Sual 161: Yemək yeyərkən nələr məkruhdur?
Cavab: Tox halda yemək, çox yemək, yemək zamanı başqalarının üzünə baxmaq, qaynar yemək, yeməyi və içkini üfürmək, süfrəyə çörək qoyulduqdan sonra başqa şeyləri gözləmək, çörəyi bıçaqla kəsmək, çörəyi yemək qabının altına qoymaq, əti sümükdən tam təmizləmək, meyvəni soymaq, meyvəni tam yeməmiş atmaq.
Sual 162: Su içərkən nələr məkruhdur?
Cavab: Suyu çox içmək, yağlı xörəkdən sonra su içmək, gecə ayaq üstə su içmək, sol əllə su içmək, qabın sınıq yerindən və tutacağı tərəfdən içmək.
Sual 163: Su içərkən nələr müstəhəbdir?
Cavab: Suyu soraraq içmək, gündüz suyu ayaq üstə içmək, su içməzdən qabaq «Bismillah» sonra isə «Əlhəmdulillah» demək, suyu üç nəfəsə içmək, susayıb içmək, suyu içdikdən sonra İmam Hüseyn (ə) və onun əhli-beytini yad etmək və onların qatillərinə lənət oxumaq.
Sual 164: Nəzir nədir?
Cavab: İnsan özünə vacib edir ki, Allah xatirinə bir xeyir iş görsün və ya Allah xatirinə bəyənilməmiş bir işi tərk etsin.
Sual 165: Hansı nəzirlər düzgün deyil?
Cavab: Beş halda edilən nəzir batildir:
1. Məcburi şəkildə nəzir etmək;
2. Əsəbi şəkildə ixtiyarsız olaraq nəzir etmək;
3. Ərdən icazəsiz qadının nəzir etməsi;
4. Mümkünsüz işləri nəzir etmək;
5. Haram və məkruh işin görülməsinin, vacib və müstəhəb işin tərk edilməsinin nəzir olunması.
Sual 166: And neçə növdür?
Cavab: And iki növdür?
1. Yaxşı bir işə görə içilən and. Məsələn, oruc tutmaq.
2. Pis bir işi tərk etmək üçün içilən and. Məsələn, siqareti tərk etmək.
Sual 167: Hansı andları pozduqda kəffarə vermək vacibdir?
Cavab: Bilərəkdən ixtiyari şəkildə andı pozmağın kəffarəsi var. Andını pozan şəxs ya bir bəndə azad etməli, ya on fəqiri doydurmalı, ya da üç gün oruc tutmalıdır.
Sual 168: Həqiqi andın neçə şərti var?
Cavab: And içən şəxs həddi-büluğ, ağıllı olmalı, şəri hakim ona öz malını sərf etməyi qadağan etməməlidir. And məqsədi və azad şəkildə içilməlidir.
Hansı işin görüləcəyinə and içilirsə, həmin iş haram və ya məkruh olmamalıdır. Vacib və ya müstəhəb bir işi tərk etmək üçün and içmək olmaz.
Allahın müqəddəs zatından qeyrisinə and içmək olmaz. Məsələn: «And olsun Allaha!».
Andı yazmaq və ya qəlbdən keçirmək olmaz. And dilə gətirilməlidir. Amma lal adam işarə ilə and içə bilər. Anda əməl etmək mümkün olmalıdır.
Sual 169: And içmək nə dərəcədə düzgündür?
Cavab: Doğrudan and içmək məkruh, yalandan and içmək isə haram və böyük günahdır. Amma insan özünü və ya bir müsəlmanı zalımın şərindən qurtarmaq üçün and içərsə, eybi yoxdur. Bəzən belə hallarda and içmək vacib olur.
Sual 170: Vəqf nə deməkdir?
Cavab: Vəqf müsəlmanın sahib olduğu bir şeyi öz mülkündən çıxararaq, birdəfəlik ümumi istifadəyə verməsidir. Vəqf edərkən vəqf siğəsi oxumaq vacib deyil. Vəqf edən şəxsin «bu şeyi vəqf etdim» deməsi kifayətdir. Vəqfin öz təyinatı var. Məsələn, hüseyniyyə üçün vəqf olunmuş xalçanı məsciddə istifadə etmək olmaz.
Kitabın adı: 200 sual-cavab
Müəllif: Fəyyaz Rəfiq