Vadiyüs-səlamdan anladım!
Mirzə Əli Qazinin əksər şagirdləri nəql edirlər ki, Qazi Nəcəfin vadiyüs-səlam qəbiristanlığına ziyarət üçün çox gedərdi. Ziyarəti üç-dörd saata qədər çəkərdi. Hərdən şagirdləri də onunla gedirdilər və Qazi bir kənarda səssiz-səmirsiz sükut içində əyləşərdi. Bu haldan şagirdlərin çoxusu yorular və geri qayıdardılar. İşin nə yerdə olduğunu bilməyən şagirdlər Qazinin bu əhvalatına etiraz edib öz qəlblərində deyərdilər: Axı, ustad üç-dörd saat vaxtı niyə burada oturur? Görən yorulmur?
Tehranda olduqca təqvalı, alicənab bir alim var idi. Həqiqətdə düzünü demək istəsək, bu şəxs olduqca yaxşı adam idi. Bu şəxs Qazinin birinci silsilə irfan və əxlaq yönlü şagirdlərindən olan Məhəmməd Təqi Amuli idi. Məhəmməd Təqi Amuli belə nəql edirdi: "Mən həmişə görürdüm ki, Qazi gedib 2-3 saat Vadiyüs-səlamda oturur. Öz-özümə dedim: İnsan qəbristanlığa gəldi, gərək ziyarət edib tez də getsin. Bir fatihə oxuyub ölülərin ruhuna tapşırsa, bəsdir, daha bu qədər burada oturub vaxt öldürmək nəyə lazımdır, görüləsi o qədər vacib iş var ki...
Bu narazılıq həmişə mənim qəlbimdə dururdu, amma heç kəsə, – hətta ən səmimi bildiyim dostlarıma belə bu barədə bir söz deməmişdim. Günlər ötdü, illər sovuşdu, mən bu minvalla hər gün ustadın xidmətinə gedir, onun elm və mərifət dəryasından incilər toplayırdım. İş elə gətirdi ki, Nəcəf-Əşrəfdən İrana qayıtmaq fikrinə düşdüm. Amma bu səfərin nə dərəcədə məsləhətə uyğun olduğunu bilmirdim və tərəddüddə qalmışdım. Bu niyyətimi heç kəs bilmirdi. Bir axşam yatağıma uzanmışdım. Otaqda yataq taxtının ayaq tərəfində taxçanın üstünə elmi və dini kitablar yığmışdım. Yatan zaman təbii olaraq ayaqlarım kitablara tərəf uzanmış olurdu. Öz-özümə dedim: Görən, qalxıb yatağımın səmtini dəyişim, yoxsa lazım deyil, belə qalsın? Çünki kitablar tam mənim ayaqlarımın müqabilində idi. Fikirləşdim ki, bununla kitablara hörmətsizlik olmaz. Bunu deyib yatdım. Səhər tezdən ustadım Qazinin yanına gedib, salaməleykdən sonra dedi: "Sənin İrana qayıtmağın məsləhət deyil. Kitablara tərəf də ayağı uzatmaq elmə, kitaba ehtiramsızlıq sayılır.”
Bu sözləri eşidəndə, diksinib özümü itirdim. Dodağım əsə-əsə dedim: Ustad, siz bunu haradan bilirsiniz? Dedi:
"Vadiyüs-səlamdan.”
Qazi bu son cümləsi ilə uzun müddət Məhəmməd Təqi Amulinin qəlbində ustadının vadiyüs-səlamda oturması ilə əlaqədar dolaşan şübhələrə son qoydu.
Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı