Sual 51-60
Sual 51: İnsan dəstəmaz alıb-almadığı barədə şəkk edirsə, vəzifəsi nədir?
Cavab: Əgər namaz gedişində belə bir şəkk olsa, namaz batildir. Əgər namazını bitirdikdən sonra insan şəkk etsə ki, dəstəmaz alıb yoxsa yox, onun namazı düzgündür. Əgər belə bir şəkk namazdan qabaq baş versə, dəstəmaz almaq vacibdir.
Sual 52: Dəstəmaz nə üçündür?
Cavab: Altı halda dəstəmaz almaq vacibdir:
1. Meyit namazından savayı bütün namazlar üçün;
2. Yaddan çıxmış səcdə və təşəhhüdü yerinə yetirmək üçün (əgər dəstəmaz pozulmuşsa);
3. Kəbə evinin vacib təvafı üçün;
4. Əgər dəstəmaz almaq nəzir, əhd edilmişsə;
5. Bir şəxs Qurana toxunmağı nəzir edərkən;
6. Murdarlanmış Quran vərəqini suya çəkmək üçün dəstəmaz alınmalıdır. Amma dəstəmaza məşğulluq Qurana hörmətsizlik sayılarsa (vaxt çox gedərsə), Quranı suya çəkmək üçün dəstəmaz almaq lazım deyil.
Sual 53: Quran yazılarına toxunmaq olarmı?
Cavab: Dəstəmazsız halda Quran yazılarına toxunmaq haramdır. Amma tərcümə olunmuş Quranların yazısına toxunmaq olar.
Sual 54: Dəstəmazı nələr batil edir?
Cavab: Yeddi şey dəstəmazı batil edir: Sidik, nəcis, nəcis məxrəcindən xaric olan yel, həm gözün görməməyi, həm də qulağın eşitməməyi il müşayiət olunan yuxu, ağılı başdan alan şeylər, qadınlarda istihazə, cənabət kimi qüsl tələb edən işlər.
Sual 55: Adi vaxtda alınmış dəstəmazla namaz qılmaq olarmı?
Cavab: Namazın vaxtından əvvəl təharət məqsədi ilə dəstəmaz almaq olar və bu dəstəmazla namaz qılmaq mümkündür.
Sual 56: Dəstəmaz üzvlərində yara varsa nə etməli?
Cavab: Əgər yaraya suyun zərəri yoxdursa, adi qaydada dəstəmaz alınır. Yox əgər suyun yaraya zərəri varsa yaranın ətrafı yuyulur və onun üzərinə pak bir parça qoyulur, tər əl ilə məsh çəkilir. Əgər yara məsh yerlərindədirsə, məsh yerinin üzərinə pak parça qoyulur və məsh çəkilir. Vacib ehtiyata əsasən təyəmmüm də edilir. Yox əgər yaranın üzərinə parça qoymaq da mümkün deyilsə, dəstəmaz əvəzinə təyəmmüm edilir. Yaxşı olar ki, məshsiz bir dəstəmaz da alınsın (Uyğun surətdə alınan dəstəmaz cəbirə dəstəmaz adlanır).
Əgər yara bağlıdırsa, onu açmaq mümkün olduqda yara açılır və dəstəmaz alınır. Yaranı açmaq mümkün deyilsə və onun sarğısı murdardırsa, yaraya toz, su toxunması zərərli olduqda onun ətrafı yuyulur, murdar sarğının üzərinə pak parça qoyulur, məsh çəkilir.
Sual 57: Əgər təyəmmüm yerində yara varsa, nə etməli?
Cavab: Vəzifəsi təyəmmüm olan şəxsin təyəmmüm üzvlərində yara varsa, cəbirə dəstəmazda olduğu kimi hərəkət etməlidir.
Sual 58: Hansı hallarda qüsl vermək vacibdir?
Cavab: Yeddi halda qüsl vermək vacibdir: 1. İnsan cinsi yaxınlıq və ya məni xaric olması vasitəsi ilə cünub olduqda cənabət qüslü; 2. Qadınlar üçün heyz qüslü; 3. Qadınlar üçün nifas qüslü; 4. Qadınlar üçün istihazə qüslü; 5. Meyitə toxunma qüslü; 6. Meyit qüslü;. 7. Nəzir, and vasitəsi ilə vacib olan qüsl.
Sual 59: Qüsl hansı qaydada verilir?
Cavab: Qüsl iki növdür. Tərtibi qüsl və irtimasi qüsl. Tərtibi qüsldə qüsl vermək niyyəti ilə əvvəlcə baş və boyun, sonra bədənin sağ tərəfi, daha sonra sol tərəfi yuyulur. Bu ardıcıllıqla verilməyən qüsl batildir.
İrtimasi qüsl verən insan qüsl vermək niyyəti ilə tədricən suya batır. Bütün bədən suya batdıqdan sonra qüsl düzgün sayılır.
Sual 60: Qüsl vermiş şəxs namaz üçün dəstəmaz almalıdırmı?
Cavab: Yalnız cənabət qüslündən sonra namaz üçün dəstəmaz almaq lazım deyil.
Kitabın adı: 200 sual-cavab
Müəllif: Fəyyaz Rəfiq