2. Paklanma və təmizlənmə ayəsi
Bu şərif ayədə buyurulur: "Allah siz Əhli-beyti tərtəmiz və pak etməyi və pisliklərdən uzaq etməyi istər.”
Böyük İslam təfsirçilərinin, hədis müəlliflərinin və alimlərin dəqiq və ətraflı tədqiqatları, mötəbər məxəz və sənədlərin hərtərəfli araşdırılması göstərir ki, bu şərif ayədəki "Əhli-beyt” ifadəsindən məqsəd həmin beş nəfərdir. Həmin beş parlaq ulduz, beş nur mənbəyi, beş bilik mənşəyi: Allahın Rəsulu (s), Əli bin Əbu Talib (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə).
Məşhur alimlərin ən tanınmış, ən mötəbər məxəzləri bu məsələdə mühüm cəhətləri aşkar edir məsələn, Cəlaləddin Süyuti özünün "Əd-dürr-ül-mənsur” adlı məşhur təfsir kitabında bu şərif ayənin təfsirinə iyirmidən çox hədisi daxil etmişdir. Həmin sənədlər sübut edir ki, bu ayədəki "Əhli-beyt” ifadəsindən məqsəd o beş nəfər böyük şəxsiyyətdir.
İbn Cərir Təbəri də "Ənbiya” kitabında on beşdən çox hədis vermişdir ki, onların hamısı bu ayədəki "Əhli-beyt” ifadəsinin həmin beş nəfər böyük şəxsiyyətə aid olmasını sübut edir. o beş nəfər ki, peyğəmbərliyin mübarək və bərəkətli örtüyü altında idilər. İslam və bəşər tarixində özünə əbədi və möhtəşəm yer tutan beş nəfər onlardır.
Həmin gün o beş nəfər bir nurani qrupu təşkil edərkən İslam peyğəmbəri (s) əlini göyə qaldıraraq, İlahi dərgahına dua edərək dedi: "Allahım, bunlar mənim ev əhlimdir. Pisliyi onlardan uzaq et, onları tərtəmiz və pak et!” Əlbəttə, bu dua həmin bir günlə və həmin bir dəfə ilə məhdud olmadı, əksinə, kəramətli Peyğəmbər (s) bundan sonra dəfələrlə bu duanı təkrar edir və İlahi dərgahı qarşısında bu Peyğəmbər xahişini dönə-dönə dilinə gətirirdi.
Allahın Rəsulunun (s) fəzilət sahibi həyat yoldaşlarından biri Ümm Sələmə bütün İslam alimlərinin, tədqiqatçılarının mötəbər saydığı kitablara və tarixi sənədlərə istinad edərək bu barədə belə deyir: "Bu beş nəfər nurani və böyük şəxsdən ibarət mənim evimdə idi. Həmin gün Allahın Rəsulunun (s) peyğəmbərliyin Əhli-beyti haqqında duasını eşidərkən Peyğəmbərin (s) hüzurunda dedim: "Mən də ev əhliyəm. Rəsulullahın duası mənə də aiddirmi?” Allahın Rəsulu (s) mənim sualımın cavabında öz əbasını öz yaxın köməkçilərinin başına çəkib qəti və möhkəm bir tərzdə buyurdu: "Ey Ümm Sələmə, əlbəttə, sənin belə bir sual verməyə haqqın var, amma Allah şahiddir ki, sən Əhli-beytə şamil deyilsən.”
Bəli, Peyğəmbərin (s) ismətli və pak Əhli-beyti vasitəsilə bu barədə gəlib çatmış çoxlu hədis və xəbərlər bir tərəfdən göstərir ki, Əhli-beyt olmaq şərəfi yalnız o böyük şəxslərə aiddir, bir tərəfdən də Peyğəmbərin (s) ailəsinin başqa üzvlərinin, hətta o həzrətin həyat yoldaşlarının – həyatının şəriki olan bu yaxın adamlarının İlahi səmavi mənada Əhli-beytə şamil olmasını qeyri-mümkün sayır. Bu şərif ayədən də məqsəd elə budur.
Sünnə əhlindən olan qardaşlarımız – böyük və adlı-sanlı hədisçilər də bu barədə bir sıra rəvayətlər nağıl etmişlər ki, onların bəzi nümunələrini biz aşağıda verəcəyik. Bu rəvayətlərdə deyilir: "İslam Peyğəmbərinin s) mübarək qəlbinə bu şərif ayə nüzul olduqdan sonra o həzrət səhərlər evdən çıxarkən yolunu Fatimənin (ə) evinin yanından salırdı. O həzrət Fatimənin (ə) evinin qabağına çatarkən uca səslə o evin əhlini çağırır və buyururdu: "Əssəlavat, əssəlavat! Peyğəmbər ailəsi. Allah sizi pak və tərtəmiz etmək, pisliklərdən, əyriliklərdən uzaq etmək istəyir...”
Rəsulullahın bu hərəkəti və yuxarıdakı sözləri təkrar etməsi rəvayətlərə görə altı-səkkiz ay ərzində davam etmişdir. Bu müddət o həzrət hər gün səhərlər bu hərəkətini təkrar etmiş və həmin sözləri mübarək dilinə gətirmişdir.
Təkrarı doğuran səbəb və amil
Burada istər-istəməz bir neçə məntiqi sual ortaya çıxır: Peyğəmbər (s) tərəfindən belə bir hərəkətin təkrarına səbəb nə olmuşdur? Hansı amil nəticəsində bu hərəkət təkrar-təkrar davam etmişdir? Məgər müqəddəs və nurani Peyğəmbərin (s) ismətli, pak Əhli-beyti üçün bu səma xəbərini, İlahinin müqəddəs vədini bir dəfə eşitmək kifayət deyildi? Məgər bu, onların Allah dərgahı qarşısında əzəmət və müqəddəsliyini, izzət və şərəfini sübut etmirdimi?
Əlbəttə, o böyük şəxslər üçün bu sözlərin bircə dəfə də deyilməsi kifayət idi. Buna görə də çox güman ki, kəramətli Rəsulun (s) bu müddət ərzində həmin sözləri təkrar etməkdə çox ali bir məqsədi varmış. Belə ki, bu əməlini dönə-dönə təkrar etməklə hamının qulağına çatdırmaq istəyirmiş ki, yalnız bu kiçik, balaca evin sakinləri Əhli-beytin açıq-aşkar təsdiqidir və Allahın pak və tərtəmiz etdiyi kəslər onlardır. Səma ayəsi, İlahi kəlamı bu şəxslər haqqındadır. İlahinin xüsusi yardımına layiq görülmüş şəxslər bunlardır. Onların paklıq və tərtəmizliyinə və pislikdən, yaramazlıqdan həmişəlik uzaq olmasına İlahi dərgahı tərəfindən zəmanət verilmişdir.
Bəli, Peyğəmbərin (s) bir neçə ay ərzində bu hərəkətini təkrar etməsini, həmin müqəddəs sözləri dönə-dönə deməsini doğuran bircə səbəb ola bilərdi. Peyğəmbər (s) bununla hamıya çatdırmaq və anlatmaq istəyirdi ki, İslam peyğəmbərinə (s) ən yaxın adamlar, İlahi dərgahında ən sevimli şəxslər, Allahın Rəsulunun (s) və İslam qayda-qanunlarını ən gözəl şəkildə davam etdirənlər Yaradanın Qurani-Kərimdə "Əhli-beyt” kimi qələmə verdiyi kəslərdir. Və Əhli-beyt də həmin o kəslərdir ki, Allahın Rəsulu (s) hər gün şəxsən onlara müraciət edərək İlahi xəbərini çatdırır. Beləliklə də, bu müjdənin əzəmət və dəyəri hər şeydən əvvəl başqaları üçün məlum olmalıdır. Onlar İlahinin xüsusi mərhəmətinə layiq görülmüş bu şəxsləri nə qədər yaxından tanısalar, onların buyurduqlarınun gerçək olduğunu bir o qədər tez və yaxşı dərk edəcəklər.
Əvəzlik niyə kişi cinsinin cəmindədir?
Burada bir incə mətləbi də qeyd etmək vacibdir. Ayədə cəmdə olan şəxs əvəzlikləri "ənkumu” və "yutəhhirəkum” şəklindədir, yəni kişi cinsindədir, halbuki ərəb dilinin xüsusiyyətinə görə o, qadınlara məxsus bu şəkildə işlənməlidir: "ənkunnə” və "yutəhhirəkunnə”. Həmin ayənin bu şəkildə işlənməsi onun Fatimə (ə) və Əlinin (ə) ailəsinə aid olmasını sübut edir. Ayə göstərir ki, o, Peyğəmbərin (s) Fatimə (ə) və Əlidən (ə), Həsən (ə) və Hüseyndən (ə) ibarət ailəsi üçün nazil olmuşdur və Allahın Rəsulunun (s) həyat yoldaşlarına şamil deyil. Belə olmasaydı, ayədə işlənmiş şəxs əvəzliyi başqa şəkildə olmalı idi.