Peyğəmbər (s)-a ən sevimli kəslər
Əhli-beyt (ə) Allahın ən sevimlisi olduğu kimi, peyğəmbərin də ən sevimlisdir. Çünki peyğəmbər yalnız Allahın sevdiklərini sevir. Peyğəmbərin təvəlla və təbərrası Allahın təvəlla və təbərrasıdır. Peyğəmbər Allaha görə dost bilir, Allaha görə düşmənçilik edir. Əhli-beytin (ə) Peyğəmbər (s) sevimlisi olması onların Allaha sevimli olmasının daha bir dəlilidir.
Ümmü-Sələmədən nəql olunur ki, bir gün Peyğəmbər (s) əyləşmişdi, Fatimə (s.ə.) yemək gətirdi. Peyğəmbər (s) buyurdu: "Əli və onun iki oğlu haradadır?” Fatimə (s.ə.) dedi: "Evdə.” Peyğəmbər (s) buyurdu: "Onları mənim yanıma dəvət et.” Əli (ə), xanım Fatimə (s.ə.) Həsən və Hüseyn (ə) Peyğəmbərin (s) yanına gəldilər. Onları görən Peyğəmbər (s) yataqdakı əbasını götürüb onu Əli, Həsən, Hüseyn, Fatimə ilə birlikdə üstünə çəkdi. Həzrət dedi: "Pərvərdigara! Bunlar mənim əhli-beytim (ə), mənə ən sevimli olanlardır. Hər cür çirkinliyi onlardan uzaq et. Onları tam paka çıxar.” Bu vaxt ayə nazil oldu: "Həqiqətən, Allah siz Əhli-beytdən (ə) hər cür çirkinliyi uzaqlaşdırmaq, sizi layiqincə paklaşdırmaq istəyir.”
Əmirəl-möminin (ə) buyurur: "Bir dəstə adam Peyğəmbərin (s) yanına gəlib dedi: "Ey Allahın rəsulu! Sənə ən sevimli olan kimdir?” Peyğəmbər (s) buyurdu: "Bu iki övlad və onların anası. Onlar məndəndir, mən də onlardan. (Peyğəmbər iki barmağını bir-birinə yaxınlaşdırıb əlavə etdi:) Bunlar behiştdə mənimlə bu vəziyyətdədirlər.”
Kitabın adı: Əhli-beyt (ə)