Ögey ana sıxıntısı – daha bir dərd
Bu qədər əzab və dərd burulğanında Fatimə (ə) üçün anasının ölümü və anasızlıq qəmi ilə bağlı daha bir çətinlik ortaya çıxdı. O nur və səfa evində ögey ana ilə bağlı çətinlik. Doğrudan da, ögey ana, hətta əgər ən mehriban ana olsa belə, hər hansı bir uşaq üçün çətin və dözülməzdir. Xüsusilə də, əgər o uşaq kiçik yaşlı, həssas qız olsa, bu daha da çətin olur. Fatimeyi-Zəhra (ə) da belə həssas, körpə qız idi. Bundan əlavə o, çox əzablar görmüş, incə qəlbli, düşüncəli, dərdbilən qız idi. Bu səbəbdən də ögey ana məsələsi onun üçün olduqca ağır və dözülməz çətinliklər törədir, ağrılı-acılı dərdlər yaradırdı.
Bu məsələdə diqqəti cəlb edən cəhət Fatimə (ə) ilə Allahın Rəsulunun (s) həyat yoldaşlarının – Fatimə üçün ögey ana olan qadınların arasında olan münasibətdir. Həmin ögey analardan bəzilərinin həssas qəlbli, tez inciyən Fatimə (ə) ilə rəftarları bəyəniləsi, ürəyəyatan deyildi. Bu, onların təbiətindəki qadınlığa xas xüsusiyyətlərindən irəli gəlirdi. Onlar bəzən ev mühitində Fatimə (ə) ilə səmimi rəftar etmir, onun qəlbinə toxunan hərəkətlərə yol verirdilər. bütün bu məsələlərin də əsas səbəbi o idi ki, onlar Peyğəmbərin (s) bu kamal və fəzilət sahibi qıza bəslədiyi dərin məhəbbətinə, sonsuz əlaqəsinə həsəd gözü ilə baxırdılar. Onlar mehriban atanın Fatiməyə (ə) olan bu sönməz məhəbbətini elə izləyirdilər ki, son nəticədə bu, qızın qəlbinin inciməsinə gətirib çıxarırdı. Təbiidir ki, bu düzgün olmayan rəftarlar Fatimənin (ə) həssas qəlbinə toxunur, onu yaralayırdı. Bəzən isə lap incə mətləblər də Fatimənin (ə) həssas qəlbinə təsir edir, onu sıxırdı...
Ərəgetmə astanasında
Nəhayət, bu cür acılar və çətinliklərlə dolu uşaqlıq dövrü ötdü və cavanlıq çağı yetişdi. Bəli, indi müxtəlif təcrübələr toplamış, ömrünün eniş-yoxuşunu arxada qoymuş, vücudunu əritmiş o ağır həyat sınaqlarından keçmiş Fatimə (ə) həyatının yeni bir mərhələsinə qədəm qoydu. Uşaqlıq illərində gördüyü əzab-əziyyətlər, ağrılar-acılar onu mətinləşdirmişdi. O, bütün bu çətinlikləri, ağır məsələləri Pərvərdigarına bəslədiyi iman və etiqad, ümid və təvəkkül işığında bir-birinin ardınca həll etdi. Bütün imtahan və sınaqlardan üzüağ, başıuca və güclü çıxdı, uşaqlıq illərində üzləşdiyi bütün əzab-əziyyətlərdən, ağrılı dərdlərdən xilas oldu, səbr və dözümlə, güclü iradə ilə, bənzərsiz ağlı və tədbirləri ilə bütün çətinliklərə yol tapdı, hər məsələnin düzgün həlli yollarını aradı və nəhayət, ərəgetmə yaşına, yeni həyat mərhələsinə, yeni həyatına şərik seçmə dövrünə çatdı...
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild