Gecə namazının axirət faydaları
Allah taala gecə namazı qılan şəxslərlə iftixar edir. Gecə namazı qəbirdə, Siratda, Mizanda onu qılan şəxs üçün bir nurdur. Allah gecə namazı qılanlardan razıdır, onları elə bir məqama çatdırar ki, bu əməli yerinə yetirmədən bir kəs həmin məqama çata bilməz. Zəhmət çəkmədən xəzinə tapmaq olmaz, sə”y edib çalışanlar muzd ala bilər.
Mərhum Müqəddəs Ərdəbilinin çatdığı yüksək məqamlara gecə namazının bərəkətindən idi
Müqəddəs Ərdəbili Həzrət İmam Zaman əleyhissalam-ın hüzuruna dəfələrlə çatmışdı, həzrət İmam Əli əleyhissalam-ın qəbri üzərində o həzrətlə danışırdı. Onun özündən bu yüksək mənəvi dərəcələrə çatmağın səbəbi barədə nəql olunub ki, təhsilinin əvvəllərində bir tələbə ilə bir hücrədə qalırdım. Onunla sözləşib əhd bağladıq ki, bizim üçün hər nə baş versə, bir kəsə açıb deməyək. Nəhayət bir zaman oldu ki, heç nəyimiz olmadı, dostum aclıq nəticəsində çox zəiflədi, əhd bağladığımız üçün bunu heç kəsə açıb demirdi. Bir gün bir nəfər mədrəsəyə gəlib dostumun zəifləməsinin səbəbini (mən orada olmadığım halda) onun özündən soruşub. O, əvvəldə heç nə deməmişdi, amma onu and verdikdən sonra işin həqiqətini açır və deyir ki, aclığın və yoxsulluğun şiddətindən mən və dostum belə arıqlayıb zəifləmişik.
O şəxs dərhal hər ikisi üçün təam gətirib bir kisə də pul verir. Molla Əhməd (Müqəddəs Ərdəbili) gələndə hal-əhvaldan xəbərdar olur və dostuna etiraz edir ki, nə üçün açıb demisən, məgər əhd bağlamamışdıq? Xülasə, yeməyi bir yerdə yeyib pulları da yarıya bölürlər.
Müqəddəs Ərdəbili yatıb gecə yarısı oyanır görür ki, boynuna qüsl düşmüşdür. Hamama gedir ki, qüsl etsin. Hamamçı qapını içəridən bağlayıb açmır. Müqəddəs Ərdəbili nə qədər israr edirsə hamamçı qapını açmır ki, açmır. Deyir ki, pulunu iki qat artıqlaması ilə verəcəyəm. Yenə də açmır, nəhayət pullarının hamısını verməyə razılaşır ki, təki qusl alıb gecə namazını əldən verməsin.
Həmin gecədən Allah taala ona xas bir lütf inayət edir və ondan cürbəcür kəramətlər görünməyə başlayır.
Kitabın adı: Quran və qiyamət
Müəllif: Şəhid Ayətullah Seyyid Əbülhüseyn Dəstğeyb