1652. Ölüm
Qur‘an:
(Allah) Ölümü və həyatı yaratdı ki, sizlərdən hansınızın yaxşı əməl sahibi olduğunu sınasın. O, izzət sahibi və bağışlayandır.»
Hədis:
5836. Allahın Peyğəmbəri (s): «Sizlərdən kimsə öldükdə onun qiyaməti başlayır. Ona görə də Allaha elə ibadət edin ki, sanki Onu görürsünüz və hər an Ondan rəhmət diləyirsiniz.»
5837. Allahın Peyğəmbəri (s): «Kim nə ilə (əməl və sifətlə) ölərsə, Allah da onu həmin şeylə dirildər.»
5838. İmam Əli (ə): «Ölümlə (insanın) dünya başa çatır.»
5839. İmam Əli (ə): «Ölüm axirətin darvazasıdır.»
5841. İmam Sadiq (ə): «Keçmiş dövrlərdə bir dəstə insan öz peyğəmbərinə demişdi: «Dua et ki, Allah ölümü bizlərdən götürsün.» Həmin peyğəmbər da dua etdi və Allah ölümü onlardan götürdü. Sonra onlar o həddə artıb çoxalmağa başladılar ki, evləri darısqallıq etməyə başladı. Nəsilləri artdı. Səhər açılandan hər kəs öz ata-anasına, nənə-babasına, nənə babalarının ata-babalarına yemək verməklə, onları təmizləmək və onlara baxmaqla məşğul olurdu. Buna görə də işdən və qazancdan məhrum oldular. Sonra dedilər: «Allahından dilə ki, bizi əvvəlki halımıza qaytarsın.» Peyğəmbərləri də Allahdan xahiş etdi və Allah həmin camaatı əvvəlki halına qaytardı.»
1653.Ölümə yəqinlik
Qur‘an:
«Hər canlı ölümü (dadını) dadacaqdır. Həqiqətən də, qiyamət günündə mükafatlarınız tam olaraq sizlərə veriləcək. Oddan uzaq saxlanılan və cənnətə aparılanlar mütləq muradına çatacaqdır. Dünya həyatı yalanla dolu, alçaq bir məhsuldan başqa bir şey deyil.»
5842. İmam Əli (ə): «Elə bir imanla qarışıq yəqinlik görmədim ki, bu insan üçün şübhəyə daha oxşar olsun. O, hər gün ölülərin cənazəsini qəbrə müşayət edir, gora tapşırır və bununla belə aldadıcı dünyaya üz tutur, şəhvət və günahlardan əl çəkmir. Əgər, binəva Adəm övladının nə törətməyə bir günahı, işində hesab-kitabı olmasaydı belə, elə onun nizamını pozan, dəstəsini pərən-pərən salan, övladlarını yetim qoyan ölümün özü, dünyadan uzaq durmasına layiq idi.»
5843. İmam Əli (ə) (İmam Həsənə (ə) tövsiyəsindən):–«Ey oğlum! Bil ki, sən əslində dünya üçün deyil, axirət üçün yaradılmısan. Qalmaq üçün deyil, getməkçün və ya amaq üçün deyil, ölmək üçün xəlq olunmusan. Sən köçüləsi bir mənzildə, davamsız, müvəqqəti verilən bir sarayda, axirət yolunun üstündəsən. Sən ölümdən (təqib etdiyi) fərarisən. Ölüm elədir ki, nə qaçanı onun çəngindən xilas olar, nə də axtardığı əlindən çıxar, əksinə məcburən ona çatar. Ona görə qorx ki, ölüm, onlara görə tövbə edəcəyini və’d verdiyin günahların başında səni haqlasın və səni tövbə etməyə qoymasın. Bu vaxt özünü məhv etmiş olarsan.»
5844. İmam Əli (ə): «Siz ölümün (təqib etdiyi) fərarilərisiz. Onunçün dayansanız sizi tutar, ondan qaçsanız da sizə çatar. O, sizin kölgənizdən sizə daha bitişikdir. Ölüm sizin alnınıza düyünlənmişdir.»
5845. İmam Sadiq (ə): «Allah ölüm kimi elə bir şey yaratmayıb ki, əmin olmalarına və onda heç bir şəkk-şübhənin olmadığı halda, (azacıq belə) əminliyin olmadığı şəkkə bənzəsin.»
1654. Köç vaxtı yaxındır
8546. İmam Əli (ə): «Sən həyata arxa çevirsən və ölüm sənə üz tutsa, görüş necə də tez müyəssər olar.»
5847. İmam Əli (ə): «(Dünyadan) Köç vaxtı yaxındır.»
5848. İmam Əli (ə): «Qeyblərdən heç nə ölüm qədər yaxın deyil.»
1655. Ölümün izahı
5849. İmam Səccad (ə) («Ölüm nədir?» sualına cavabından): «(Ölüm) Mömin üçün çirkin, bit-birəli paltarlarını bədənindən çıxarmaq, ağır zəncir və halqaları çıxardaraq onları ən qiymətli, xoş ətirli paltarlarla, ən rahat yol gedən miniklərə və ən əmin-aman mənzillə dəyişməkdir. Kafir üçünsə, bədənindən qiymətli paltarı qoparıb atmaq, təhlükəsiz mənzillərdən köçmək və onları ən çirkin, ən cod paltarlarla, ən qorxunc mənzillər və ən böyük əzabla əvəz etməkdir.»
5850. İmam Kazim (ə) (Ölüm yatağında uzanmış bir kişinin yanına gedərkən):«Ölüm, möminləri günahlarından təmizləyən bir saflaşdırıcıdır. Vücudunda olan son günahın kəffarəsi kimi ona çatır. Kafirləri də, yaxşılıqlarından təmizləyir və yaxşılığın son mükafatı kimi ona verilən son rahatlıq və asayişdir.»
5851. İmam Cavad (ə) (Ölüm barədə suala cavabından): «Hər gecə sizin sorağınıza gələn, ancaq müddəti uzun olan yuxudur. İnsan, yalnız qiyamət günü bu yuxudan oyanar. Yuxusunda müxtəlif növ saysız-hesabsız şadlıqlar, saysız qorxu-vəhşət görənin, yuxuda şad olan və ya qorxuya düşənin halı necə olacaq? Budur ölüm. Belə isə, özünüzü ona hazırlayın.»
1656. Möminin ölümü
Qur‘an:
«Mələklər canlarını pak olduqları halda aldıqları kəslərə deyərlər: Salam olsun sizlərə. Etdiyiniz əməllərə (mükafatına) görə cənnətə daxil olun.»»
Hədis:
5852. Allahın Peyğəmbəri (s): «Ölüm möminin xoş ətirli gül çələngidir.»
5853. Allahın Peyğəmbəri (s): «Ölüm möminin ərməganıdır.»
5854. İmam Sadiq (ə) («Dünya həyatında onlara müjdələr var» ayəsi haqda): «Ölüm vaxtı Məhəmməd və Əli (ə) ona cənnət müjdəsini verərlər.»
5855. İmam Rza (ə) (Səbahələrindən bir kişiyə yoluxarkən): «Vəziyyətiniz necədir?» Ərz etdi: «Sizdən (gedəndən) sonra ölümü gördüm. (Məqsədi xəstəlikdən çəkdiyi şiddətli əzab-əziyyət idi).» Həzrət buyurdu: «Onu necə gördün?» Ərz etdi: «Ağır və əzablı idi.» Buyurdu: «Sən ölümü görməmisən. Ölümün xəbərçisini və onun bəzi xüsusiyyətlərini sənə tanıtdıran bir şeyi görmüsən.»
1657. Ölümü xatırlamaq
5856. Allahın Peyğəmbəri (s): «Xoşluqları viran qoyanı çox yada salın.» Ərz olundu: «Ey Allahın Peyğəmbəri. Xoşluqları viran qoyan nədir?» Buyurdu: «Ölüm. Möminlərin ən zirəyi ölümü daha çox yada salan və ona hazırlaşandır.»
5857. Allahın Peyğəmbəri (s): «Ölümü çox xatırlayın. Ölümü çox xatırlayan elə bəndə yoxdur ki, Allah onun ürəyini canlandırıb ölümü ona asanlaşdırmasın.»
5858. İmam Əli (ə) (əziz övladı İmam Həsənə (ə): «Övladım! Ölümü tez-tez yada sal. Ona ürcah olacağın və ölümdən sonra ona tərəf çəkiləcəyinin fikrində ol ki, üstünə gələndə var gücünlə qarşısında dayana biləsən və onun qəsdində ol. Yoxsa belə olmasın ki, qəfildən səni haqlayıb nəfəsini kəssin.»
5859. İmam Sadiq (ə): «Ölümü yada salmaq nəfsin istəklərini öldurər, qəflət zəmilərini kökündən biçər və ürəyi Allahın və’dləri ilə qüvvətləndirər. Təbiəti lətifləşdirər, həvəs bayraqlarını bir-birinə qatar, tamah odunu söndürər və dünyanı nəzərlərdə kiçildər.»
5860. İmam Sadiq (ə): «Ölümü tez-tez yada salın. Çünki ölümü çox xatırlayanlardan heç kim dünyaya meylli olmadı.»
5861. İmam Hadi (ə): «Ailənin gözü qarşısında ölüm yatağına düşəcəyin, nə təbibin ölümünün qabağını ala biləcəyi, nə də dostunun haya gələcəyi günü yadına sal.»
1658. Ölümə hazır olmaq
5862. Allahın Peyğəmbəri (s): «Gözü ölümün yolunu çəkən, yaxşı əməllər görməyə çalışar.»
5863. İmam Əli (ə): «Ölüm üçün hazırlıq görün. Çünki ölüm öz kölgəsini başınızın üstünə atmışdır. Elə bir dəstə kimi olun ki, onların üstünə qışqırdıqda yuxudan ayıldılar və dünyanın onların sarayı olmadığını başa düşdüklərinə görə də onu (başqa dünya ilə) dəyişdilər….»
5864. İmam Əli (ə): «Səni nə vaxt yaxalayacağını bilmədiyin işdə, layiqlisi budur ki, səni yaxalamamış özünü ona hazırlayasan.»
5865.İmam Əli (ə): «Hər gün ömrünün və canının azaldığını görən və bununla belə ölümə hazırlaşmayan kimsəyə heyrət edirəm.»
5866. İmam Əli (ə): «Ölümdən və onun çətinliklərindən əvvəl bir iş görün və o çatmamış, onun hazırlığını görün.O aşağı enməmiş hazır olun.»
5867. İmam Əli (ə): «Kim sabahı öz ömründən sayarsa, ölümə layiq olduğu yeri verməmişdir.»
5868. İmam Əli (ə) (Ölümə hazırlıq barədə suala cavabından): «Vacib əməlləri yerinə yetirmək, haramlardan uzaq durmaq və yaxşı xasiyyətləri öyrənmək. Bu işlərə riayət edəndən sonra adamın ölümünün sorağına çıxmasının, yoxsa ölümün onun sorağına gəlməsindən nə qorxusu ola bilər? Allaha and olsun, Əbutalibin oğlunun, ölümün onun sorağına gəlməsindən və ya onun ölümün sorağına getməsindən heç bir qorxusu yoxdur.»
5869. Allahın Peyğəmbəri (s): «Sizlərdən heç biriniz, sizə ziyana görə heç vaxt özünə ölümü qarğış etməsin. Əksinə, belə desin: İlahi, həyatın mənim üçün yaxşı olduğu vaxta qədər məni diri saxla. Ölüm mənimçün yaxşı olduqda, məni öldür.»
5870. Allahın Peyğəmbəri (s): «Sizlərdən öz əməllərinə əmin olanlardan başqa heç kim, ölüm arzulamasın.»
5871. İmam Əli (ə) (Haris Həmədaniyə buyurdu): «Ölümü və ölümdən sonrakıları çox yadına sal və heç vaxt ölüm arzulama, yalnız möhkəm şərtlə olmaqdan savayı.»
