Sual 1-10
Sual 1: Təqlid nədir?
Cavab: Təqlid müctəhidin göstərişinə əməl etməkdir.
Sual 2: Təqlid kimə vacibdir?
Cavab: Dini hökmlərə münasibətdə insanlar üç qismə bölünür:
1. Müctəhid (fiqh elmində ictihad dərəcəsinə çatmış şəxs);
2. Möhtat (bütün hökmlərdən xəbərdar olub, ehtiyat yolunu tutan şəxs);
3. Müctəhid və möhtat olmayanlar–müqəllid.
Əgər bir şəxs nə müctəhid, nə də möhtatdırsa, müctəhidə təqlid etməlidir.
Sual 3: Kimə təqlid edilməlidir?
Cavab: Doqquz şərtin ödəndiyi «cameüş-şərait» müctəhidə təqlid etmək olar. Bu doqquz şərtlə tanış olaq:
1. Kişi; 2. Baliğ (həddi-büluğ); 3. Aqil (ağıllı); 4. 12 imamçı şiə; 5. Halalzadə (qanuni nikahdan doğulmuş); 6. Diri; 7. Adil (ədalətli); 8. Vacib ehtiyata əsasən dünyaya həris olmayan; 9. Başqa müctəhidlərdən daha elmli–ələm olan.
Sual 4: Nədə təqlid edilməlidir?
Cavab: İslam dini üsuli-din (inamlar), əxlaq və fürui-din (əməllər) bölmələrindən ibarətdir. Əqidə məsələlərində (üsuli-din) təqlid etmək olmaz. Yalnız əməli hökmlərə (fürui-din) təqlid edilməlidir.
Sual 5: Əməli hökmlər neçə qisimdir?
Cavab: Hökmlər beş qisimdir:
1. Vacib–hökmən yerinə yetirilməli olan göstəriş. Bu hökmü tərk etmək günahdır. Məsələn, həddi-büluğa çatdıqda namaz qılmaq vacibdir.
2. Müstəhəb–belə bir hökmü yerinə yetirmək bəyənilmişdir. Onu tərk etmək günah sayılmır. Məsələn, salam vermək müstəhəbdir, yəni bəyənilmiş bir hökmdür.
3. Haram–haram hökmü hər hansı işi qəti şəkildə qadağan edir. Haram iş görən şəxs üçün axirət əzabı var. Məsələn, yalan danışmaq.
4. Məkruh–bir işin məkruh olması barədə hökm varsa, həmin işi görməmək daha yaxşıdır. Amma məkruh iş görən adam üçün axirət cəzası yoxdur. Məsələn, şəkil olan otaqda namaz qılmaq məkruhdur.
5. Mübah–mübah işin görülüb-görülməməyinin dini baxımdan fərqi yoxdur. Məsələn, halal qidaların qəbulu nə vacibdir, nə müstəhəbdir, nə haramdır, nə də məkruh. Bu iş insanın öz ixtiyarındadır.
Sual 6: Büluğ (yetkinlik) həddinin hansı əlamətləri var?
Cavab: Yetkinlik həddinin, həddi-büluğun üç əlaməti var.
1. Cinsiyyət üzvünün üst hissəsində cod tüklərin bitməsi; 2. İstənilən bir halda cinsiyyət üzvündən spermanın (məni) xaric olması. 3. Qəməri təqvimlə oğlanların 15, qızların isə 9 yaşının tamam olması.
Sual 7: Cameüş-şərait müctəhidi hansı yolla tanımaq olar?
Cavab: Cameüş-şərait müctəhidi üç yolla tanımaq olar:
1. İnsanın özünün əmin olması;
2. Müctəhid və ələmi tanıya bilən iki ədalətli alimin təsdiqi. Bir şərtlə ki, başqa iki adil alim əvvəlkilərin dediyinə müxalif olmasın;
3. Müctəhid və ələmi tanıya bilən elm əhlinin dediklərindən əminlik hasil olsun.
Sual 8: Müctəhidin fitvasını (göstəriş) hansı yolla öyrənmək olar?
Cavab: Müctəhidin fitvasını dörd yolla öyrənmək olar:
1. Müctəhidin özündən eşitməklə;
2. İki adil şəxsdən eşitməklə;
3. Doğru danışan və etibarlı bir şəxsdən eşitməklə;
4. Fitvanı etibarlı bir risalədə görməklə.
Sual 9: Dünyasını dəyişmiş müctəhidə təqlid etmək olarmı?
Cavab: İlk dəfə təqlidə başlayan şəxs dünyasını dəyişmiş müctəhidə təqlid edə bilməz. Müctəhidin bəzi fitvalarına əməl edən şəxs həmin müctəhid dünyasını dəyişdikdən sonra da uyğun məsələlərdə ona təqlid edə bilər. Bütün məsələlərdə bir müctəhidə təqlid edən şəxs həmin müctəhid dünyasını dəyişdikdən sonra ona təqliddə qala bilər.
Sual 10: Hər hansı bir şəxsin təqlidsiz yerinə yetirdiyi əməllər qəbuldurmu?
Cavab: Təqlidsiz yerinə yetirilmiş əməl o vaxt məqbuldur ki, insan həqiqi vəzifəsini yerinə yetirdiyinə əmin olsun. Təqlidsiz yerinə yetirilmiş əməl sonradan təqlid edilən müctəhidin fitvalarına uyğun olduqda məqbuldur. Ehtiyata yaxın halda yerinə yetirilmiş əməllər də düzgün sayılır.
Kitabın adı: 200 sual-cavab
Müəllif: Fəyyaz Rəfiq