Sual 71-80
Sual 71: Görünməyən Allaha necə iman gətirək?
Cavab: Yer üzünü nə qədər nəzərdən keçirsək, daş-torpağı labaratoriyada analiz etsək, cazibə adlı qüvvəni görə bilmərik. Amma ağacdan almanın düşməsi sübut edir ki, belə bir qüvvə var. Demək, bir şeyin varlığına inanmaq üçün onu görmək şərt deyil. Cazibə qüvvəsi heç bir hiss üzvü ilə qeydə alınmasa da onun təsirləri göz qabağındadır.
Sual 72: Quran nəzərincə, başqalarına nə dərəcədə kömək etməliyik?
Cavab: Quran buyurur ki, bütün yardımlarınızın mükafatı var. Həm az, həm də çox köməyin əvəzi var. Bəzən suya atılmış bir sarı yarpaq bir dəstə qarışqa üçün gəmi olur. Küçədə qoyulmuş avtomat telefonla danışmaq üçün kağız pul kara gəlmədiyi kimi, bəzən başqalarının da böyük yox, çox kiçik köməyə ehtiyacı olur. Yaranı bağlamaq üçün adyal yox, bir qarış cuna kifayətdir. Böyük nasosun görə bilmədiyi işi kiçik şpris görür.
Hədisdə oxuyuruq: "Heç bir yaxşılığı kiçik saymayın ki, ola bilər bu yaxşılıq köməyinizə çatsın. Heç bir günahı kiçik hesab etməyin ki, ola bilər bu günah sizi süquta uğratsın. Futbol topuna batan xırda mıx bütün oyunu saxlaya bilər. Yerə düşmüş yemiş qabığı ən güclü pəhləvanı yerə yıxmaqla şikəst edib, evdə oturda bilər.
Sual 73: Nə üçün günahkarlar Qurandan faydalana bilmir?
Cavab: Əgər bir gölməçəyə insan meyiti düşsə, uzun müddət yağış yağmasına baxmayaraq bu gölməçədən üfunət çəkilməyəcəkdir. Demək, üfunətli suya qatışan pak yağış suyu təsirsiz olur.
Quran rəhmət yağışı olsa da kafirlərin çirkin qəlbini paka çıxarmır. "İsra” surəsinin 82-ci ayəsini oxuyuruq: "Biz möminlər üçün şəfa və mərhəmət olan Quran ayələri nazil edirik. Bu ayələr zalımların ziyanını artırır.”
İnsan qəlbindəki tərslik suya düşmüş murdar kimidir. Hər ayə nazil olanda kafirlər daha çox müqavimət göstərir, daha çox inadkar olurlar.
Sual 74: Yuxu vaxtı cisim və ruh hansı vəziyyətdə olur?
Cavab: Quranda buyurulur: "Allah ölüm zamanı insanların canını alır, ölməyənlərin canını isə yuxuda çıxarır.”
Bəzən sürücü öz maşınını dayanacaqda saxlayır, bəzən isə yol kənarında işlək vəziyyətdə qoyub, işinin ardınca gedir. Hər iki halda sürücü maşında olmasa da, ikinci halda maşın işlək vəziyyətdədir.
Yuxu vaxtı ruh cisimdən uzaqlaşsa da, cisim işlək vəziyyətdədir. Ölüm vaxtı isə cisim "söndürüldükdən” sonra ruh ondan birdəfəlik uzaqlaşır.
Sual 75: Allah mərhəmətlidirsə, nə üçün bəndələrini cəzalandırır?
Cavab: Ağzı möhkəm tıxaclanmış butulkanı dünyanın ən böyük okeanına atsanız, bu butulkaya bir damla su daxil ola bilməz. Həmin butulka ilə su götürmək istəyən insan özünü, yoxsa okeanı məzəmmət etməlidir?!
Bəzi insanlar bütün xilas qapılarını bağlayıblar. Onlar nə düşünmək, nə ibrət götürmək, nə həqiqəti dinləmək, nə də haqqa boyun əymək istəyir. Quran təbirincə onlar daşdan da bərkdirlər. İnsanı imandan məhrum edən, İlahi rəhmətin azlığı yox, özünün qapalı olmasıdır.
Sual 76: Dini göstərişlər bir-birlərinə bağlıdırlarmı?
Cavab: Ayə və rəvayətlərdən məlum olur ki, bütün dini göstərişlər bir-birlərinə bağlıdırlar. İyirmidən çox ayədə "namaz” və "zəkat” sözləri yanaşı işlədilir. Rəvayətdə buyurulur ki, zəkatsız namaz qəbul deyil.
Bəli, Allahla rabitə (namaz) və xalqla rabitə (zəkat) qoşa qanad kimidir. Mənəvi təkamül üçün qoşa qanad zəruridir.
Peyğəmbər (s) namaz qılanların zəkat ödəməsinə çox diqqət verərdi. Bir çox dini göstərişlər yalnız tam halda qəbul olur. Məsələn, həcc əməlləri yalnız başa çatmaqla qəbul olur. İftar vaxtından bir dəqiqə qabaq açılan oruc da məqbul deyil.
Sual 77: İbadət dedikdə yalnız namaz və oruc nəzərdə tutulur?
Cavab: Allahın razılığını qazanmaq məqsədi ilə görülən bütün işlər ibadətdir. Körpə qızcığazı yaxşı işlərə həvəsləndirmək üçün ona sırğa almağınız da ibadətdir.
Mütaliəyə məşğul olan müəllimin məqsədi pul qazanmaqdırsa, bu mütaliə ibadət deyil. Amma bu müəllimin Allaha xatir mütaliə etdiyini düşünüb ona həvəslə xörək hazırlayan aşpaz ibadətlə məşğuldur.
Bəli, günü kitabxanada keçən insan cəhənnəmə, mətbəxdə ömrünü başa vuran aşpazın behiştə getməsi mümkündür.
Sual 78: Quranda "İlahi sünnətlər” dedikdə nə başa düşülür?
Cavab: Parlamentdə çıxarılan qanunlar iki növdür: Qanunların bir qismi parlament quruculuğuna, digər bir qismi isə cəmiyyətin quruculuğuna aid olur.
Allahın da qanunlarının bir qismi özünə, digər bir qismi isə insanlara aid olur. Allahın özü üçün təyin etdiyi qanunlar, məsələn, hidayət, hesab, ruzivermə, himayə, rəhmət qanunları İlahi sünnət adlanır.
İnsanlar üçün təyin olunmuş qanunlar isə əhkam adlanır.
Sual 79: Çürümüş bədənlər qiyamət günü necə diriləcək?
Cavab: Bir neçə misala nəzər salaq:
1. Nehrəyə bir qədər qatıq və su töküb çalxalayın. Yağ dənəciklərinin bir yerə yığışdığını görəcəksiniz. Allah da yeri hərəkətə gətirməklə əzaları bir yerə toplayacaqdır.
2. İnsanın yarandığı nütfə müxtəlif qidalardan zərrə-zərrə toplanır. Torpaqdakı maddələr buğdanın meyvənin canına sovrulur, sonra insan orqanizminə keçib nütfəni formalaşdırır. Demək, insan torpaq zərrələrindən vücuda gəlir.
3. Məgər mal-qaranın əti və südü yediyi otlardan yaranmırmı?! Otdan süd çıxaran Allah ölünü torpaqdan çıxara bilməzmi?
Sual 80: İnsanı bircə günah məhv edə bilərmi?
Cavab: Bəzən kiçik bir virus insanın bütün orqanizmini iflic edir. Bir çınqıl yüz mərtəbəli binanı kömür parçasına döndərir. Bir an paxıllıq insanı qətlə vadar edir. Bir anlıq vəzifəyə tamah insanın əlini imamın qanına bulayır. Adətən hər adi günah daha böyük günah üçün şərait yaradır. "Qazandığı günahlarla əhatə olunan insanlar cəhənnəmlikdirlər.”
Həya pərdəsi yırtıldıqdan sonra günah etmək asanlaşır. "Kumeyl” duasında oxuyuruq: "Allahım, ismət pərdəsini yırtan, paklığı viran qoyan günahlarımı bağışla.”
Kitabın adı: Məsəllər
Müəllif: Möhsin Qəraəti