Sual 91-100
Sual 91: Münafiq kimdir?
Cavab: İnsanlar dörd qismə bölünür:
1. İman gətirib, saleh əməl edən möminlər.
2. İmansız və saleh əməlsiz kafirlər.
3. İman gətirdiyi halda, saleh əməldən uzaq olan günahkarlar.
4. İman gətirmədiyi halda, özünü saleh göstərən münafiqlər. Yalan, hiylə, riyakarlıq nifaqın bir növüdür.
Sual 92: Möminlər arasında münasibət necə olmalıdır?
Cavab: İslam peyğəmbəri (s) buyurub: "Mömin möminin güzgüsüdür.”
Güzgü kimi, bir-birimizin həm gözəl, həm də nöqsanlı cəhətlərini görək.
Güzgü kimi hər şeyi olduğu kimi böyüdüb kiçiltmədən göstərək.
Güzgü kimi insanlarla üz-üzə durub danışaq, xəlvətdə yox.
Sevirəm ki, dostlar bir ayna kimi.
Hər zaman üzümə deyə eybimi.
Min dilli daraq tək gəzib xəlvəti,
Nə pisdir edələr tük-tük qeybəti.
Güzgü kimi başqalarının nə deyəcəyini düşünməyək.
Güzgü kimi özümüzü toz-torpaqdan qoruyaq.
Eyb göstərdiyi üçün güzgünü sındırmazlar. Eybini deyəni də incitmə.
Güzgünü sındıranda onun qırığı da hər şeyi olduğu kimi göstərir. Min bir əzab görmüş mömin də yalnız həqiqəti deyir.
Güzgü saf olduğu üçün eybi göstərir. Mömin də kin və həsədə görə yox, saflığına görə tənqid etməlidir.
Güzgü göstərdiyi eybi özündə saxlamadığı kimi, mömin də üzbəüz dediyi eybi yadından çıxarmalıdır.
Güzgüyə ötəri baxan eybini görə bilmədiyi kimi, mömin də diqqətlə dinləməyən eybindən xəbərsiz qalar.
Sual 93: Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Cavab: İman düşüncəyə əsaslanmalıdır. Dəvətinizə tələsik verilən cavab sizi sevindirməsin. Tez çiçəkləyən ağaclar soyuğa davamsız olur. Düşüncəyə əsaslanan qəbul daha etibarlıdır.
Quran belələri haqqında buyurur: "Onlar ayaq üstə, oturduqda və ya uzandıqda Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər və deyərlər: "Ey rəbbimiz! Sən bütün bunları boş yerə yaratmamısan!”
Başqa bir ayədə oxuyuruq: "O kəslər ki, sözü dinləyib, onun ən yaxşısına əməl edərlər.”
Deməli, tələsik çıxarılan qərarın dəyəri yoxdur. İslam Peyğəmbəri (s)-dan düşünüb qərara gəlmək üçün iki ay vaxt istəyən Səffan adlı birinə peyğəmbər dörd ay vaxt verdi.
Amma qarşıda yol aydın olduqda tələsmək zəruridir. Çoxlarını doğru yol seçimində tərəddüdə salan şeytan olub.
Sual 94: Allah hər növ imanı qəbul edirmi?
Cavab: Quran buyurur: "Müşriklər gəmiyə mindikdə Allaha dua edir, sağ-salamat quruya çıxdıqdan sonra isə Allaha şərik qoşurlar.”
Firon da dəryada qərq olarkən iman gətirdi. Amma müvəqqəti iman qəbul olunmadığından Allah buyurdu ki, artıq tövbə və iman faydasızdır. Həyatda da belədir. Evlənmək yox, ailəni saxlamaq əsasdır. Eləcə də doğmaq əsas deyil, övladı tərbiyə etmək əsasdır.
Sual 95: Nə üçün bəzən dualarımız qəbul olunmur?
Cavab: Allah onu çağıranlara cavab verəcəyini vəd edir. Amma birindən kömək almaq üçün bəzi şərtlərə əməl olunmalıdır: dostluq münasibətini qorumaq, dostun ünvanını yadda saxlamaq, yersiz istəklərdən çəkinmək, boş xəyallardan uzaq olmaq, qanunsuz yolla yardım tələb etməmək, başqalarının hüququnu poza biləcək arzulardan uzaq olmaq və düz danışmaq.
Biz Allaha ağız açarkən bu şərtlərə əməl edirikmi? Rəvayətlərdə duanın bəzi şərtləri bildirilir: "Bismillah” demək, dəstəmaz almaq, qəlbən dua etmək, məscid kimi müqəddəs yerdə durmaq, on dəfə "ya Allah”, "ya Rəbbi” demək, salavat göndərmək, günahları yada salıb peşman olmaq, tövbə etmək…
Sual 96: Allah bizi tanıyırsa, imtahana ehtiyac varmı?
Cavab: Aramızda sinəsinə döyüb, özünü göyə qaldıranlar var. İmtahan belələrini özünə tanıtdırır. Quran buyurur:” Biz sizi qorxu, aclıq, mal, can və qıtlıqla imtahana çəkərik. Səbr edənlərə müjdə ver.”
İnsanın mükafatlandırılması və ya cəzalandırılması üçün ortada hansısa bir əməl olmalıdır. Bir şəxs peşəkar oğru olsa da, nə qədər ki, oğurluq baş verməyib onu həbs etmək olmaz. Həzrət Əli (ə) buyurur: "İnsanın imtahana çəkilməsinin fəlsəfəsi ona mükafat və cəza vermək üçün zəmin hazırlamaqdır. Bu imtahanlar olmasa da Allah öz bəndəsini tanıyır.
Sual 97: Dünyanın idarəsi üçün insanlara təqva xüsusiyyəti bəs edirmi?
Cavab: Quranda oxuyuruq: "Son qələbə müttəqilərindir.”
Demək həm bəndəlik, həm də saleh əməl şərtdir. Allah Quranın bir hökmünə iman gətirib, o birinə göz yumanları məzəmmət edir". Xəstəlikdən şəfa tapmaq üçün həkimin yazdığı nüsxədəki bütün dərmanları vaxtlı-vaxtında qəbul etmək lazımdır.
Sual 98: Nə üçün Allah insan həyatı üçün təhlükəli şeylər yaradıb?
Cavab: Quran buyurur ki, Allah hər şeyi gözəl yaradıb. İlanın bədənindəki zəhər bir çox ağır xəstəliklərin dərmanıdır. Hansı ki, yanlış olaraq, bu zəhərə nifrət nümayiş olunur. Axı bıçaq baş kəsmək üçün yox, faydalı işlər üçün nəzərdə tutulub.
Sual 99: Elm olan yerdə vəhyə nə ehtiyac var?
Cavab: Heç bir ideologiya, institut, elmi mərkəz insanın mənəviyyat yolunu işıqlandırmaq gücündə deyil. Yaşadığımız dünyanı xoşbəxt etməkdə aciz olan elm axirət həyatı üçün nə vəd edir?! İnsan dünyada qısa bir müddət yaşayıb, əbədiyyətə qovuşursa, həmin əbədiyyətin tələbləri nədir?
Allah-təala öz peyğəmbərləri vasitəsi ilə ən doğru yolu işıqlandırır. Öz ağıl və düşüncəsi, elmi və biliyi ilə kifayətlənənlər İlahi nurdan məhrum olur. İlahi biliklərə arxa çevirən insan özünə zülm edir.
Sual 100: Düşmən qarşısında vəzifəmiz nədir?
Cavab: Quran müsəlmanları birliyə dəvət edərək, istənilən bir təfriqəyə qadağa qoyur.
Yağış damlaları ayrı-ayrılıqda zərif olsalar da, bir hövzəyə daxil olduqda əzəmətli bir təlatüm yaradıb, ağır turbinləri hərəkətə gətirir, böyük şəhərləri elektrik enerjisi ilə təchiz edirlər.
Barmaqlar ayrı-ayrılıqda zəif olsalar da, sıxılıb yumruq yaratdıqda düşməni qorxuya salırlar. Əldəki barmaqların biri uzun biri gödək, biri kobud biri incə olsa da, hər barmağın öz işi var. Müxtəlif iste`dadlı barmaqlar bir yerə toplandıqda isə böyük güc yaranır.
Ey əziz müsəlman bacı və qardaşlar! Aranızdakı fərqlərə görə bir-birinizdən uzaqlaşmayın. İnanın ki, eyni uzunluqda, eyni qalınlıqda olan beş barmağın yaratdığı yumruq fərqli barmaqların yaratdığı yumruqdan qat-qat zəifdir. Düşmən qarşısında yumruq tək birləşin. Qələbə sizin vəhdətinizdədir!
Vəlhəmdulillahi rəbbil-aləmin!
Kitabın adı: Məsəllər
Müəllif: Möhsin Qəraəti