Qazi İyaz «Şərhuş-şifa» kitabının 2-ci cildində bu hədisin sənəd etibarı ilə zəif olduğunu yazır.
Әbdu ibni Həmid «Müsnəd» kitabında Abdullah ibni Ömər ibni Xəttabdan nəql edir ki, bu hədisin sənədləri mötəbər deyildir.
İbni Әdi «Kamilut-tarix» kitabında Nafedən, Nafe isə Abdullah ibni Ömər ibni Xəttabdan nəql edir ki, bu hədisin sənədləri zəifdir.
İbni Həzəm yazır:
«Bu hədis yalan, qondarma və batildir».
2.Hədisin mətni, məna və məfhumu.
Hədisin sənəd və ravilərini araşdırmaqla yanaşı, onun mətninə, məna və məfhumuna da diqqət yetirmək lazımdır. Hədisin mənası Quranın hökmləri, real həqiqət və insan ağlı ilə müxalif olarsa, o hədisə istinad etmək olmaz. Məsələn, bütün sənədləri səhih olan bir hədis Allahın şəriki olduğunu və ya Peyğəmbərin (s) günah etdiyini çatdırırsa, o hədis mötəbər sayılmır.
Haqqında danışdığımız hədisin sənəd etibarilə zəif olduğunu isbat etsək də, onun mətnini, məna və məfhumunu da araşdırmaq yaxşı olardı.
Hədisin mətnindən belə başa düşülür ki, bütün səhabələr günah və azğınlıq ehtimalından uzaqdırlar. «.....Hansı birinin arxasınca getsəniz hidayət taparsınız» ifadəsindən belə çıxır ki, səhabələr istisnasız olaraq bu ehtimaldan (günah və azğınlıq) tamamilə uzaqdırlar. Çünki Peyğəmbər (s) günahkar bir şəxsin arxasınca getməyə əmr etməz.
Qeyd olunduğu kimi, Peyğəmbərin (s) dövründə iman gətirib onunla həmsöhbət olan on minlərlə şəxs səhabə sayılır. Bu qədər insanın kütləvi şəkildə günah ehtimalından uzaq olmasını normal ağıl qəbul edə bilmir. Yəni, həqiqətən o dövrdə yaşayan müsəlmanlar günah etmirdilər?!
Hədisdən aşağıdakı üç məna başa düşülür:
On minlərlə səhabənin hər biri «ulduz» kimidir.... Hər səhabə öz bildiyinə əməl etsə hidayət tapar.
On minlərlə səhabənin hər biri «ulduz» kimidir.... Səhabələr bir-birlərinin arxasınca getsələr hidayət taparlar.
On minlərlə səhabənin hər biri «ulduz» kimidir.... Səhabə olmayanlar onların hansı birinin arxasınca getsələr (hansının???) hidayət taparlar?!
Diqqət edin, hədisin mənasında nə qədər anlaşılmazlıq vardır. Bu hədis İslam ümmətini hidayətə tərəf yox, təfriqə, ixtilaf və hərc-mərcliyə doğru sürükləyir.
Әgər səhabələrin hər biri özü-özlüyündə hidayət yoludursa, nə üçün Peyğəmbərdən (s) sonra vahid xəlifə təyin olundu?
Nə üçün səhabə və səhabə olmayan bütün müsəlmanlar yalnız bir səhabəyə tabe olmağa məcbur edilirdilər?