Ağla, qərənfil, ağla
Qərənfil şəhid qanı
Ağla qərənfil ağla!
Ağla inlət meydanı
Ağla qərənfil ağla!
Cavanlara qıydılar
Tanklar altda qoydular
Qanını içib doydular
Ağla qərənfil ağla!
Abşeron — qan dənizim.
Sən — mənim ağlar gözüm,
Ağla qərənfil, ağla!
Uzaq mənzil, acı yol,
Yoldu, yol, əlacı yol!
Şəhidlərə bacı ol;
Ağla qərənfil, ağla!
Kərbəla — qan çöllərə,
Puç olan qönçələrə,
Nazənin incilərə,
Ağla qərənfil, ağla!
Bəxti asılan qıza,
Hünəri aslan qıza
Toyu yas olan qıza
Ağla qərənfil, ağla!
Ağla, ürək boşalsın,
Ünün göyə baş alsın.
Ağla, dağlar yumşalsın,
Ağla qərənfil, ağla!
Bu təklənmiş şirlərə,
Bu arxasız ərlərə,
Bu talesiz nərlərə,
Ağla qərənfil, ağla!
Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara,
Ağla qərənfil, ağla!
Bu bədənsiz qollara,
Bu uçunan yollara,
Bu yiyəsiz qullara,
Ağla qərənfil, ağla!
Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya,
Ağla qərənfil, ağla!
Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara,
Ağla qərənfil, ağla!
Xeyrə şər üstün gəldi,
İniltili gün gəldi…
Ağlamalı gün gəldi,
Ağla qərənfil, ağla!
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.