5872. İmam Kazim (ə) (Ölüm arzulayan kişiyə xitabən): «Səninlə Allahın arasında bir qohumluq varmı ki, ona görə sənə köməyi çatsın?» Ərz etdi: «Xeyr.» Buyurdu: «Pisliklərdən artıq ola biləcək yaxşılıqları Onun dərgahına göndərmisənmi?» Ərz etdi: «Xeyr.» Buyurdu: «Deməli, belə olan halda sən əbədi məhv olmağı arzulayırsan!.»
1660. Ölümün bihuşluğu
Qur‘an:
«Ölüm bihuşluğu və süstlüyü həqiqətən gəlir. Bu sənin ondan qaçdığın şeydir.»
Hədis:
5873. Allahın Peyğəmbəri (s): «Ölüm ayağında olanlarınızın başının üstünə gəlin və onlara «La ilahə illəllah»ı təlqin edin və cənnətlə müjdə verin. Çünki hətta səbrli kişi və qadınlar da, belə hallarda çox narahat və mə‘yus olurlar. Şeytan bütün başqa vaxtlardakından daha çox ölüm ayağında insana yaxınlaşır. And olsun, canım onun əlində olana ki, ölüm mələyini (Əzrayılı) görmək min qılınc zərbəsindən daha ağırdır. And olsun, canım onun əlində olana ki, heç bir bəndənin canı, hər bir damarı ağrı çəkməmiş dünyadan getməz.»
5874. Allahın Peyğəmbəri (s): «Əgər heyvanlar sizin ölüm haqda bildiklərinizi bilsəydilər, heç vaxt kök heyvan yeməzdiniz.»
5875. İmam Əli (ə): «Ölümün, vəsf edilməkdən, ya da dünya əhlinin ağlı ilə ölçülməkdən xaric çətinlikləri var.»
1661. Ölümü xoşlamamağın səbəbi
5876. Allahın Peyğəmbəri (s) («Ölümü xoşlamamağın səbəbi nədir?» deyə soruşan kişiyə cavabından):–«Var-dövlətin varmı?» Ərz etdi: «Bəli.» Buyurdu: «Onu (axirət üçün) əvvəlcədən göndərmisənmi?» Ərz etdi: «Xeyr.» Buyurdu: «Ölümü xoşlamamağın da buna görədir.»
5877. İmam Həsən (ə) (Həmin suala cavabında): «Çünki siz öz axirətinizi viran qoymusunuz, dünyanızı isə abad etmisiniz. Abadlıqdan xarabaya köçmək istəmirsiniz.»
1662. Peyğəmbərin və imamların can verən şəxsin gözünə görünməsi.
5878. İmam Əli (ə): «Kim məni sevirsə, ölüm ayağında məni özünə xoş gələn şəkildə tapacaqdır. Kim məni düşmən bilirsə, öləndə məni narahat olacaq şəkildə tapacaq».
5879. İmam Sadiq (ə) («Mömin canının alınmasından narahat olurmu?» sualına cavabından):–«Yox, Allaha and olsun ki, yox! Ölüm mələyi (Əzrayıl) onun canını almağa gələndə, o dözmür. Ancaq Əzrayıl ona deyir: Ey Allahın dostu, dözümsüz olma! Çünki and olsun Məhəmmədi (s) seçənə ki, mən yastığının başına gələn mehriban atadan sənə qarşı daha xoşrəftar və daha mehribanam. Gözünü aç və bax.» Həzrət buyurdu: «Allahın Peyğəmbəri (s), Əmirəl-möminin, Fatimə, Həsən, Hüseyn və onun nəslindən olan imamlar (ə) gözünün önündə görünər və ona deyilər: Bu Allahın Peyğəmbəri və… sənin dostların və yoldaşlarındır … Belə bir şəraitdə, heç nə, canınının bədənindən ayrılması və carçıya qovuşması qədər onunçun xoş olmur.»
