Peyğəmbərin (s) həyat tərzinə diqqət yetirsək, görərik ki, o həzrət ibadətlərində yer üzərinə səcdə etmiş və hamıya məhz bu cür səcdəni əmr etmişdi.
"Səhih Buxari'' də qeyd edilmiş bir hədisə Əbu Səid əl-Xidri belə deyir (Namazdan sonra) gözlərim Peyğəmbərə (s) sataşdı. Onun burnunda su ilə torpaq izləri görünürdü.
Bəli, bu Allahın Rəsulunun səcdəsidir. Bizlərə mənim yerinə yetirdiyim namazı nə cür görmüsünüzsə, siz də namazınızı məhz o cür yerinə yetirin - kəlmələrini xitab edən Peyğəmbər (s) səcdəsi.Qurani-kərimdə də bizlər üçün belə bir əmr və tövsiyə vardır:
"Həqiqətən, Allahın Rəsulu (Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün) gözəl nümunədir."
Digər ayədə isə belə buyurulur:
"Peyğəmbərimiz (s) sizə nə verərsə, onu götürün, nəyi qadağan edərsə, ondan çəkinin."
Aişədən nəql olunan rəvayətdə belə deyilir:
"Səcdə halında Peyğəmbərin (s) bir vasitə ilə üzünü qoruduğunu görməmişəm."
Bu hədis də ona dəlalət edir ki, Peyğəmbərin bütün səcdələri yer üzərinə olmuş və həzrət heç vaxt üzünü səcdə halında bir vasitə ilə örtməmişdir.
Vailin nəql etdiyi rəvayətdə deyilir:
"Peyğəmbər (s) səcdə edərkən alnını və burnunu yer üzərinə qoyduğunu gördüm."
Peyğəmbər (s) də, öz növbəsində yer hesab edilməyən əşyalar üzərinə səcdəni qadağan etmişdir. Bir hədisdə belə nəql edilir:
Peyğəmbər (s) görür ki, bir nəfər qumun istiliyi alnını yandırmasın deyə, əmmaməsini alnının üstünə çəkərək emmamesinin üzərinə səcdə edir. Peyğəmbər (s) əli ilə həmin şəxsə əmmaməsini qaldırmağı işarə edir və əmr edir ki, alnını yer üzərinə qoysun.
Mənbə: "Namaz və onun qaydaları" kitabı