İnkar etdiyini daddı
"Biharul-ənvar”ın 3-cü cildində "Kafi” kitabında nəqlən yazmışlar ki, Həzrət Əliyyibnil Hüseyn əleyhis-salam buyurdu:
Bilmirəm camaata necə hədis deyim; O şeyləri ki, Peyğəmbərdən eşitmişəm, Onları deyəndə gülürlər, deməyəndə də höccət tamamlanmamış olur.
Zümrə ibni Məbəd dedi: Mənim üçün Rəsulullahdan hədis de!
İmam əleyhis-salam buyurdu: Bilirsənmi ki, Allah düşməninin cənazəsini qəbrə sarı aparanda nə deyir? Cavab verdi ki, bilmirəm. İmam buyurdu: Cənazəni aparanlara deyir ki, mən sizə şikayət edirəm məni aldadan düşmənimdən ki, məni fəlakət vadisinə atdı. Və mənim dadıma çatmadı; mən şikayət edirəm sizə, məni tək qoyub gedən dost və rifqlərimdən; mən sizə şikayət edirəm, öz malımla, zəhmət və xərcimlə düzəltdiyim evdən ki, hal-hazırda başqası onu tutubdur. Mənimlə mehribançılıq edin, məni qəbrə tərəf aparmaqda tələsməyin.” Zəmrə dedi: Əgər meyyit belə sözləri deyirsə, az qalar ki, cənazəni aparanların çiynindən yerə düşüb qaçsın. İmam əleyhis-salam buyurdu: İlahi, əgər Zəmrə Rəsuli Əkrəmin hədisini məsxərəyə qoyursa, onu ağır əzabla tut. Qırx gün o bədbəxt diri qaldı və sonra öldü. İmamın dostlarından biri onun dəfnində iştirak etdi. Sonra Həzrətin hüzuruna gəldi. Həzrət buyurdu: Harada idin? Dedi: Zəmrənin cənazəsini dəfn edirdim. Elə ki, onu qəbrə qoydum. özüm də qəbrə girdim. Allaha and olsun ki, bir nida eşitdim ki, deyirdi:
"Vay olsun sənə ey Zəmrə! Bu gün dostların səni boşlamış. Sənin əbədi yerin Cəhənnəmdir.” İmam əleyhis-salam buyurdu: Allahdan afiyət və salamatlıq arzu edirəm. Rəsuli Əkrəmin hədisini məsxərəyə qoyan şəxsin cəzası bundan artıq ola bilməz.
Kitabın adı: Quran və qiyamət
Müəllif: Şəhid Ayətullah Seyyid Əbülhüseyn Dəstğeyb