Fatimeyi-Zəhranın (s.ə) Əlinin (ə) elçiliyinə cavabı
Həyat yoldaşı seçmək hər bir cavanın – istər qız olsun, istər oğlan – həyatının ən həssas mərhələlərindən biridir. Evlənmə, ərəgetmə - müştərək bir həyatın, birgə ömrün taleyinin seçilmə mərhələsidir, bir sıra qüvvətli nəsillərin tarixinin mühüm yaradıcı dayağı və sabahkı cəmiyyətin övladları, nəvələri, qurucuları üçün gələcəyin bünövrəsidir. Deməli, təbii olaraq, evlənmə, ərəgetmə məsələsi şəxsi, xüsusi bir iş çərçivəsindən çıxaraq ictimai-sosial və tarixi səciyyə daşıyır. Bu isə öz-özlüyündə aydındır ki, bir çox millətlərin taleyində, gələcək tarixində mühüm və taleyüklü rol oynayır.
Buna görə də layiqli həyat yoldaşı seçmək çətin işdir, xüsusilə də qızlar üçün o qədər də asan və sadə bir məsələ deyil. Əksinə, bu mühüm iş ölçülüb-biçilmiş əsaslar və qanunlar, əsrlərlə mövcud olan sabit dəyişilməz qaydalar üzərində qurulmalıdır. Bu işdə Allah eləməmiş, kiçicik bir xətaya, yanlış hərəkətə yol verilməməlidir. Deməli, bu barədə ən etibarlı üsul, sözsüz ki, İlahi qanunlarına, əbədi səma təlimlərinə əməl etməkdir. Bu qanun və təlimlər isə bəşər övladına öyrədir ki, ata və ana həm adi, həm də ümumi şəraitdə həmişə bu barədə övladlarından daha çox təcrübəlidir. Onlar daha çox canyananlıq və qayğı ilə, ani, ötəri hisslərə qapılmadan lazımi və düzgün qərar çıxara bilirlər. Buna görə də ata və ana ilə məsləhətləşmək, onların razılığını almaq qızların ərə getməsi üçün başlıca şərtlərdən sayılır. Bəziləri bunu gənclərin ən vacib və zəruri dini-bəşəri vəzifələri sırasında hesab edərək bu cəhəti nəzərə almamağın zərərli olduğunu göstərmişlər. Bununla belə nəzərə almaq lazımdır ki, bu icazə və razılıq da gərək düzgün və ağıllı, məntiqi və məqsədyönlü əsaslara söykənmiş olsun. Əgər ata və ana nadanlıq, düşmənlik, tərslik üzündən bu məsələyə zidd çıxsalar və ya bu hüquqlardan sui-istifadə edərək ağıllı dəlil gətirmədən yalnız qeyri-məntiqi şəxsi mülahizələrini əsas götürsələr, onda onların bu hüququ inkar edilir. Məhz buna görə də hər bir qız özü üçün layiqli, ürəyi istəyən həyat yoldaşı seçməsi məsələsində razılığı və sərbəstliyi müqəddəs İslam şəriətində mükəmməl şəkildə nəzərdə tutulmuş və bu barədə müsəlman qızlarına elə geniş hüquqlar verilmişdir ki, onların bənzərini heç bir başqa dində tapmaq mümkün deyil.
İlahi məramların nəzərə alınmasının əsasını qoyan, onları icra edən, səma qanunlarını yer üzündə yerinə yetirən kəramət sahibi Peyğəmbər (s) qızı Fatimənin (ə) özünə həyat yoldaşı seçməsini onun öhdəsinə qoydu və bu barədə kiçicik bir təzyiq belə göstərmədi. Qızın öz fikrini azad şəkildə bildirməsinə, İslam hüququna əməl etməsinə böyük ehtiramla yanaşdı ki, bu iş İslam cəmiyyəti və tarixi üçün bir nümunə olsun. Burada diqqəti cəlb edən bir mühüm cəhət var: Peyğəmbər (s) yaxşı bilirdi ki, Fatimənin (ə) ərə getməsi məsələsi ilə təkcə onun gələcəyinin taleyi yox, eyni zamanda bəşər cəmiyyətlərinin, İslamın gələcək nəsillərinin xeyir və əmin-amanlığı həll olunur.
İslam peyğəmbəri (s) indiyədək bir neçə qızını ərə vermişdi və heç zaman onların iradə və ixtiyarlarını əllərindən almamışdı. İslamın şücaətli, qoçaq əsgəri Əli bin Əbu Talib (ə) Zəhrayi-Mərziyyə (ə) üçün İslam peyğəmbərinin (s) yanına gəldikdə o həzrət buyurdu: "İndiyədək bir neçə nəfər də elçiliyə gəlmiş və mən şəxsən bu məsələ haqqında qızımla məsləhətləşmişəm. Amma o razı olmadığı üçün üzünü çevirmişdir. İndi də sənin elçiliyini ona çatdıraram.”
Peyğəmbər (s) qızı Zəhranın (ə) yanına getdi və məsələni əziz qızına açıb dedi. Zəhra əvvəlki dəfələrin əksinə olaraq bu dəfə üzünü döndərmədi və öz sükutu ilə razılığını anlatdı. Kəramət sahibi Peyğəmbər (s) "Allahu Əkbər” deyə-deyə bayıra çıxdı və qızının sükutunun razılıq –xoşluq əlaməti olduğunu bildirdi.”
Beləcə, Fatimə ilə Əli (ə) evləndilər. Bu evlənmə doğrudan da, iki nurun əsl qovuşması idi. Elə iki nurun ki, bir-birinin kənarında imamlığın parlaq günəşini bəşəriyyət üfüqündə ucaldaraq hər yerə işıq saçdılar...
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild