275 Baş ucalığı
1278. Baş ucalığının mənası.
Quran:
«Möminləri qoyub kafirləri dost tutanlar izzət və qüdrəti onlardamı axtarırlar? Şübhəsiz ki, izzət və qüdrət tamamilə Allaha məxsusdur!»
Hədis:
4220. İmam Əli (ə): «Allahdan qeyrisinin vasitəsilə əziz olan zəlildir.»
4221. İmam Əli (ə): «Bil ki, Allahın müqabilində zəlil olmayan kimsə izzət sahibi deyil. Allah qarşısında əyilməyən heç vaxt ucalmaz.»
4222. İmam Əli (ə): «Səbr kimi başucalığı yoxdur.»
4223. İmam Səccad (ə): «Hökm sahibinə (Allaha) tabe olmaq başdanbaşa izzətdir.»
4224. İmam Sadiq (ə): «İzzət ondadır ki, boynuna haqq gələndə onun müqabilində zəlil və müti olasan.»
1279. Baş ucalığına səbəb olanlar.
4225. «Biharul Ənvar»: Allah-taala Həzrəti Davuda (ə) vəhy etdi: «Ey Davud! Mən ... izzəti özümə itaətdə qərar verdim. Ancaq camaat onu sultana itaətdə axtarır və buna görə də tapa bilmir.»
4226. Loğman (ə) (öz övladına öyüdlərindən):–«Dünyada başıuca olmaq istəyirsənsə, camaatda olanlardan tamahını üz. Çünki peyğəmbərlər və siddiqlər öz tamahlarını sildiklərinə görə həmin məqamlara çatmışlar.»
4227. İmam Əli (ə): «Təğvadan yüksək heç bir başucalığı yoxdur.»
4228. İmam Əli (ə) (Münacatında):–«İlahi! Sənə bəndə olmağımın izzəti mənə yetər. Sənin mənim Allahım olmağının fəxri mənə bəs edər.»
4229. İmam Əli (ə): «Bilin ki, kim camaatla insafla rəftar etsə, Allah-taala onun yalnız izzətini artırar.»
4230. İmam Əli (ə): «Qane olun ki, əziz olasınız.»
4231. İmam Baqir (ə): «Gözü camaatın əlində olmamaq möminin dini izzətinə səbəb olar.»
4232. İmam Baqir (ə): «Allah-taala yalnız üç yoldan qeyri vasitə ilə müsəlmanın izzətini artırmaz: ona zülm etmiş şəxsi əfv etmək, ona (nəyisə verməyi) əsirgəyənə bağışlamaq və ondan qırılan kimsəyə birləşmək.»
4234. İmam Sadiq (ə): «Hər kim eli-obası olmadan izzət sahibi, malı-sərvəti olmadan ehtiyacsız olmaq və qüdrəti olmadan heyrətli, əzəmətli olmaq istəyirsə, Allaha qarşı günah işlətməyin rüsvayçılığından itaətin izzətinə keçməlidir.»
4235. İmam Sadiq (ə): «Öz qəzəbini söndürən (udan) elə bəndə olmadı ki, Allah onun dünya və axirətdə izzətini artırmamış olsun.»
4236. İmam Əskəri (ə): «Elə bir izzət sahibi olmaz ki, haqdan əl çəkdikdən sonra zəlil olmasın. Elə bir zəlil və aciz olmaz ki, haqqı tapdıqdan sonra əziz və qüdrətli olmasın.»
1280. İzzətin davamlılığının səbəbləri.
4237. İmam Baqir (ə): «İzzətin davamlılığını tamahını öldürməkdə axtar.»
4238. İmam Sadiq (ə): «Tənhalıq və camaatdan uzaq gəzmək, izzət və ehtiramı, onlara yaxın olmaqdan daha çox qoruyub saxlayar.»
Kitabın adı: Mizanul – Hikmət (xülasəsi) 2-ci cild