360. Sitayiş
1626. Sitayişin pislənilməsi
5727. Allahın Peyğəmbəri (s): «Mədhdən və sitayişdən çəkinin ki, bu baş kəsməkdir.»
5728. Allahın Peyğəmbəri (s): «Bir kişinin iti bıçaqla başqa kişiyə hücum etməsi, onu üzünə tərifləməsindən, onunçun daha yaxşıdır.»
5729 Allahın Peyğəmbəri (s): «Mədh və şişirdilmiş tərifləri xoşlamaq (mədh olunanı) dində kor və kar edər, evləri (əhlindən) boş qoyar.»
5730. Miqdad ibn Əmru: «Allahın Peyğəmbəri (s) bizə buyurmuşdu ki, mədh edənlərin üzünə torpaq səpək.»
5731. Əbu Musa: «Bir nəfər Peyğəmbərin (s) yanında başqa kişini tərifləyib təqdir edirdi. Allahın Peyğəmbəri (s) buyurdu: Bu sözləri ona çatdırma ki, onu öldürərsən. Əgər (bu tərif və sitayişləri) səndən eşitsə, nicat tapmaz.»
5732. İmam Əli (ə): «Ey camaat! Bilin ki, hər kim özü barədə yalan və nahaq sözdən incisə, ağlı yoxdur. Kim nadanın, özü haqda mədh və vəsfindən xoşhal olarsa, ağıllı deyil.
5733. İmam Əli (ə): «Tərifləyəndə müxtəsər, pisləyəndə də qısa et!»
5734. İmam Əli (ə): «İstəmirəm, hətta xəyalınızdan belə keçirsəniz ki, mən mübaliğəli tərifi, mədh və alqışları eşitməyi sevirəm. Allaha şükr ki, mən belə deyiləm. Əgər (fərzən) məni mədh edib öymələrini istəsəydim belə, bu istəkdən, əzəmət və böyüklüyə daha layiq olan Pak Allah qarşısında təvazökarlığa xatir əl çəkərdim. Ola bilər ki, camaat (bir işdə) əziyyət və zəhmətə dözdükdən sonra, mədh və tərifi şirin sansın. Ancaq siz məni mədh edib öyməyin. Çünki (sizin gördüyünüz kimi, özümü zəhmət və çətinliyə atmağım buna görədir ki) Allah və sizlər tərəfindən boynumda olan hüquqi mə'suliyyətdən özümü azad etmək istəyirəm. Bu elə bir hüquqdur ki, hələ də onları yerinə yetirməkdən asudəlik tapmamışam. Bunlar yerinə yetirilməli olduğum vacibat və vəzifələrdir. Mənimlə, dikbaş hökmdarlarla danışılan kimi danışmayın. Əsəbi hökmdarların hüzurunda edilən mühafizəkarlığı mənim yanımda etməyin və mənimlə riyakarcasına, yaltaqlıqla rəftar etməyin.»
5735. İmam Əli (ə) (Bir dəstə, yanında onu tərifləyərkən): «İlahi! Sən məni özümdən yaxşı tanıyırsan, mən də özümü onlardan yaxşı tanıyıram. İlahi! Bizi onların güman etdiklərindən daha yaxşı et. Onların barəmizdə bilmədiklərini də bizə bağışla.»
5736. İmam Səccad (ə): «Mömin sakit olar ki, sağ qalsın və söz danışar ki, xeyir götürsün… Əgər təmizliklə öyünsə, deyilənlərdən qorxar və bilmədikləri barədə Allahdan bağışlanmaq dilər. Onu tanıyanın (və ya tanımayanın) sözü onu aldatmaz, əməllərinin (axirətdə) sadalanmasından qorxar.»
1627. Başqalarını yersiz tərifləmək.
5737. Allahın Peyğəmbəri (s): «Ey Məsudun oğlu! Belə olmadığın halda, camaat səni tərifləyib «gündüzlər oruc tutur, gecələr ibadət edir» desə, sevinmə. Çünki Allah-taala buyurub: Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə təriflənməyi sevən kimsələrin əzabdan xilas olacağını güman etmə. Onları şiddətli bir əzab gözləyir.
5738. İmam Əli (ə): «Kim səndə olmayan şeylərə görə səni tərifləsə, əgər aqil olsan, bu (əslində) səni pisləməkdir.»
5740. İmam Əli (ə) (Malik Əştərə məktubundan bir hissə):«İbadət və düzlük əhlinə qoşul. Onları elə tərbiyələndir ki, səni öyməkdə mübaliğəyə yol verməsinlər və görmədiyin boş-boş işlərlə qəlbini şadlandırmasınlar. Çünki çox tərif xudpəsəndlik gətirər və dikbaşlığa, təkəbbürə çəkər.»
5741. İmam Baqir (ə) (Cabir ibn Yəzid Cufiyə): «Bil ki, bütün yerlilərin sənin əleyhinə əlbir olub "sən pis adamsan” deyəndə kədərlənməyənə, "sən yaxşı adamsan” desələr şadlanmayana qədər bizim dostumuzsan (ardıcıllarımızdan). Sən özünü Qur‘anla ölç. Onun yolunu gedirsənsə, səni e'tinasızlığa çağırdığı şeylərə e'tinasız, həvəsləndirdiyi şeylərə rəğbətlisənsə möhkəm dayan və şad ol! Çünki sənin barəndə deyilənlər sənə ziyan yetirməz. Yox əgər Qur‘andan ayrı olsan, nəyə görə camaatın yalanlarına aldanmalısan?»
5742. İmam Əskəri (ə): «Kim tərifəlayiq olmayan şəxsi tərifləyərsə özünü ittiham və bədgümanlığa tuş gətirmişdir.»
1628. Pis əməl sahiblərini tərifləməkdən çəkinmək
5743. Allahın Peyğəmbəri (s): «Pis əməl sahibi təriflənəndə ərş titrəyər və Allah qəzəbə gələr.»
5744. Allahın Peyğəmbəri (s): «Kim zalım hökmdarı mədh etsə və təmənnasına görə özünü onun qarşısında zəif göstərib alçaltsa, cəhənnəm oduna səfərdə ona yoldaş olacaq.»
1629. Özünü öyməyin qadağan olunması
Qur‘an:
«Kiçik günahlarından başqa, böyük günahlardan və rəzil əməllərdən çəkinənlər. Həqiqətən Rəbbinin (onlara qarşı) mərhəməti genişdir. O, sizi torpaqdan yaratdığı andan bəri, ananızın qarınlarında (bətnlərində) gizlin olduğunuz vaxtda belə sizin (halınızı) çox yaxşı bilir. Belə isə özünüzü təmiz saymayın. O, pis əməllərdən çəkinənlərin kim oldüğunu gözəl biləndir.»
Hədis:
5745. Allahın Peyğəmbəri (s): «Kim bütün insanlardan yaxşıyam» desə, insanların ən pisidir. Kim "mən cənnət əhliyəm” desə, o, cəhənnəmlikdir.»
5746. İmam Sadiq (ə) («Özünüzü pak sanmayın…» ayəsi haqda suala cavabından): «İnsanın "dünən gecə namaz qıldım, dünən oruc tutdum» və buna bənzər sözlər deməsi kimi. Həzrət sonra buyurdu: Bir dəstə var idi ki, onlar səhər açılan kimi deyirdilər: biz dünən gecə namaz qıldıq,oruc tutduq. Bu zaman Əli (ə) (kinayə ilə) buyurdu: Ancaq mən gecə-gündüz yatıram. Gündüzlə gecənin arasında da bir fürsət tapan kimi yenə də yatıram.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild