Sual 21-30
Sual 21: Əmr be mə`ruf və nəhy əz münkərin (islah tədbirlərinin) tə`siri yoxdursa, nə etməli?
Cavab: Daha tə`sirli danışmaq qabiliyyəti olan şəxsdən xahiş edin ki, bu işi yerinə yetirsin. Allah-taala həzrət Musaya Fir`onun islahını əmr edəndə Musa daha üstün bəyanı olan qardaşı Harunu köməkçi istədi.
Bə`zən bir tərzdə deyilən söz tə`sirsiz olduqda başqa bir tərzdə təkrarlandığı vaxt tə`sir edir. Quru ağacı qırmaq üçün bir neçə balta zərbəsinə ehtiyac olur. Qur`anda buyurulur: "Tə`sirli olsun deyə, biz Qur`anda sözümüzü müxtəlif şəkillərdə bəyan etdik."
Sözün tə`sirində deyim tərzinin rolu var. Əmr be mə`ruf və nəhy əz münkərin şərtlərinə görə hər insana söz deməyin öz yolu var.Əgər paltarınız toza bulaşmışsa onu çırpmaqla təmizləmək asan olar. Əgər hisə batmış paltarı çırpsanız həm əliniz qaralar, həm də his paltara yayılar. Qur`anda buyurulur: "Evlərə qapılardan daxil olun.”
Eləcə də, xalqı günahdan çəkindirmək üçün onlara halal yol açmaq lazımdır. Həzrət Lut evindəki qonaqlara təcavüz etmək istəyənlərə öz qızları ilə evlənməyi təklif etdi.
Sual 22: Bu gün dünyada inteqrasiya (əlaqə saxlama) güclənirsə, "nə şərq, nə də qərb” deməyimiz düzgündürmü?
Cavab: "Nə şərq, nə də qərb” şüarını deməkdə məqsəd öz dinimizin, öz mədəniyyətimizin, öz iqtisadiyyatımızın əsas götürülməsidir. Müsəlmanlar dünyanın heç bir qüdrətli dövlətindən asılı olmamalı, şərqin kommunizm, qərbin kapitalizm xəstəliklərindən qorunmalıdır. Amma elmi və iqtisadi inkişaf üçün heç bir məhdudiyyət yoxdur. İslam Peyğəmbəri buyurur: "Çində də olsa elm ardınca gedin.”Əgər istidən və soyuqdan, oddan və buzdan qədərində istifadə olunsa, faydalı olar. İstidən faydalanaq, amma yanmayaq. Soyuqdan faydalanaq, amma donmayaq. Şərqdən və qərbdən istifadə edək, amma özümüzü itirməyək.
Sual 23: İnsan "la ilahə illəllah” cümləsini deməklə necə xilas ola bilər?
Cavab: Belə bir xilas haqqında danışan hədislərdə təkcə dil hərəkəti nəzərdə tutulmur. Hədisin ərəbcə bəyanı belədir: "qulu la ilahə illəllahu tuflihu.”."Tuflihu” "cücərmə” mə`nasındadır. Əkinçiyə ərəbcə "fəllah” deyilir. Çünki o, toxumların cücərməsi üçün çalışır. İstənilən bir toxumun torpaqdan cücərməsi üçün üç şərt var:
1. Kök torpağın dərinliyinə işləməlidir.
2. Kök qida maddələrini sormalıdır.
3. Cücərmə üçün toxumun üst fəzası açıq olmalıdır.
Tövhid fəzasına ucalmaq istəyən insan da əqidəsini dərin məntiqlə möhkəmlətməli, inkişaf üçün zəruri olan bütün imkanlardan faydalanmalı, qarşıdakı maneələri aradan qaldırmalıdır.
Sual 24: Necə demək olar, cəhənnəm əzabına dözərəm, amma Allahdan ayrılığa dözmərəm?
Cavab: Övladını görmək üçün yolun isti-soyuğuna dözərək bir məntəqədən o birinə səfərə çıxmış ana deyir:”Yolun isti soyuğuna dözərəm, amma övladımın ayrılığına yox!” Həzrət Əli (ə) "Kumeyl” duasında deyir: "Xudaya! Əzabına səbr edərəm, bəs ayrılığına necə səbr edim?”
Sual 25: Cinsi ehtiras, şəhvətə qarşı nə edək?
Cavab: Bu meyli Allah yaratdığı üçün onu birdəfəlik boğmaq düzgün deyil. İnsan nəslinin davamı üçün zəruri olan bu meylə, sadəcə, nəzarət etmək lazımdır. İştaha olmasa, insan acından ölər, qəzəb olmasa yaşamaq uğrunda mübarizə olmaz şəhvət olmasa, insan nəsli kəsilər. Amma ehtirası halal yolla tə`min etmək lazımdır. Ehtiras qaz balonu kimidir. Düzgün istifadə edilsə fayda verər, nəzarətsiz qalsa partlayışa səbəb olar.Bəzənib-düzənmə qadınlar üçün təbii istəkdir. Əgər qadın evdə öz həyat yoldaşı üçün bu işi görərsə, ailədə məhəbbət artar. Amma qadının bəzənib küçəyə çıxması ailənin möhkəmliyini sarsıdır. Küçədə yüzlərlə bəzənmiş qadınlarla rastlaşan kişi öz həyat yoldaşına qarşı biganə olur.Subay insanlar isə ehtirası oyadan mənzərələrlə qarşılaşdıqda psixoloji rahatlığını itirir, şam tək yanır. Gördüyü mənzərələrdən ehtirası alovlanmış insanların bə`ziləri özünü cilovlaya bilir, bə`ziləri isə hətta cinayət yolu ilə də olsa, bu ehtirası söndürməyə çalışır. Ehtirası alovlanmış bə`zi gənclər evdən qaçır, özünü öldürür, müxtəlif cinsi xəstəliklərə yoluxur.
Sual 26: İnsan nə dərəcədə azaddır?
Cavab: Allah insanı azad yaratmış və ona seçim imkanı vermişdir. Bə`ziləri deyirlər ki, insan özünü azad hiss etsə də, əslində məcburdur. Amma insanın azad olduğunu sübut edən dəlillər çoxdur. Bu dəlillərdən bə`zilərini xatırlayaq.
1. İnsan çox zaman qarşısındakı iki yoldan hansını seçmək barədə düşünür və nəhayət, bu yollardan birini seçir. Bu seçim azaddır.
2. Bə`zən insanlar bir-birlərini tənqid edərək hansısa işdən çəkindirirlər. Demək, insan bir işi görə də bilər, bu işdən çəkinə də bilər.
3. Hər bir insan hansısa sözlərinə və işlərinə görə peşman olur, "ey kaş, belə olmayaydı” deyir. Demək başqa cür də rəftar etmək olarmış!
4. Əgər uşaqlar ailə, müəllim, tərbiyəçi vasitəsi ilə tərbiyə olunursa, demək, doğru yolu tuta bilər.
Bəli, tərəddüd, tənqid, peşmanlıq və tərbiyə azadlığın dəlilləridir. Azadlıq təkcə insanların yox, eləcə də, heyvanların istəyidir. Qəfəsə salınmış quş çox vaxt yeməkdən imtina edir, xəstə görkəm alır.
Hətta behiştdə də ən böyük ne`mətlərdən biri azadlıqdır. Behiştə daxil olan mö`minlər həmin azadlığa görə Allaha təşəkkür edərlər (bax: "Zümər”, 74).
Bununla belə insan öz Allahının göstərişlərinə əməl etməlidir. Sərhəd bilməyən azadlıq, azğın nəfsə itaət insanı fəlakətə aparır. Ağılın təsdiq etmədiyi azadlıq başqalarının haqlarına təcavüzdür.
Sual 27: Bir zərrə şirk və riyakarlıq qatqısı olan əməl nə üçün qəbul olunmur?
Cavab: Allah buyurur ki, ən üstün şərik mənəm, həm mənə, həm də başqasına görə görülən əməldə öz payımı mənə şərik edilənə verirəm, əməlinizin savabını ondan alın.
