və cəlallı məqamından, bu yola qədəm qoymaqdan, bu yolun insan yaradılışının yeganə hədəfi olmasından maraqlı söhbət edir, dediklərinə tutarlı dəlillər gətirirdi.
Mən yenə də tərəddüd içində fikirləşirdim ki, mən nə bilim bu deyilənlər doğrudur, ya yox? Deyilənlərə şübhə edirəm. Ola bilər doğru olsun, amma mənim xəbərim olmasın. Əgər ömrüm bu minvalla keçsə, vay mənim halıma, əgər deyilənlər doğru olsa və bizə bir şey çatmasa, vay halıma! Başqa bir tərəfdən, eşitdiklərimin nə dərəcədə doğru olduğunu bilmədiyim üçün şəkdə qalmışdım. Bilmirdim dalınca gedim, yoxsa getməyim.
Bu fikirdə idim ki, qarşıdakı təpənin deşiyindən böyük bir ilan çıxıb divarın paralel istiqamətində bizə doğru sürünməyə başladı. (Bu yerdə çoxlu ilan olur və əksər hallarda camaat onları görürdü. Amma indiyə qədər kimsəni çaldığını eşitməmişdik.) İlan bizim qarşımıza çatanda məni ixtiyarsız vahimə götürdü. Rəhmətlik Qazi ilana işarə edib dedi: "Mot biiznillah! Allahın izni ilə öl! Həmin dəqiqə ilan yerində quruyub qaldı.
Qazi heç nə olmayıbmış kimi söhbətini davam etdirməyə başladı. Bir az da söhbət edəndən sonra qalxıb məscidə getdik. Qazi məscidin ortasında iki rəkət namaz qılandan sonra öz hücrəsinə getdi. Mən də məscidin bir-iki ziyarət əməllərini yerinə yetirəndən sonra Nəcəfə qayıtmaq qərarına gəldim. Ziyarət etdiyim an birdən yadıma düşdü ki, bayaq məscidin arxasında baş verən əhvalat, Qazinin gördüyü o iş həqiqət idi, yoxsa gözbağlayıcılıq? Dedim, bəlkə kişi məni sehirləyib və mənə elə görsənib? Bu fikirlər məni əldən saldı, daha necə ziyarət oxuduğumu bilmədim. Dedim, yaxşısı budur gedim görüm ilan həqiqətən ölüb, yoxsa dirilib qaçıb? Ziyarəti başa çatdırıb tələsik çölə çıxdım. Bayaqkı oturduğumuz yerə gedib gördüm ki, ilan quru ağac kimi yerə sərilib. Ayağımla tərpətdim, gördüm hərəkətsizdir. Ağlım başımdan çıxdı. Məscidə qayıtdım ki, bir-iki rəkət də namaz qılıb Nəcəfə dönüm. Amma bacarmadım və fikir-xəyal məni götürdü ki, əgər bu işlər haqdırsa, bəs bizim niyə xəbərimiz yoxdur?
Rəhmətlik Qazi öz hücrəsində ibadətlə məşğul idi. O, öz hücrəsindən çıxanda, mən də məsciddən çölə çıxdım. Məscidin həyətində yenə də onunla rastlaşanda, gülümsünüb mənə dedi:
Ay canım, imtahan da etdin, daha nə istəyirsən?!