haqqındakı ayələrlə bağlı fikirlərin nəzərdən keçirilməsi göstərir ki, qohumluq məsələsi necə təfsir olunursa-olunsun, Fatimeyi-Zəhra (ə) böyük İslam peyğəmbərinin (s) ən dəyərli yadigarı, ən görkəmli və kamil nümunəsidir.
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild