Namazın təvili
İmam Əli əleyhissəlam namaz qılan bir şəxsə belə buyurmuşdur: "Ey insan! Namazın təvilini bilirsənmi? O, "Ağam! Namazın ibadət xaricində bir təvili varmıdır?” -deyə soruşduqda İmam (ə.) belə buyurdu: "Muhəmmədi (s.) peyğəmbər olaraq göndərənə and olsun ki, bəli vardır… Təkbirətul İhrama qədər ilk təkbirin mənası budur ki, "Allahu Əkbər”-dedikdə Allahın qiyam və ya quud (qalxmaq və ya oturmaq) ilə vəsifləndirilməkdən daha böyük olduğunu qəlbindən və ruhundan keçirməyindir. İkinci təkbirdə Allahın hərəkət və ya sükun (hərəkətsiz) olaraq səciyyələndirməkdən daha böyük olduğunu qəlbindən keçirməyindir. Üçüncü təkbirdə isə Onu cisim ilə səciyyələndirilməkdən, bir şeyə bənzətməkdən və ya bir şeylə müqayisə edilməkdən daha böyük olduğunu bilməyindir. Dördüncü təkbirdə Onu hər hansı bir şeyə məruz qalmaqdan və xəstəliklərin özünü incitməsindən daha böyük bilməyindir. Beşinci təkbirdə isə Onun hər hansı bir cövhər və ya ərəz (söz və ya ilinək) ilə səciyyələndirilməkdən, hər hansı bir şeyə hulul etməsindən və ya heç bir şeyin özünə hulul etməsindən daha uca olduğunu bilməyindir. Altıncı təkbirdə Onda zəval, bir yerdən digər yerə nəql və hadis (yəni sonradan əmələ gəlmiş), varlıqlarda var olan dəyişikliklərin caiz olmadığını qəlbindən keçirməyindir. Yeddinci təkbirdə isə beş duyğu hissinin onu hiss eləməsindən daha uca bilməyindir. Rukuda boynunu uzatmağın təvili isə özün-özünə belə deməyindir: "Əgər boynumu vursan da yenə sənə iman gətirərəm”. Rukudan başını qaldırmağın və "səmiəllahu…” (Allah eşidər) cümləsinin təvili isə budur: "Məni yoxluq səhnəsindən varlıq səhnəsinə çıxarandır. İlk səcdənin təvili isə səcdə halında və "məni torpaqdan yaratdın” mənasını qəlbindən keçirməyindir. İlk səcdədən başını qaldırmağın təvili isə budur: "Məni torpaqdan yaratdın”. İkinci səcdənin mənası isə budur: "Məni torpağa geri döndərəcəksən”. İkinci səcdədən başını qaldırmaqda isə "yenidən məni torpaqdan çıxaracaqsan” -deyə qəlbindən keçirməyindir.
Sol tərəfə oturmağın, sağ ayağı sol ayağın üzərinə qoymağın təvili isə "Allahım! Mən haqqı ayaq üstə tutdum və batili öldürdüm” -deyə qəlbindən keçirməyindir. Təşəhhüdün təvili isə bundan ibarətdir: "İmanını təzələmək, İslamını təkrarlamaq və ölümdən sonra yaradılışı iqrar etməkdir. Salam verməyin təvili isə münəzzəh olan Rəbbini ucaltmaq, onu zalımların öz- özü haqqında söylədiklərindən, səhv əqidədə olanların səciyyələndirməsindən daha üstün bilməkdir.
Əssələmu aləykum və rahmətullahi və bərakətuh cümləsinin təvili isə rəhmət və münəzzəh olan Allahın sevgisini tələb etməkdir. Bu isə sizin qiyamət günü əzabdan Amanda qalmağınız mənasındadır”.
Möminlərin Əmiri (ə.) daha sonra belə buyurmuşdur: "Hər kim namazın təvilini bu şəkildə bilməzsə namazı naqisdir (əksikdir)”. (Mizanul-Hikmət, cild 7, hədis 10666)
Mənbə: "Namazın təvili" kitabı