"Ümmətin parçalanması "hədisi iki firqəyə görə
Bəzi şiə və əhli-sünnə alimləri "Ümmətin parçalanması" hədisinin mütəvatir olduğunu bildirmişlər:
1. Muqbili - "əl-Elm əş-şamix". O, deyir: "Ümmətin yetmiş üç firqəyə parçalanması ilə bağlı hədislər çoxdur. Belə ki, onların bəzisi digərlərini gücləndirir. Nəticədə onun mənasının həyata keçəcəyinə şübhə qalmır".
2. Məhəmməd ibn Əqil - "Təqviyə əl-iman". O, yazır: "Ümmətin yetmiş üç firqəyə bölünməsi hədisi müxtəlif yollarla nəql olunmuşdur. Əksər hədis alimləri onu nəql etmişlər. Bəzi rəvayətlər digərlərinin doğruluğuna inam yaradır".
3. Süyuti - "əl-Came əs-səğir".
4. Kəttani - "Nəzm əl-mütənasir min əl-hədis əl-mütəvatir".
5. Seyid Nemətullah Cəzairi - "əl-Ənvar ən-nömaniyyə".
Həqiqi, yoxsa məcazi məna
Bu hədislərin hansı mənanı daşıdığı haqqında bir neçə ehtimal irəli sürülmüşdür:
1. 71, 72 və 73 rəqəmləri həqiqi mənada işlənmişdir. Həqiqətən, İslam peyğəmbərinin (s) ümməti bu qədər firqəyə bölünmüşdür. Buna görə də bəzi müəlliflər bu firqələri saymağa, hər birinin etiqadlarını, adlarını müəyyənləşdirməyə çalışmışlar.
2. Məqsəd həqiqi rəqəmlərdir. Amma hələ tamamlanmamışdır. Həzrət Mehdinin (əc.) zühurunadək vaxt var və bu rəqəm tamamlanacaq.
3. Bu rəqəmlər məcazi mənada işlənmişdir və mübaliğə üçündür. Çünki ərəblər yetmiş rəqəmini mübaliğə üçün işlədirlər. Quranda Peyğəmbərə (s) müraciətlə buyurulur: "(Ya Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı doğru yola yönəltməz!” ("Tövbə”, 80) Bəllidir ki, burada məqsəd bağışlanma diləməyin şişirdilməsi, mübaiğəsidir. Hədisdə ona əlavə olunan "üç" rəqəmi isə parçalanmanın daha çox olacağını göstərmək üçündür və göstərmək istəyir ki, İslam ümmətində parçalanma öncəki iki ümmətə nisbətdə daha çox olacaq.
Kitabın adı: Haqqın izi ilə
Müəllif: Əli Əsğər Rizvani