«Düz səkkiz min tümən»
Ayətullahül-Üzma Xansari özünə xas bəsirəti və baxış sahibi olan şəxsiyyətlərdən idi. Onun bu xüsusiyyəti barədə maraqlı hekayələr söyləyirlər.
Tehranın etimadlı tacirlərindən biri deyirdi:
Bir gün Xansarinin yanında tək oturmuşdum. Başqa heç kəs yox idi. Nagəhan ağa dedi:
Qapının ağzında bir nəfər dayanıb, bir istəyi olmalıdır. Ərz etdim:
Ağa qapının zəngini çalan olmadı. Dedi:
Niyə ki, kimsə var. Al bu zərfi ona ver getsin.
Mən zərfi alıb mənzilin qapısını açdım, gördüm geyimli-keçimli bir nəfər qapının qarşısında o tərəf, bu tərəfə var-gəl edir. Onu səsləyib dedim:
Qapının zəngini basan siz idiniz? Dedi:
Xeyr! Soruşdum:
Bir işiniz var? Dedi:
Bəli. Arvadım xəstədir. Xəstəxanada yatırtmaq üçün pul istədilər; lazım olan miqdarı düzəltmək üçün səkkiz min tümənim çatmır. Əlim hər yerdən üzüldü, arvadı xəstəxanada qoyub pul dalınca çıxdım. Amma bilmirdim kimə ağız açım? Nəhayət belə qərara gəldim ki, gedim ağa Xansariyə deyim. Amma indiyə qədər bu qapıya gəlməmişəm və bura heç bir xüms, zəkat verməmişəm. Elə fikirləşirdim ki, zəngi vurum, ya yox, siz qapını açdınız.
Ağanın verdiyi zərfi ona uzatdım. Alıb açdı və içindəki pulları çıxarıb sayanda gördüm əcəba, düz səkkiz min tümən, − ona lazım olan miqdardadır.
«Dostla birlikdə»
Rəhmətlik Ayətullahül-üzma Mərəşi Nəcəfi dəfələrlə İmam Zamanın görüşünə nail olmuşdur. Biz burda, nəql olunan hekayələrdən ancaq birini yad edəcəyik.
Mərəşi Nəcəfi deyirdi:
Samirrada yaşadığım əyyamlarda bir gün axşam həzrət seyyid Məhəmmədi ziyarət etmək üçün Samirradan çıxıb yola düzəldim və yolda azdım.
Yolun yorğunluğu, susuzluq və aclıq bir tərəfdən, o biri tərəfdən də səhranın isti küləyi məni taqətdən salıb həyata ümidimi üzdü. Bihuş olub isti qumlar üzərinə yıxıldım.
Özümə gəlib gözlərimi açanda başımı bir nəfərin dizi üstə gördüm. Həmin adam kuzəni mənim dodaqlarıma toxundurub su içməyimə kömək edirdi. İndiyə qədər bu lətafətdə, bu sərinlikdə su dilimə dəyməmişdi. Su içdikdən sonra süfrə salındı. Süfrədə iki üç girdə ətirli çörək var idi. Çörəyi yedikdən sonra həmin ərəb kişi mənə dedi:
−Yaxınlıqda bir arx var, gedib orda yuyuna bilərsən. Dedim:
Bu ətrafda arx-filan yoxdur, əgər olsaydı mən susuzluqdan bu hala düşməzdim.
Həmin ərəb dedi:
Bu ətrafında axan su deyil, bəs nədir? Bu söz onun ağzından çıxar-çıxmaz gördüm məndən bir az kənarda səfalı suyu olan bir arx uzanıb gedir. Bunu görəndə daha çox təəccübləndim ki, necə olur, mənim kənarımdan şarıl-şarıl su axıb getsin, mən isə bir qurtum sudan ötəri az qala həlak olacaqdım.
Həmin ərəb sonra məndən soruşdu:
Səfərin haradır? Dedim Seyyid Məhəmmədin hərəmini ziyarətə gedirəm. Həmin şəxs bu sözlərimi eşitcək əli ilə yan tərəfə işarə edib dedi:
Bu da seyyid Məhəmmədin hərəmi.
Baxıb gördüm seyyid Məhəmmədin məqbərəsinin yaxınlığındayam. Halbuki mən Qadisiyyə deyilən yerdə yolu itirmişdim və ora ilə seyyid Məhəmmədin məqbərəsi arasında böyük bir məsafə var.
Həmin ərəblə yol boyu söhbətimizdə çoxlu mühüm məsələlər soruşub öyrəndim və mənə bir sıra tövsiyyələr etdi. O cümlədən Qurani-Məcidi tilavət etməyi, Quranın təhrif olduğunu inkar etməyi, valideynə hörmət, seyyidlərə ehtiram etməyi, müqəddəs məkanlara və imamzadələrin ziyarətinə getməyi, gecə namazı qılmağı, Həzrət Zəhranın (ə) təsbihinin zikri və şəhidlər ağası Həzrət İmam Hüseynin ziyarətini təkidlə tapşırdı.
Bu arada birdən ağlımdan keçdi ki, ey dili-qafil, olmaya bu adam imam Zaman ola?
Bu fikri ağlımdan keçirməklə gözlənilmədən həmin şəxs gözlərim önündən qeyb oldu. Əziz dostun hüzurunda ola-ola onu tanıya bilmədiyimə çox təəssüfləndim.