Fərdlərə və əşyalara etinasız yanaşamaq, lazım olan yerdə tərif və tənqid dilindən məhrum olmaq, ya mərifətsizlik, ya bədniyyətlilik və ya qərəzçilik və fəziləti gizləmək nişanəsidir.
Əbdürrəhman Sami adlı bir müəllim şəhidlərin sərvərinin övladlarından birinə "Fatihə” surəsini öyrədirdi. Uşaq İmamın hüzurunda surəni çox kamil şəkildə qiraət etdiyi zaman İmam Hüseyn (əleyhissalam)-ın çox xoşu gəldi. Müəllimi təşviq və Quranı öyrətmək məqamını təqdir etmək üçün göstəriş verdi ki, o Quran müəlliminə mükafat və böyük xələt versinlər, özü isə ona faxir və qiymətli libaslar bağışladı və bahalı dürr əta etdi.
Dardüşüncəli şəxslərdən biri buna etiraz etdi və Quranın bir surəsi müqabilində bu bəxşişi və mükafatı böyük və həddindən çox saydı. Deyəsən etiraz edən şəxs bu məsələni bazar, al-ver qiyməti ilə müqayisə etdi. Ancaq elm və Quran evində böyümüş şəhidlərin sərvəri elmin, mərifətin və Quranın əzəmətini nəzərə aldı və belə buyurdu: "Axı bu miqdarda hədiyyə hardan onun təlim haqqını ödəyə bilər?” Sonra o, səxavəti, bəxşişi tərif və xəsisliyi məzəmmət edən bu şerləri oxudu:
"Dünya öz səxavət əlini sənə uzadanda, sən də dünyada səxavətli ol;
Sərvət əlindən çıxmamış sən də bütün insanlara qarşı həssas ol.
Bil ki, dünya sənə xoş üz göstərəndə, səxavət sərvəti məhv etmir.
Əgər dünya sənə arxa çevirsə, xəsislik sərvəti saxlaya bliməz. ”("Mənaqib”, 4-cü cild səh.66 (Qum Elmiyyə Hövzəsinin çapı).)
Kitabın adı: İmam Hüseynin (ə) əxlaqi görüşləri