Bəli, istənilən bir kəsi və istənilən bir şeyi Allahla yanaşı tutmaq Allahın məqamını alçaltmaqdır. Əgər sizə desələr ki, həm sizi, həm də üstündə durduğunuz daşı sevirik, bu sözlər sizi alçaltmazmı?! Əgər sizi qonaq çağırıb, süfrə arxasında öz itləri ilə yan-yana oturtsalar, sizə də pişiklərinə də eyni yeməkdən versələr, alçalmazsınızmı?Bundan əlavə, Allah göstərişlərinin məqsədi insanın təkamülüdürsə, şirk və riyakarlıq insanı süquta uğradır. Öz taleyində Allahdan başqasını tə`sirli bilməklə insan bütün xeyir əməllərini puça çıxarır, kiçik bir siçan böyük toy qazanına düşməklə onu zaya çıxardığı kimi.Bir dəfə sərnişinləri təyyarəyə mindikdən sonra hamını yenidən yerə düşürdülər. Bildirdilər ki, xidmətçi təyyarədə siçan görüb və bu siçan tapılana qədər uçuş baş tutmayacaq. Demək, kiçik bir siçan nazik bir naqili gəmirməklə təyyarəni süquta uğrada bilir. Bu siçanı şirkə bənzətsək onun qıra biləcəyi sim Allahla bəndə arasındakı rabitəyə uyğun gələr.
Sual 28: Allah hamıya məhrəm olduğu halda, namazda örtünməyi vacib edən nədir?
Cavab: Geyim yalnız naməhrəmə görə yox, həm də ədəbə görədir. İnsanlar, adətən evdə sadə geyinir, evə qonaq gəldikdə isə ehtiram göstərərək paltarlarını dəyişirlər. Daha böyük məclislərə də`vət olunanlar xüsusi geyim geyirlər.Ərlə arvad, valideynlə övlad bir-birlərinə məhrəm olsalar da qarşılıqlı hörməti qorumaq üçün geyimsiz qalmırlar. Elə bu məqsədlə də namaz vaxtı kamil geyim şərt sayılır.
Sual 29: Ruhumuzun, daxili tutumumuzun böyüməsi üçün nə edək?
Cavab: Həzrət Əli (ə) buyurur: "Ruhunda Allah əzəmətli olan şəxs üçün başqa hər nə varsa cılızdır.”
Yer üzündə olduğumuz vaxt bir hektar torpaq bizə böyük görünür. Amma təyyarədən baxdıqda onun kiçik olduğunu müşahidə edirik. Dünya banklarının hesabına nəzər saldıqda xəzinəmizdəki pul əhəmiyyətsiz görünür. Əgər bütün yaranmışların Allaha oxuduğu həmd-sənanı nəzərdən keçirsək, dediyimiz zikrlərin kiçikliyini anlayarıq.
İmam Səccaddan (ə) soruşdular: "Nə çox ibadət edirsən?” Həzrət buyurdu: "Mənim ibadətim hara, Əlinin ibadəti hara!”
Allah Qur`anda öz peyğəmbərinə buyurur ki, keçmiş peyğəmbərlərin çətinliklərini yada sal ki, sənin üçün asan olsun. Bəli, insan keçmiş ilə qürrələnməməli, qarşıdakı yol haqqında düşünməlidir.
Sual 30: Hansı günahlar bağışlanmır?
Cavab: Allah kiçik günahların bağışlanacağını və`d etsə də, bu günahları təkrarlamaq olmaz. Rəvayətdə oxuyuruq: "Kiçik günahlardan çəkinin.
Çünki insan kiçik günahlardan bir o qədər də utanmadığından bu günahları təkrarlayır və tövbə barədə düşünmür.
Əgər borclu şəxs borcunun azlığını əsas tutaraq verdiyi borcu tələb edən şəxsi qınasa, borc verən həmin pulu bağışlamaz. Amma böyük miqdarda borcu olan insan borc verən şəxsdən üzr istəyib xəcalət çəksə bu borc ona bağışlana da bilər. Bəli, insan dikbaşlıqla yox, peşmanlıqla bağışlanır.
Kitabın adı: Məsəllər
Müəllif: Möhsin Qəraəti