İbadətə maddi meyarlarla verilən qiymət
İbadətlərin, xüsusilə ən üstün və bariz ibadət nümunələrindən
olan namazın hikmət və fəlsəfəsi, bu ibadətlərin maddi faydalarından daha
üstündür. Alimlərin və ariflərin dili ilə desək, onlar hər bir ibadəti ərş aləminə
giriş qapısı hesab edirlər. Daha dəqiq desək, ibadət insanı maddi aləmdən
ayıraraq üns və məhəbbət aləminə aparır. Belə ki, həqiqi ibadət insanın ruhunu
qidalandıraraq onu bəşərin ən böyük ümidi olan mənəvi yaxınlığa çatdırır və"Namaz
möminin meracıdır”- ifadəsi əməldə gerçəkləşir.
İbadət Xaliq və məxluq, məbud və qul arasında olan bir rabitə,
həmçinin məhbub və həbib arasında olan bir ünsiyyət və aşiqin məşuqla vüsalıdır.
Bəzi insanlar hiss və təcrübələrinə arxalanaraq həqiqət aləminə
maddi yöndən baxıb ona qiymət vermək istəyir, lakin yanılırlar.
İbadətin ruhi camalı, mənəviyyatın həqiqi fəlsəfəsi, iman
nuru və Yaradanla olan rabitə, elmi hesablamalarla və ya fəlsəfi miqyaslarla
ölçülə bilməz.
İbadətin bir çox maddi faydalarına və təbii mənfəətlərinə, həmçinin
fiziki xeyirlərinə baxmayaraq mənəviyyatın ucalığı, əxlaqın gözəlliyi və ərş aləminə
yaxınlaşmaq əsl hədəf olaraq birinci yerdə durur.
Kitabın adı: Namazın hikmət və sirləri