Kişinin öz valideyninə yaxşılıq etməsi, həyat yoldaşına
yaxşılıq etməsinin rəmzidir
Layiqli kişilərin xüsusiyyətlərindən biri də budur ki, öz ata-anasına qarşı mehriban olsun, onların övladı böyüdüb boya-başa çatdırmaqdakı çəkdiyi üzücü əziyyətlərini, zəhəmətlərini unutmasın, xüsusilə qocalıq çağlarında onların fəryadına yetişsin. Çünki bu anlarda valideyn çox həssas olub övladın məhəbbət dolu nəvazişlərinə son dərəcə ehtiyac duyurlar. Dindar övladlar bu mərhələdə tam bacarıq və imkanları ilə ata-anaya xidmət etməklə onların zəhmətləri qarşısında təşəkkür etməlidir. Çünki ata-anaya edilən yaxşılıq tovhidi qəbul etdikdən sonra vacibatın və dini göstərişlərin ən mühümüdür. Belə ki, bu işdən boyun qaçırtmaq Allaha şərik qoşmaqdan sonra ən böyük günahlardandır. Bu kitabın birinci bölməsində valideynin hüquqları barəsində bəhs edildiyindən həmin məsələni burada təkrar etmirik, amma valideynə ehsan etməyin ailə saxlamaqla olan rabitəsi ilk baxışda lüzumsuz görünür, amma bu barədə lazımi qədər təfəkkür etdikdən sonra bu iki məsələnin qarşılıqlı münasibəti tam aşkar olur. Çünki bir şəxsin öz ata-anasının çəkdiyi zəhmətlər qarşısında təşəkkür etməklə onların unudulmamasına, özünün yaxşı əməlləri ilə bacardığı qədər onların məhəbbətlərinin əvəzini çıxmasına və ata-ananın pak atifələrini özünə cəlb etməsinə səbəb olan amillər yalnız iman və təşəkkür etmək ruhiyyəsidir. Əgər övlad vəfadar və dindar olarsa, öz ata-anasının çəkdiyi zəhmətlərə təşəkkür etmək, ehsan etmək ruhiyyəsini heç vaxt unutmaz və özünün imkanı artdıqca ata-anasının çəkdiyi zəhmətləri bir o qədər yüksələcək, ata və analıq ehsasatlarını beləliklə gücləndirəcəkdir. Əksinə əgər övlad nankor olsa, ayıq vicdana və insaniyyət duyğularına malik olmasa, dini görüşlər onun təfəkkürünə hakim kəsilməsə, bu halda ata-ananın bütün qəm-qüssələrini, çəkdiyi zəhmətləri görməməzliyə vurur, onların zəhmətlərinin haqqının yerinə yetirilməsinə çalışmır, üstəlik onları günbəgün daha da qəmli-qüssəli edir. Onun nankorluq ruhiyyəsi ata-anasının valideynlik duyğularını yaralayır. Beləliklə də həm onların şərif xatirlərini pərişan və qəmli edir, həm də öz bədbəxtliyinə və giriftarlığına zəmin yaradır. Həyat yoldaşı da evdə zəhmət çəkir, uşaqları tərbiyə edir, ərinin rahatlığı və asayişi üçün lazım olan vasitələri hazırlayır, onun gətirdiyi qonaqlara xidmət edir, qəm-qüssədə, narahatlıqlarda onunla şərik olur, evin bütün işlərini, hətta bir neçə nəfərlik işləri təklikdə yerinə yetirir, nəticədə bütün varlığı ilə özünü ərinə təslim edir və onun istəklərini yerinə yetirir. Belə olan halda əgər bir kəsin dindarlığı onların ata-anasının qarşısına təşəkkür etməsinə səbəb olursa və onun çəkdiyi zəhmətləri unutmursa, burada da həmin amil səbəb olur ki, kişi öz həyat yoldaşına qarşı mehriban olsun, onun çəkdiyi zəhmətlər müqabilində təşəkkür etsin, onun vi təmiz saxlamasını, uşağa baxmasını, qonaqlara xidmət etməsini, pak məhəbbətlərini görməməzliyə vurmasın, öz insani atifə və eşq-məhəbbəti ilə ər-arvad məhəbbətini onda artırsın. Amma öz valideynlərinin üzücü zəhmətlərini nəzərə almayan, onların, xüsusilə ananın hamiləlik dövrlərindəki fədakarlıqlarını yada salmayan və məzlum insanların ruhunu incidən bir şəxsdə, təbiidir ki, insani duyğular yoxdur. Belə şəxsdə özünün zəhmətkeş, vəfadar həyat yoldaşına qarşı vəfalı olmayacaq, onun yaxşılıqlarını, səmimiyyətlərini nəzərə almayacaqdır. İmam Riza (əleyhissalam) buyurur: "Hər kəs ata-anasının zəhmətlərinin qədrini bilməsə, onların üzücü zəhmətlərini unudub təşəkkür etməsə (təkcə həyat yoldaşı və xidmətçilərə deyil, həm də) Allah taalaya təşəkkür eməmişdir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Yaxşı kişilərin xüsusiyyətlərindən biri də budur ki, öz ata-analarına qarşı mehriban və ehsan edən olsunlar. Həzrət başqa bir hədisdə buyurur: "Qiyamət günü ən alicənab şəxs odur ki, öz valideynlərinə qarşı ehsan və ehtiram etmiş olsunlar. Bu fəslin axırında qeyd edirik ki, insan öz qızı üçün həyat yoldaşı seçməkdə onun öz valideynləri ilə rəftarını nəzərə almalıdır: əgər o, öz valideyninə qarşı yaxşı rəftar edibsə, şübhəsiz, layiqli və qədirbilən bir ər olacaqdır. Qızlara tövsiyə olunur ki, ər evinə getdikdən sonra ərinin onun öz valideynlərinə qarşı atifələrini yenidən canlandırsınlar ki, öz dini vəzifələrindən əlavə, ərin ata-anasının məhəbbət dolu qəlblərini özlərinə cəlb etsinlər və beləliklə də onların zəhmətləri müqabilində təşəkkür etmiş olsunlar.
Kitabın adı: İslamda evlənmə və ailə hüququ - 2