Peyğəmbər (s) buyurdu: "Allaha şükr olsun. Mən hələ bu on iki dirhəm kimi bərəkətli dirhəm görməmişdim! Bu pul hesabına iki çılpaq geyindi, bir insan qulluqdan azad oldu.”
Peyğəmbərdən (s) beş əxlaq proqramı
İmam Baqir (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Beş şeyi ölənədək tərk etmərəm: yun libas geyməyi, palansız ulağa minməyi, qullarla birlikdə xörək yeməyi, çarığımı öz əlimlə tikməyi, uşaqlara salam verməyi. Qoy bu beş şey məndən sonra sünnə olsun.”
Peyğəmbər (s) əxlaqına xatir İslamı qəbul edən yəhudi
İmam Musa Kazim (ə) cəddi Əmirəl-möminindən (ə) belə nəql edir: Bir yəhudinin Peyğəmbərdən (s) bir neçə dinar alacağı vardı. Peyğəmbərdən borcunu istədi. Peyğəmbər (s) buyurdu: "Borcunu ödəyə bilmirəm.” Yəhudi dedi: "Əgər verməsən səni buraxmayacağam.” Həzrət buyurdu: "Onda qoy yanında əyləşim.” Peyğəmbər (s) günorta və əsr, məğrib və işa, sübh namazını həmin yerdə qıldı. Peyğəmbərin səhabələri hadisədən xəbər tutub yəhudini cəzalandırmaq istədilər. Həzrət buyurdu: "Nə etmək istəyirsiniz?” Dedilər: "Ey Allahın rəsulu, bir yəhudi səni həbs etsinmi?” Həzrət buyurdu: "Rəbbim məni zimmə əhlinə sitəm üçün göndərməyib.” Gün başa çatanda yəhudi dedi: "Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh.” O öz sərvətinin bir hissəsini din yolunda bağışladı. Peyğəmbərə (s) dedi: "Ey peyğəmbər, and olsun Allaha səni belə incitməkdə bir məqsədim vardı: doğurdanmı Tövratda deyilən sənsən? Mən Tövratda oxumuşdum ki, Məhəmməd ibn Abdullahın doğum birliyinə və sənin risalətinə şəhadət verirəm. Buyur sərvətimin yarısını, onu Allah buyurduğu yolda xərclə.”
Yoxsulun ehtiyacını ödəmək üçün qazancsız borc
İmam Sadiq (ə) atası imam Baqirdən (ə) belə nəql edir: Bir yoxsul peyğəmbərin hüzuruna gəlib ondan kömək istədi. Peyğəmbər (s) buyurdu: "Ona qazancsız borc verən varmı? Ənsardan olan bir şəxs ayağa qalxıb dedi: "Mən belə bir borc verərəm.” Peyğəmbər (s) buyurdu: "Bu yoxsula dörd qab xurma ver.” Ənsardan olan kişi Peyğəmbərin (s) buyuruğunu yerinə yetirib kişiyə dörd qab xurma verdi. Bir müddət sonra peyğəmbərin yanına gəlib borcunun ödənməsini istədi. Həzrət buyurdu: "İnşaəllah, ödənər.” Bir müddət ötdü. Həmin şəxs yenidən Peyğəmbərə (s) müraciət etdi. Peyğəmbər (s) yenə də əvvəlki cavabı verdi. Üçüncü dəfə peyğəmbərdən eyni cavabı eşidən kəs "bu inşaəllahlardan mənə çox dedin” söylədi. Həzrət gülümsündü və buyurdu: "Qazancsız borc verəcək biri varmı?” Bir şəxs qalxıb öz hazırlığını bildirdi. Peyğəmbər (s) buyurdu: "Bu şəxsə səkkiz qab xurma ver.” Ənsardan olan kişi yalnız dörd qab götürmək istəsə də, Peyğəmbər (s) ona əlavə dörd qab verdi.”
Yoxsullarla bir süfrədə
İmam Sadiq (ə) atasından belə nəql edir: Peyğəmbər dövründə yoxsulların ev-eşiyi olmadığından onlar məscidlərdə gecələyirdilər. Bir gecə Peyğəmbər (s) məsciddə minbərin kənarında bir yoxsulla əyləşib iftar etdi. Peyğəmbərin (s) vücudu bərəkətindən həmin qabdan otuz nəfər yeyib doydu. Onlar qalan yeməyi
zövcələrinə apardılar.
Zöhd və qənaət
İmam Riza (ə) atasından belə nəql edir: "Həzrət Peyğəmbər (s) buyurdu: "Bir mələk yanıma gəlib dedi: "Ey Məhəmməd! Rəbbin sənə salam göndərdi. Buyurdu ki, əgər istəsə Məkkənin geniş səhrasın onun üçün qızıla döndərərəm.” Peyğəmbər (s) Allah dərgahına üz tutub dedi: "Pərvərdigara! Bir gün tox qalıram ki, sənə şükr edim, bir gün ac qalıram ki, sənə ağız açım!”
Heyrətamiz təvazö
İbn Abbas deyir: Peyğəmbər (s) daim döşənəcəksiz yerdə oturar, torpağın üstə yeyər, özü qoyun sağar, qulların bir süfrədə oturmaq üçün dəvətini qəbul edərdi.
Xalqa görə pərişanlıq
Həzrət Peyğəmbərin (s) dövründə Səffə əhli arasında yoxsul bir mömin vardı. O cəmiyyət namazını tərk etmir, bütün namazlarında peyğəmbərə iqtida edirdi. Peyğəmbər ona qayğı göstərib ehtiyaclarını öyrənmək istədi. Həzrət buyurdu: "Ey Səd! Əgər əlimə bir şey düşsə sənin ehtiyacını ödəyərəm.” Amma bir müddət keçsə də peyğəmbərin imkanları dəyişmədi və bu hal onun nigarançılığını artırdı. Mehriban Allah peyğəmbərin Sədə canıyananlığını görürdü. Cəbraili iki dirhəm pulla ona doğru göndərdi. Cəbrail gəlib buyurdu: "Allah sənin Sədə görə pərişanlığından xəbərdardır. Sədin ehtiyacını ödəmək istəyirsən?” Həzrət buyurdu: "Bəli.” O dedi: "Al bu iki dirhəmi ona ver, de ki ticarətlə məşğul olsun.”
Həzrət iki dirhəmi alıb günorta namazına görə evdən çıxdı. Həmin vaxt Səd bir hücrədə dayanıb peyğəmbəri gözləyirdi. Peyğəmbər (s) onunla görüşüb buyurdu: "Ticarəti xoşlayırsanmı?” Səd dedi: "Xoşlayıram, amma sərmayəm yoxdur.” Həzrət iki dirhəmi ona verib buyurdu: "Bu pulla ticarət et, Allahın ruzisindən qazan.” Peyğəmbər (s) namazdan sonra Sədə buyurdu: "Get ticarətə başla, sənə görə narahatam.”
Səd peyğəmbərin göstərişi ilə ticarətə başladı; o bir dirhəmə alıb iki dirhəmə satırdı. Onun iki dirhəmə aldığını xalq həvəslə dörd dirhəmə alırdı. Beləcə, Səd çətinlikdən çıxdı, var-dövlət sahibi oldu. Məscidin yaxınlığında özünə yer edib alverə məşğul idi. Belə ki, Bilal azan dedi, Peyğəmbər (s) namaza dayandı. Səd isə hələ də alış-verişə məşğul idi. Artıq onun dəstəmaz alıb məscidə gəlməyə vaxtı yox idi. Bəli, Səd həmin Səd deyildi!
Bir gün Peyğəmbər (s) Sədə buyurdu: "Ey Səd! Dünya səni elə məşğul edib ki, peyğəmbərlə namazdan məhrum olmusan! Əvvəlki halın hara getdi?” Səd dedi: "Nə edim, var yoxumu çölə atım? Birinə satıram, gərək pulunu alam. O birindən alıram, gərək pulunu verəm.” Sədin vəziyyəti peyğəmbəri qəmləndirdi. Bu qəm-qüssə əvvəlkindən daha böyük idi!
Cəbrail Peyğəmbərin (s) hüzuruna gəlib dedi: "Ey Məhəmməd! Allah sənin Sədə görə pərişanlığından xəbərdardır. Sədin əvvəlki günləri sənə xoşdur, yoxsa indiki günləri?” Peyğəmbər (s) buyurdu: "Əvvəlki halı daha yaxşı idi. İndi elə bir vəziyyətdədir ki, dünyası var, axirəti əldən çıxıb.” Cəbrail dedi: "Bəli, dünyaya, var-dövlətə bu sayağ eşq fitnədən başqa bir şey deyil və insanı axirətdən məhrum edər. Sədə verdiyin iki dirhəmi geri al. Belə etsən əvvəlki halına qayıdacaq.” Peyğəmbər (s) evdən çıxıb Sədin yanına getdi və ona mehribancasına dedi: "Ey Səd! Sənə verdiyim iki dirhəmi istəyirəm? Səd dedi: "Mən iki yüz dirhəm verərəm! Həzrət buyurdu: "Ey Səd, mən iki dirhəmdən başqa bir şey istəmirəm!” Səd iki dirhəmi peyğəmbərə təqdim etdi. Həmin vaxtdan başlayaraq alveri kasadlanmışdı. Belə ki, nəyi vardısa əlindən çıxdı və əvvəlki vəziyyətinə qayıtdı.
Xalqın naşükürlüyü müqabilində daha çox yaxşılıq
İmam Musa Kazim (ə) atası Əmirəl-möminindən (ə) belə nəql edir: Allahın rəsulu ardıcıl şəkildə və çox ehsan edərdi. Amma ehsanı gözdə bilinməzdi. O Qüreyşə, ərəbə və əcəmə böyük ehsanlar etmişdi. Biz Əhli-beyt (ə) də çox ehsan etmişik. Yaxşılığımıza görə təşəkkür olunmayıb. Seçilmiş möminlər də bizim kimidir.
Bəndəlik zirvəsi
Əbu Bəsir imam Sadiqdən (ə) nəql edir: Həzrət Peyğəmbər (s) daim bəndə sayağı yeyər, qul tək yerdə oturar, bəndə olduğunu unutmazdı.
Həmişəlik şəfa
İmam Sadiq (ə) buyurur: "Bədəvi bir qadın yoldan ötərkən peyğəmbərin torpaq üstə əyləşib təam yediyini gördü. Peyğəmbərə (s) dedi: "Ey Məhəmməd! And olsun Allaha qul kimi oturub, qul kimi yeyirsən.” Peyğəmbər (s) buyurdu: "Vay sənin halına məndən daha çox qul olan kimdir?!” Qadın dedi: "Yediyindən mənə də bir tikə ver!” Həzrət ona təam təklif etdi. Qadın dedi: "Yox, ağzına qoyduğun tikəni çıxar ver!” Həzrət ağzına qoyduğu tikəni çıxarıb qadına verdi. Qadın həmin tikəni yedi. O ömrünün sonunadək xəstəlik üzü görmədi.
Əsilzadələrə hörmət
Hatəm Tai ərəb döyüşçülərindən, xalqa mehriban ən səxavətli adamlardan idi. O gündə bir dəvə kəsib yoxsullar üçün süfrə açardı. Bütün bu işləri səmimi qəlbdən yerinə yetirərdi. Hatəm İslam peyğəmbərinin bərəkətli dövrünədək yaşamadı. Dünyasını dəyişdikdən sonra qəbiləsinə başçılıq oğlu Ədinin üzərinə düşdü. Ədi də öz növbəsində atası kimi səxavətli idi. Nəql edirlər ki, bir gün bir şəxs ondan yüz dirhəm pul istədi. Ədi dedi: "And olsun Allaha, sənin istədiyin çox azdır, çox istəməsən verməyəcəyəm!” Bir gün bir şair Ədini mədh etdi. Ədi dedi: "Səbr et, sənə bir şey bağışlayım sonra mədh edərsən.”
Hicrətin doqquzuncu ili Peyğəmbər (s) Əmirəl-mömininin (ə) başçılığı ilə dəstə göndərib Hatəmin məxsus olduğu Tey qəbiləsini İslama dəvət etdi. Onlar Əmirəl-mömininlə savaşa qalxdılar və bu savaşda məğlub oldular. Tey qəbiləsindən olan insanların böyük bir hissəsi əsir düşdü. Ədi Şama qaçdı. Amma onun Səffanə adlı bacısı əsir götürüldü.
Peyğəmbər (s) əsirlər haqqında hökm vermək üçün məscidə gəldi. Hatəmin qızı ayağa qalxıb dedi: "Ey Allahın rəsulu! Atam dünyasını dəyişib, himayəsində olduğum qardaşım Şama qaçıb. Mənə minnət qoy, azad et.” Həzrət Peyğəmbər (s) Hatəmin qızına dəyərli libaslar bağışlayıb onu hörmətlə Şama yola saldı.
Bacısının belə bir ehtiramla yola salındığını görən Ədi yerində donub qaldı. Bacısı peyğəmbərin rəftarından danışdı. Ədi soruşdu: "İndi bizim vəzifəmiz nədir?” Bacısı dedi: "Yaxşı olar ki, tələsib onun görüşünə gedəsən. Əgər peyğəmbərsə iman gətirərsən, padşahsa izzətə çatarsan "
Ədi yubanmadan Mədinəyə üz tutdu. Peyğəmbərlə görüşüb kimliyini dedi. Peyğəmbər (s) onu evinə dəvət etdi. Yolda qoca bir qadın Peyğəmbərin qarşısını kəsib ondan ehtiyaclarının ödənməsini istədi. Qadın kobud danışır, peyğəmbərə əziyyət verirdi. Peyğəmbər (s) də onu səbirlə dinləyir, ehtiram göstərirdi. Ədi düşündü ki, padşahlar bu sayaq rəftar etmir. Evə çatdıqları vaxt Peyğəmbər (s) Ədini kilim üstə oturtdu, özü torpaq üstə əyləşdi. Ədi dedi: "Mən kilim üstə oturmuşam, siz torpaq üstə, bu məni narahat edir.” Həzrət buyudu: "Sən bizim qonağımızsan!” Sonra həzrət buyurdu: "Nə üçün İslama iman gətirmirsən, yoxsa yoxsulluğumuza və düşmənimizin çoxluğuna görə? Şübhəsiz, dünya belə qalmaz.” Ədi səmimi qəlbdən iman gətirdi. Həmən vaxtdan başlayaraq peyğəmbər əhli-beytinin (ə) müdafiəçilərindən oldu və ömrünün sonunadək büdrəmədi. Ədi Cəməl, Siffeyn, Nəhrəvan döyüşlərində Əmirəl-mömininlə (ə) çiyin-çiyinə dayandı.
Cəməl savaşında bir gözünü itirdi. Onun üç oğlu düşmənlərlə vuruşda şəhadətə çatdı.
Heyrətamiz səbr
Ənəs ibn Malik deyir: Bədəvi bir ərəb peyğəmbərin hüzuruna gəlib çox qaba rəftar etdi. O peyğəmbərin əbasından tutub elə çəkdi ki, əba peyğəmbərin boynunda iz saldı. Sonra dedi: "Əmr et, ixtiyarındakı Allah malından mənə bağışlasınlar!” Həzrət ona təbəssümlə baxıb, hədiyyə verdi.
Ümmətlə xoş rəftar və müdara
Həzrət Peyğəmbər (s) din qardaşlarından birini üç gün görmədikdə onun haqqında soruşurdu. Səfərdə və şəhərdə olanda da onun üçün dua edir, xəstə olduqda yoxlayırdı.
Kitabın adı: Əhli-beyt (ə)