«Qeybdən pay»
Böyük İslam alimlərindən olan Şeyx Bəhayi belə buyurur:
Bir dəfə bizim məntəqəyə çoxlu qar yağmışdı. Babam Şeyx Şəmsəddinin evində uşaqlar acından ağlayır və yemək istəyirdilər. Evdə yeməyə heç nə yox idi. Babam arvadına dedi:
Uşaqları sakit et ki, dua edib Allahdan bir təam istəyək. Elə bu zaman nənəm qardan bir ovuc götürüb təndirə yaxınlaşaraq dedi:
İndi bu çörəyi sizin üçün bişirəcəyəm. Əvvəl təndiri qaladı. Qarı kündə formasına salıb təndirə yapışdırdı. Elə həmin an babam dua edirdi. Çox keçməmiş Allahın mərhəməti ilə təndirdən isti təzə çörək onlara nəsib oldu.
«İkinci şəhid»
Şeyx Bəhayi atasından belə nəql edir:
Bir gün səhər İkinci Şəhid (ləqəbiylə məşhur olan) Zeynəddin ibn Əli Amulinin hüzuruna getmişdim (911-966 q.). Şeyx çox fikirli idi. Elə bil ki, gözlənilməz bir hadisə baş vermişdi. Mən ondan niyə fikirli və narahat olduğunu soruşanda belə dedi:
Ay qardaş, elə güman edirəm ikinci şəhid mən olacağam! Mən soruşdum:
Niyə, nə olub ki? Dedi:
Dünən axşam yuxuda gördüm ki, Seyyid Murtəza çox böyük bir qonaqlıq təşkil edərək bütün şiə alimlərini ora dəvət edib. Mən məclisə daxil olduğum zaman Seyyid Murtəza ayağa qalxaraq mənə xoş gəldin deyib buyurdu:
Filankəs, buyur Məhəmməd ibn Məkkinin (Birinci Şəhid) yanında əyləş. Mən də onun yanında əyləşdim. Sonra yuxudan oyandım. Elə buna görə də zənn edirəm ki, ikinci şəhid mən olam.
«Burada böyük bir şəxs öldürüləcək»
Şeyx Bəhayidən belə nəql olunur:
Günlərin bir günü İkinci Şəhid ilə atam Şeyx Hüseyn ibn Əbdüssəməd Harisi Meditəranənin sahilindən ötüb keçirmişlər. Zeynəddin ibn Əli Amuli sonralar qətlə yetiriləcəyi məkana çatdığı zaman, birdən onun çöhrəsinin rəngi dəyişir. Sanki gözlənilməz, qəfil bir hadisəylə üzləşir. Atam ondan narahat olmasının səbəbini soruşduqda, belə deyir:
Bu yerdə böyük bir şəxs öldürüləcək.
Bir müddət keçəndən sonra o, həmin yerdə şəhid edilir
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı