Ana həmişə irəlidirmi?
Düzdür ki, ananın övlad barəsində qatlaşdığı zəhmətlər ataya nisbətən təbii olaraq artıqdır və övladların müxtəlif üzücü, ağır zəhmətlərinə, əzab-əziyyətlərinə, xüsusilə hamiləlik və doğuş zamanı dözmək analar üçün son dərəcədə çətindir. Amma atalar təbiət və xilqət cəhətindən daha çox təfəkkür və təəqqül məziyyətlərinə malik olduğundan, onların hərəkətləri, mühakimə yürütməsi ehsasatlardan (emosiyalardan) uzaq olduğuna görə, övladların xeyir və mənfəətlərini anadan daha yaxşı dərk edirlər, onu xatırladırlar. Müqəddəs İslam şəriətində ata övladların qəyyumu hesab olunaraq onların üzərində vilayət və ixtiyar sahibidir. Amma ana belə bir imtiyazdan, azacıq vilayət və ixtiyar sahibi olmaqdan məhrum olmuşdur. Bu cəhətdən İmam Baqir (əleyhissalam)-dan nəql olunan hədisdə atanın hüququ ən yüksək bir hüquq kimi təqdim edilir:
Bir nəfər Peyğəmbərin hüzuruna gəlib soruşdu. "Kişilər üzərində haqqa malik olmaq cəhətdən kimin hüququ daha artıqdır? Həzrət buyurdu: Atanın haqqı bütün haqlardan daha üstündür.” O qadın yenə soruşdu: "Qadınlar üzərində haqqa malik olmaq cəhətində kimin haqqı daha üstündür?” Həzrət buyurdu: "Onun ərinin haqqı.” Diqqət yetirin ki, bu hədisdə atanın hüququ hüquqların ən yüksək və üstünü kimi hesab olunmuşdur. Həmçinin, qızlar, nə qədər ki, ərə getməyiblər, atanın onlar üzərindəki haqqı bütün haqlardan yüksəkdir, amma ərə getdikdən sonra ərinin haqqı daha irəlidir. Rəsuli Əkrəmin qadının kişi qarşısında olan vəzifə və borclarının bütün vəzifə və borclardan irəli saldığı bu hədis o vaxt məna tapır ki, qızlar ərə getmiş olsunlar. Əks halda isə atalıq haqqı irəlidir. 25-ci hədisdə qeyd olunduğu kimi, əgər qızın ərə getməsi ona münasib olmayıb mənafeyinin, məsləhətinin əksinə olarsa, ata nikah əqdini poza bilər. Ondan başqa heç kəsin, hətta anasının belə bir haqqı yoxdur. Bu hədisdə 5-ci İmam ən böyük hüquq və vilayət haqqının ataya məxsus olduğunu qeyd etmişdir, halbuki, ananın belə hüququ və ixtiyarı yoxdur. Başqa bir hədisdə Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) atanın şəxsiyyətini qoruyub məqamını hifz etmək barədə buyurur: "Övladların vəzifələrindən biri də budur ki, ata onların yanına gəldikdə ehtiram əlaməti olaraq öz yerindən qalxsın, hətta hökmdar olsa belə.”
Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın bu sözündən ata şəxsiyyətinin təzimlə yad edilməsi və ehtiram qoyulması onun hüququnun ananın hüququndan bu cəhətdən üstün olmasını çatdırır. Həmçinin, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) də atanın hüquqlarını elə bu hədisin oxşarı olan bir hədisdə bəyan edərək övladlara əmr edir ki, heç vaxt ondan qabaq yol getməsinlər, ondan qabaq oturmasınlar, həmişə danışığında atanın şəxsiyyətini nəzərə alsınlar. Qeyd olunan hədis və rəvayətlərdən başa düşmək olur ki, ananın övlad yolunda çəkdiyi zəhmətlər, göstərdiyi fədakarlıqlar son dərəcədə ağırdır. Öz canının şirəsi ilə övladını böyüdüb boya-başa çatdıran, onun şəxsiyyətini formalaşdıran və cəmiyyətə layiqli, ürəyiyanan bir fərd təqdim edən məhz anadır. Çünki ana elə bir varlıqdır ki, onda övlada qarşı ülvi hisslər, məhəbbət, mehribanlıq daha artıqdır. Buna əssasən, o atadan daha artıq atifəyə, məhəbbətə, əxlaqa və insaniyyətə ehtiyaclıdır. Bu cəhətdən övladların borcu budur ki, atalarına qarşı olan hisslərə nisbətən anaya qarşı eşq, məhəbbət, ülvi və atifi hisslərdə daha artıq səy göstərsinlər ki, onun qəlbi sınmasın. Digər tərəfdən də atanın övlad üzərində vilayət ixtiyarına malik olduğuna, övladın mənafe və məsləhətlərində xas bir görüş və tədbirlə, müsbət və təsirli rol oynadığına, övladların səadətinə zəmanət verdiyinə, bu səadətə daha yaxın və münasib yolları ayırd edə bildiklərinə görə, məhz bu səbəbə görə atanın hüququ ananın hüquqlarından irəlidir. Hər halda əməlisaleh və dərrakəli övladlar o qədər ağıllı hərəkət və rəftar etməlidirlər ki, ata-ananın heç birinin qəlbini sındırmasınlar, onları özlərindən həmişə razı salsınlar, ailənin bütün üzvləri qarşıya çıxan bütün problem və müşküllərlə yanaşı, elə səfa-səmimiyyətlə yaşasınlar ki, sanki bir bədənin müxtəlif üzvləridir və onların bir-birindən ayrılması qeyri-mümkündür. İnşallah!
Kitabın adı: İslamda evlənmə və ailə hüququ