5880. İmam Sadiq (ə): «Bizim dostlarımızdan və düşmənlərimizin düşmənlərindən elə bir kimsə yoxdur ki, ölsün və (ölüm ayağında) Allahın Peyğəmbəri (s), Əmirəl-möminin, Həsən və Hüseyn (s) onun yanında olmasınlar. Əgər bizi istəməyənlərdən olsa, onları özünü narahat edəcək şəkildə görər. Bunun səbəbi Əmirələl-mömininin (ə) Haris Həmədaniyə buyurduğu bu cümlədir: Ey Haris Həmədani, hər kim –istər mömin olsun, istərsə də kafir – öləndə bizi öz qarşısında görər.»[2686]
1663. Qəfil ölüm
5881. Allahın Peyğəmbəri (s): «Qəfil ölüm mömin (ölümün və ölü huşsuzluğunun əziyyəti) və kafirdən qəzəblə alınacaq (can üçün) bir güzəştdir.»
5882. Allahın Peyğəmbəri (s): «Qəfil ölüm möminlər üçün güzəşt və kafirlər üçün bir qəzəbdir.»
5883. Allahın Peyğəmbəri (s): «Qiyamətin (gəlib çatmağının) nişanələrindən biri də iflic xəstəliyinin və qəfil ölümlərin çoxalmasıdır.»
1664. Cənazəni müşayiət etmək
5884. Allahın Peyğəmbəri (s): «Ata-anana yaxşılıq üçün iki illik yolu qət et. Yaxın qohumlara yaxşılıq üçün bir illik yolu qət et. Xəstəyə baş çəkmək üçün bir mil, cənazəni müşayiət üçünsə iki mil yol get.»
5885. Allahın Peyğəmbəri (s): «Sakitliyi və vüqarı saxlamaq sizinlə olsun. (Ölülərinizin) Cənazələri müşayiət edərkən aram-aram yol gedin.»
5886. «əd-Də‘vat»: «Allahın Peyğəmbəri (s) cənazənin ardınca gedəndə, onu qəm-kədər bürüyərdi. Daha çox öz içində fikirlərə dalardı. Öz-özünə düşünər, az danışardı.»
5887. İmam Sadiq (ə): «(Ölmüş) Möminə verilən ilk ərməğan onun cənazəsini müşayiət edənlərin günahlarının bağışlanmasıdır.»
5888. İmam Sadiq (ə): «Yaxşı olar ki, meyidin din qardaşlarına, onun ölümü barədə xəbər versinlər ki, onun cənazəsini müşayiət edib namazına dura bilsinlər. Beləliklə, həm onlar əcr sahibi olsunlar, həm də meyid bağışlansın.»
1665. Dəfn
5889. Allahın Peyğəmbəri (s): «Kim günün başlanğıcında ölsə, günortanı qəbrindən qeyri yerdə keçirməməlidir.»
5890. Allahın Peyğəmbəri (s): «Naçar qalmaqdan savayı, ölülərinizi gecə dəfn etməyin.»
5891. Allahın Peyğəmbəri (s): «Allahın bəndəyə ən çox mehriban olduğu vaxt, onu qəbrə qoyduqları vaxtdır.»
5892. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) bizə öz ölülərimizi əməli saleh adamların içində dəfn etməyi əmr etmişdir.
Çünki ölülər də dirilər kimi pis qonşudan əziyyət çəkir.»
1666. Öldükdən sonra insanın ardınca gələnlər
5893. Allahın Peyğəmbəri (s): «Üç şey ölünün ardınca gələr: ailəsi, malı və əməlləri. Ancaq onların ikisi qayıdır, biri qalır. Ailəsi və malı qayıdır, əməlləri isə qalır.»
5894. İmam Sadiq (ə): «Mömin öldükdən sonra 6 şeyin savabı ona çatar: onunçün bağışlanmasını diləyən övlad, özündən sonra qoyub getdiyi yazılı səhifə, əkdiyi ağac, axıtdığı (çay və kəhriz kimi) su sədəqəsi, qazdığı quyu və ondan sonra istifadə olunan sünnət (və yaxşı əməllər).»
Kitabın adı: Mizanul-Hikmət 2-cild (xülasəsi)