284. Bağışlamaq
1305. Bağışlamağın dəyər-qiyməti.
Qur‘an:
«Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə, hər kəs bağışlasa və barışsa onun mükafatı Allaha aiddir. Həqiqətən, Allah zalımları sevməz.»
«Onlar bolluqda da, qıtlıqda da mallarını yoxsullara xərcləyər, qəzəblərini udar və insanların xətalarından keçərlər. Allah yaxşılıq edənləri sevər.»
Hədis:
4324. Allahın Peyğəmbəri (s): «Nə vaxt qəzəbiniz tutsa, onu əfv və güzəştlə özünüzdən uzaqlaşdırın. Çünki qiyamət günündə carçı car çəkəcək ki, hər kimin Allahda muzdu varsa qalxsın. Bu zaman bağışlayanlardan başqa heç kim qalxmayacaq. Allah-taalanın «Kim bağışlasa və barışsa onun mükafatı Allahın yanındadır» buyurduğunu eşitmisinizmi?»
4325. Allahın Peyğəmbəri (s): «Allah çox güzəşt edəndir və güzəşti sevər.»
4326. Allahın Peyğəmbəri (s): «Güzəşt sizinlə olsun. Çünki güzəşt yalnız bəndənin izzətini artırar. Belə isə bir-birinizə güzəşt edin ki, Allah sizə izzət bəxş etsin.»
4327. Allahın Peyğəmbəri (s): «Kim çox güzəştcil olsa, ömrü uzun olar.»
4328. Allahın Peyğəmbəri (s): «Xətakarların büdrəmələrindən keçin ki, bu səbəbə Allah sizi təyin etdiyi çətin hallardan
qorusun.»
4329. İmam Baqir (ə): «Güzəştə görə peşmançılıq, cəza verməyə görə peşmançılıqdan daha üstün və daha asandır.»
4330. İmam Sadiq (ə): «Üç şey dünya və axirətin dəyərli xislətlərindəndir: sənə zülm etmiş kimsəni bağışlamaq, səndən qopmuş şəxsə birləşmək və sənə qarşı cahilyana hərəkət edildikdə səbrli olmaq.»
1306. Yaxşı şəkildə güzəştə həvəsləndirmək
Qur‘an:
«Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. Qiyamət vaxtımütləq gələcəkdir. Sən onları böyüklüklə bağışla.»
Hədis:
4331. İmam Əli (ə): «Kimsə günaha görə kimsəni danlayıb əziyyət verərsə, o, güzəşt etməmişdir.»
4332. İmam Rza (ə) («Onları böyüklüklə bağışla.» ayəsi barədə): «Burada məqsəd cəfa vermədən, pisləmədən və danlamadan bağışlamaqdır.»
1307. Qüdrət sahibi olarkən güzəşt etməyə həvəsləndirmək
4333. Allahın Peyğəmbəri (s): «Kimsə (intiqam almaq üçün) qüdrətli olarkən güzəşt etsə, Allah çətin günündə ona güzəşt edər.»
4334. İmam Əli (ə): «Hər gah düşmənindən qüdrətli olsan, ona güzəştini ondan qüdrətli olmağının şükrünə çevir.»
4335. İmam Əli (ə): «Güzəşt qələbənin zəkatıdır.»
4336. İmam Hüseyn (ə): «İnsanın ən güzəştcili, qüdrətli olduğu vaxt güzəşt edəndir.»
1308. Güzəşt və ürəkləri cəlb etmək
4337. Allahın Peyğəmbəri (s) (öz xidmətçilərindən ona şikayət edən kişiyə buyurduqlarından):–«Onları bağışla ki, qəlblərini özünlə barışdırasan.» Ərz etdi: «Ey Allahın Peyğəmbəri! Onlar ədəbsizlikdə bir-birindən fərqlənirlər.» Həzrət buyurdu: «Onlara qarşı güzəştcil ol.» Həmin kişi buyurulanlara itaət etdi.»
4338. İmam Əli (ə) (əziz övladı Həsənə (ə) tövsiyyələrindən):–«Hərgah onlardan (nökər və qulluçqulardan) kimsə günahlarına görə cəzalanmaya layiq olsa, onu yaxşı şəkildə danla. Çünki güzəştlə birgə danlamaq, ağlı və dərrakəsi olan üçün döyməkdən daha ağırdır.»
1309. Yersiz güzəştlər
4339. İmam Əli (ə): «Güzəşt alicənab insanı islah etdiyi kimi, alçaq insanı da bir o qədər korlayar.»
4340. İmam Əli (ə): «Yaxşıya mükafat ver və pisdən keç. Bu şərtlə ki, dinə ziyan vurmasın və ya İslamın qüdrətinə zəiflik gətirməsin.»
1310. Allahın bağışlamağı
Qur‘an:
«Şübhəsiz ki, Allah əfv edən və bağışlayandır.»
Hədis:
4341. Allahın Peyğəmbəri (s) (Qədr gecəsinin duası haqda Aişənin sualına cavabından):–«Deyirsən: Ey Allah! Sən bağışlayansan və güzəşti, bağışlamağı sevirsən. Belə isə məni bağışla.»
4342. «Tənbihul-Xəvatir»: Bədəvi bir ərəb dedi: «Ey Allahın Peyğəmbəri! Qiyamət günü məxluqlarla kim haqq-hesab çəkəcək?» Buyurdu: «Böyük Allah.» Bədəvi soruşdu: «Kə‘bənin Allahına and olsun ki, xilas olmuşuq.» Həzrət buyurdu: «Necə, ey səhra sakini?» Ərz etdi: «Çünki kəramət sahibi qüdrətli olarsa, bağışlayar.»
4343. İmam Əli (ə): «Ey Allah bəndələrinin camaatı! Həqiqətən, Allah sizi irili-xırdalı, gizlin və aşkar işlərinizə görə sorğu-sual edəcək. O zaman sizə cəza versə bilin ki, verilən cəzadan çox zülmkar olmusunuz. Əgər bağışlasa, Allah ondan daha çox bağışlayandır.»
4344. İmam Əli (ə) (Münacatında):–«İlahi! Sənin bağışlamağını fikir-ləşirəm, xəta və günahlarım mənə asan gəlir. Sonra Sənin cəzalarının ağırlığı yadıma düşür, bəla və narahatlığım mənə böyük görünür.»
4345. İmam Əli (ə): «İlahi! Mənimlə öz haqqı gözləməyinlə deyil, güzəştinlə rəftar et.»
4346. İmam Əli (ə): «Hər kim özünü Allahın haramlarından saxlasa, Allahın bəxşişi ona tərəf tələsər.
4347. İmam Əli (ə): «Ancaq Allah öz bəndələrini cürbəcür çətinliklərlə sınayır və müxtəlif sə‘ylərlə bəndəliyinə doğru çəkir. Bir çox çətinlik və narahatlıqlara mübtəla edir ki, bu yolla təkəbbürü qəlbindən çıxarıb təvazökarlığı ruhlarında qərar versin və onu öz fəzlinə doğru açılan qapıya və öz bağışlamağı üçün asan bir vasitəyə çevirsin.»
4348. İmam Sadiq (ə) (Həmişə deyərdi):–«İlahi! Sən güzəşt etməyə mənim cəza çəkməyimdən daha layiqsən.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild