TƏHDİD ÜZÜNDƏN ALINAN İQRAR
Zina ilə müttəhim olunan hamilə bir qadını Ömərin yanına gətirdilər. Ömər qəzəblə ondan nə etdiyini soruşduqda, qadın zina etdiyini boynuna aldı. Ömər onun daş-qalaq olunmasına dair hökm verdi. Qadını cəzalandırmağa aparanda Əli (ə.s) onlarla qarşılaşdı, mə`murlara buyurdu: – Bu qadınla nə işiniz var?
Dedilər: – Ömər onun qətlinə hökm verib.
Əli (ə.s) onları Ömərin yanına qaytardı və buyurdu: – Sən bu qadının daş-qalaq olunmasına hökm vermisən?!
Ömər dedi: – Bəli! Çünki zina etdiyini boynuna aldı.
İmam (ə.s) ona buyurdu: – O qadının özü günahkar olduğuna görə onun barəsində belə hökm verməyə haqlısan, amma onun bətnindəki uşaq barəsində nə haqqın var?! Məncə, sən onu qorxutmusan və nəticədə iqrar etmişdir.
Ömər dedi: – Bəli, belədir.
Əli (ə.s) ona buyurdu: – Rəsuli Əkrəm (s.ə.v.v.)-in «İşkəncə üzündən iqrar edən şəxsə hədd cari edilməz. Həbs və təhdid ilə e`tiraf edən şəxsin iqrarı da tə`sirsizdir» – deyə buyurduğunu eşitməmisənmi?!
Ömər o qadını azad edib dedi: – Dünya qadınları Əliyyibni Əbi Talib kimi bir şəxsiyyət doğmaqda acizdirlər! (Sonra dedi:) Əgər Əli olmasaydı, Ömər həlak olardı!
HƏZRƏTİ ƏLİ (Ə)-IN QƏZAVƏTLƏRİ
Müəllif: Ayətullah
Məhəmmədtəqi Tustəri