İslam tərbiyəsi qanunları
Əgər valideynlər uşağın düzgün tərbiyə olunmasında çalışıb İslamın tərbiyə qayda-qanunları ilə tanış olsalar və bu qaydalardan istifadə etsələr bir çox çatışmazlıqlar, o cümlədən irsi və ruhi müşküllər həll olunar. Başqa sözlə, əgər uşaqda müəyyən səbəblərə görə daşürəkli olmaq zəminəsi yaranarsa, bunu aradan aparmaq üçün düzgün və səhih İslami tərbiyə mühüm amildir. Belə ki, insanın yoldan çıxmasına hətta pozğun mühit, pis yoldaş, dinsiz müəllim və s. təsir edə bilmir.
Beləliklə, tərbiyə əsas amildir ki, ona çox diqqət etmək lazımdır.
Validenylər İslamda tərbiyə qaydalarını öyrənməklə yanaşı uşağın müxtəlif yaş dövrlərində bu qaydaları həyata keçirməlidirlər.
Həqiqəti axtarmaq
Qeyd olundu ki, körpə anadan olandan sonra ilk hiss və qərizəsi aclıq və ya toxluğu duymaqdır. Həqiqət axtarmaq və elm öyrənmək də başqa qərizələrdəndir ki, əvvəlkindən sonra yaranır və uşağın başqa qərizələri zaman keçdikcə aşkar olur. Valideynlər isə öz növbəsində uşaqlarının qərizə və istedadları ilə yaxşı tanış olaraq qiymətləndirməli, onları ilahi təlimlərdən ilham almaqla düzgün İslam tərbiyəsi altında qərar verməlidirlər. Qərizələrin düzgün tərbiyə olunma üsullarından biri də uşaqlarımızın təbii və fitri qərizə hissiyyatlarının müəyyən vaxtda yaranması sahəsinə qədəm qoymaq və onların qeyri-təbii qərizələrinin baş qaldırıb, güclənməsinə səbəb ola biləcək işlərdən özümüzü qorumaqdır. Məsələn, uşaqlar həddi-büluğa çatmazdan əvvəl cinsi səhnələrlə rastlaşmamalı, onların yanında bu mövzuda söhbət olunmamalı, həyəcanlandırıcı şəkil və filmlərə baxmamalıdırlar. Əks halda onlar vaxtından erkən büluğa yetməyə düçar olacaqlar. Başqa sözlə, təbii yaşdan aşağı yaşlarda baliğ olacaqlar ki, bu da onların bir sıra istedadlarının aradan getməsinə səbəb olacaqdır. Bu zaman onların zehin və hafizəsinə də ziyan dəyir. Bundan əlavə bir çox insani və mənəvi xüsusiyyətlərini də əldən verirlər.
Buna görə də psixoloqlar təkid edirlər ki, uşaqların qərizələri adi və təbii həddən tez əmələ gəlməməli və yaranarsa da tənzim olunmalıdır. Beləliklə, uşağın şad və xoşhallığını, onun qərizə və hissiyyatlarının ölməməsi ya yoldan çıxmaması üçün, həmişə qorumaq lazımdır.
Dinə olan meyllər
Uşaq yaşları, hətta körpəlikdən hökmən diqqət yetirilməli olan mühüm qərizələrdən biri də onların dinə olan meylləridir. Artıq hamı üçün məlumdur ki, insan fitrətən dinə meyl adlı qərizəyə malikdir. Əzəmətli Quran bu qərizənin fitri olmasını "Rum” surəsinin 30-cu ayəsində aşkar surətdə buyurmuşdur.
Buna görə də valideynlər uşaqlarını kiçik yaşlarından namaz qılmağa təşviq edərək onları bu istəqamətdə rəğbətləndirməlidirlər. Əlbəttə, təşviq zamanı məhəbbət və mülayim mehribanlıqdan istifadə etmək lazımdır. Belə ki, uşaqlar zor gücünə, əxlaqsızlıq və əsəbiləşməklə deyil, öz xoşları və təbii surətdə namazqılan olmalıdırlar.
Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri