Məkruh yemək yemişdim...
Nəcəf elmi hövzəsindəki təhsilini başa vurmuş bir tələbə İrana qayıtmaq istəyərkən, Seyyid Məhəmməd Kazim Yəzdinin yanına gedib, ona rəvayət nəql etməsi üçün icazə verməsini istəyir. Bir-neçə gün keçsə də, Seyyid Yəzdi bir cavab vermir. Həmin tələbə deyir: Öz-özümə fikirləşirdim ki, Seyyiddən Beytül-maldan bir şey istəməmişəm! Mənə elə gəlir ki, İranda onu elə də tanıyan olmaz və onun icazə verməsi bir o qədər də mühüm deyil. Elə buna görə də hər dəfə Seyyid Məhəmməd Kazim Yəzdini görəndə çox acığım tuturdu.
Bu əhvalatdan bir-neçə gün keçəndən sonra Seyyid rəvayət nəql etməyi mənə icazə verdi və cavabı gecikdirdiyi üçün məndən üzrxahlıq etdi. O, təxirə salınmış cavabın səbəbini belə açıqladı:
"Mən o gün məkruh yemək yemişdim. Onun təsirinin bütünlüklə bədənimdən çıxmasını gözlədim ki, tam paklanandan sonra silsilə rəvayətlər sırasında böyük alim və ravilərlə öz mənəvi bağlılığımı bərpa edim və bundan sonra sənə rəvayət nəql etmək icazəsi verim.”
Halal və haram yeməyin insanın taleyindəki rolu
Vay o gündən ki, yemək-içməkdə haramdan çəkinməyək. Çünki bu yeməklər insanın elm, iman və ya küfründə böyük təsiri var. Elə bu cəhətdən də bir vaxt ayılıb görürük ki, Yezidə iman gətirmişik. Allah-təala "Bəqərə” surəsinin 35-ci ayəsində Adəmə (ə) belə buyurur:
"Sizə haram buyurulmuş bu ağaca yaxınlaşmayın ki, zülmkarlardan olmayasınız.”
Bu ayədən məlum olur ki, elə bu yemək-içməklər Adəmin (ə) cənnətdən qovulub yer üzünə gəlməsinin səbəblərindəndir. Yemək-içmək insanı məxluqatın ən ali ya da ən alçaq (aşağı) dərəcəsinə çatdıra bilər. Bütün yeməli-içməlilər insanın qanında, bədənində, ruhunda, zehnində və fikrində özünü çox aydın büruzə verir. Elm, əməldə yüksək müvəffəqiyyətlər əldə etmiş sağlam fikir və düşüncə sahibi olan alimlər, ancaq halal yeməklərdən istifadə etməklə belə ali məqamlara çata bilmişlər.
Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı