«Afərin Seyyid Məhəmməd!»
Axund molla Hüseynqulu Həmədaninin qız nəvəsi Məhəmməd Hüseyn öz babasından belə nəql edir:
Bir gün Axund dərslərinin birində eyni sözü ardıcıl olaraq təkrar edirdi:
Afərin, Seyyid Məhəmməd Səid, afərin, Seyyid Məhəmməd Səid! (Seyyid Məhəmməd Səid Hububi (vəfatı 1333 q.) Axundun ilk şagirdlərindən idi. O, İrfanda böyük məqam sahibi olmasından əlavə, İraqda İngilis istismarçılarına qarşı mübarizədə doxsan min müsəlmana rəhbərlik etmişdi.) Məclisdə olanlar Axundun bu sözündən çox təəccüblənirlər (çünki Seyyid Məhəmməd Səid orada yox idi).
Bu əhvalatdan bir neçə gün keçəndən sonra Seyyid Məhəmməd Səiddən soruşurlar ki, sən həmin gün harada idin? O, belə cavab verir:
Qayıqda oturub, Kufədən Kərbəlaya gəlirdim. Bir ərəb kişi mənim yanımda başını çiynimə qoyub yatmışdı. O, xoruldayır və ağzının suyu da üstümə tökülürdü. Bununla belə onu qaldırmağa ürəyim gəlmədi. Kərbəlaya qədər beləcə davam etdi və mən onu yuxudan qaldırmadım.
Axundun həmin gün Seyyid Məhəmməd Səidi tərifləməsi buna görə idi.
«Təharətsiz Quran!»
Həzrət Ayətullah Seyyid İsmail Sədrin oğlu mərhum\ Seyyid Mehdi Sədr deyir:
Həddi büluğa çatdığım ilk günlərdə atamın sifarişi ilə cümə günləri Həzrət Axund Molla Fəthəlinin hüzuruna gedib (Arif molla Hüseynqulu Həmədaninin müasiri) Quran təfsirini öyrənirdim. Günlərin birində cənabətli halda onun hüzuruna gedəndə gördüm ki, fikirli oturub bir söz demir. Yarım saat keçdi, amma yenə bir söz demədi. Ayağa qalxmaq istəyəndə mənə dedi:
Seyyid Məhəmməd Mehdi, adam Quranın sorağınca gedəndə, gərək özünü paklasın.