Namaz – Allahla birbaşa əlaqə vasitəsi, Onunla raz-niyaz edib ünsiyyət yaratmaq və aləmlərin Rəbbini xatırlamaqdır. O, mə’nəvi təkamülün, mələkut aləminə doğru seyri-sülukun və Allah dərgahına yaxınlaşmağın ən yaxşı vasitəsidir.
Namaz mö’minin me’racı, insanı pisliklərdən, yaramaz işlərdən çəkindirən bir əməldir. O, nuraniyyət və mə’rifətin zülal çeşməsidir; belə ki, hər kəs gecə-gündüz ərzində beş dəfə ona varid olarsa, bütün nəfsani-ruhani çirkinliklərdən paklanar.
Namaz böyük ilahi əmanət, əməllərin qəbul olunması me’yarıdır. O, belə asimani sirlərdən təşkil olunmuşdur, lakin bu şərtlə ki, ruhlu, canlı olsun. Namazın ruhu onu hüzuri-qəlblə qılıb, Allaha diqqət yetirmək, Onun qarşısında xüzu-xüşu izhar etməkdir. Zikrlər, qiraətlər, ruku, səcdə, təşəhhüd və salam namazın zahiri formasını təşkil edir, hüzuri-qəlb və Allaha diqqət yetirmək isə onun ruhu misalındadır. Ruhsuz bədən ölü və tə’sirsiz olduğu kimi, hüzuri-qəlb olmadan qılınan namaz da, təklifin götürməsinə baxmayaraq, namaz qılan şəxsi ali-mə’nəvi məqamlara qaldırmaz. Ümumiyyətlə, namazın şər’i qanun halına salınmasının ən böyük hədəfi zikrin, Allahı yad etməyin hasil olmasıdır. Allah-təala Peyğəmbərə (s.ə.v.v) buyurur: "Məni yad etmək üçün namaz qıl.”
Qur’ani-Kərim Cümə namazını zikr ünvanı ilə təqdim edərək buyurur: "Ey iman gətirənlər, cümə namazının bərqərar olunduğunu bildiyiniz zaman zikrə doğru tələsin...”
Namazın qəbul olunma me’yarı hüzuri-qəlbin miqdarı ilə ölçülür; hüzuri-qəlb nə qədər çox olarsa, namaz da bir o qədər yaxşı şəkildə qəbul olunur. Buna görə də hədislərdə hüzuri-qəlblə əlaqədar çoxlu tə’kidli göstərişlər gözə dəyir. O cümlədən, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Bə’zən namazın yarısı qəbul olunur, bə’zən üçdə biri, bə’zən dörddə biri, bə’zən beşdə biri, bə’zən də onda biri. Bə’zi namazlar köhnəlmiş paltar kimi bükülüb sahibinin başına çırpılır. Həqiqətən sənin namazından Allaha qəlbən diqqət yetirmiş olduğun miqdarı qəbul olunur.”
İmam Cə’fər Sadiq (ə) buyurur: "Bəndə namaz qılmağa başlayan zaman Mütəal Allah ona diqqət yetirir. O, Allahdan üç dəfə qafil olana qədər Allah Öz nəzərini ondan kəsmir. Üçüncü dəfədə Allah ondan üz döndərir.”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: "Mürgüləyən, halsız halda namaz qılmayın. Namaz halında özünüz barədə fikirləşməyin, çünki Allahın hüzurunda dayanmısınız. Həqiqətən bəndənin namazının o miqdarı qəbul olunur ki, qəlbən Allaha diqqət yetirmiş olsun.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Hər bəndə namaz halında Allahdan başqasına diqqət yetirsə, Allah ona xitab edərək deyər: "Ey Mənim bəndəm! Məqsədində kimdir?! Kimi istəyirsən?! Məndən başqa bir pərvərdigar və nəzarətçi axtarırsanmı?! Məndən başqa bir bağışlayan, əta edən istəyirsənmi?! Halbuki, Mən kərimlərin ən kəramətlisi, bəxşiş edənlərin ən çox bəxşiş edəni, əta edənlərin ən yaxşısıyam. Sənə elə savab əta edərəm ki, saya-hesaba gəlməz. Mənə diqqət yetir, çünki Mən və mələklərim sənə diqqət yetiririk.” Namaz qılan şəxs Allaha diqqət yetirən zaman keçmiş günahları məhv olur (bağışlanır). Əgər yenidən (fikri yayınsa və) Allahdan başqasına diqqət yetirsə, Mütəal Allah əvvəldəki kimi yenidən ona xitab edir. Əgər namazına diqqət yetirsə, namazdan qafil olma günahı bağışlanır və onun tə’sirləri aradan gedir. Əgər üçüncü dəfə namazdan yayınarsa, Mütəal Allah da əvvəlki xitabını təkrar edir. Əgər namaza diqqət yetirirsə, bu dəfə də günahları bağışlanır. Əgər dördüncü dəfə yenidən (fikri yayınsa və) namaz fikrindən çıxsa, Allah və mələklər ondan üz döndərər, Allah ona buyurar: "Səni o şeyin vilayətində qərar verdim ki, ona məhəbbət və bağlılığın vardır.”
Namazın dəyəri hüzuri-qəlb və Allaha diqqət yetirməklədir. Hüzuri-qəlbin miqdarı da batinin saflaşmasında, Allah dərgahına yaxınlaşmaqda tə’sirli olur. Buna görə də böyük peyğəmbərlər (ə), mə’sum imamlar (ə) və Allahın övliyaları namaza bu qədər diqqət yetirmişlər.
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) barəsində yazırlar ki, namaz vaxtı gəlib çatanda iztirabdan üzünün rəngi dəyişərdi. Onun səbəbini soruşanda buyururdu: "Elə bir əmanəti (qaytarmağın) vaxtı gəlib çatmışdır ki, onu asimanlara və yerə təqdim etdilər, lakin onlar qorxub onu qəbul etməkdən imtina etdi. İnsan isə o böyük əmanəti qəbul etdi. Buna görə qorxuram, görəsən bu əmanətin əda eləməyin öhdəsindən lazımınca gələ biləcəyəm, ya yox.”
İmam Məhəmməd Baqir (ə) və imam Cə’fər Sadiq (ə) barəsində demişlər ki, namaz vaxtı mübarək üzlərinin rəngi saralardı. Namaz halında elə vəziyyətə düşürdülər ki, sanki gördüyü bir şəxslə üzbəüz dayanıb münacat edir!
İmam Səccad (ə) barəsində də yazırlar ki, o, namaza dayananda üzünün rəngi dəyişər, Allahın qarşısında zəlil bir bəndə kimi dayanar, bədən üzvləri qoxudan titrəyərdi. Namazı həmişə vida namazı idi, sanki ondan sonra (əcəli gəlib çatacaq və) heç bir namaz qılmayacaqdı.
Həzrət Fatimeyi Zəhra (ə.s) barəsində qeyd olunur ki, namaz halında nəfəsi Allahın qorxusundan təngiyərdi.
İmam Həsən Müctəba (ə) barəsində belə yazırlar: Namaz halında bədəni lərzəyə düşərdi. Behişt və ya cəhənnəmi xatırlayan zaman ilan vurmuş adam kimi qıvrılıb-açılar, Allahdan behişt diləyir, cəhnnəmdən Ona pənah aparardı.
Ayişə Peyğəmbəri-Əkrəm (s.ə.v.v) barəsində belə deyir: "Peyğəmbərlə söhbət edirdim. Namaz vaxtı gəlib çatanda birdən-birə elə dəyişilirdi ki, sanki bizi tanımırdı, biz də onu tanımırdıq.”
İmam Səccad (ə) barəsində yazırlar: O, namaz qılarkən əba mübarək çiynindən düşür, lakin bunu hiss etmirdi. Namazı qurtardıqdan sonra səhabələrdən biri soruşur: "Ey Allah Rəsulunun övladı! Namaz halında əba çiyninizdən düşdü, lakin siz diqqət yetirmədiniz?!”
İmam (ə) buyurdu: "Vay olsun sənə! Bilirsənmi ki, hansı şəxsin qarşısında durmuşdum?! Bu məni əbaya diqqət yetirməkdən yayındırmışdı. Bilmirsənmi ki, bəndənin namazı yalnız o miqdarda qəbul olunur ki, Allah qarşısında hüzuri-qəlb tapmış olsun?
Həmin şəxs soruşdu: Ey Allah Rəsulunun övladı, belə isə, biz həlakətdəyikmi?!
İmam (ə) buyurdu: «Xeyr, əgər nafilələri qılsanız, Allah onların vasitəsilə sizin namazlarınızı tamamlayar (kamilləşdirər).»
Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) barəsində yazırlar ki, namaz vaxtı mübarək üzünün rəngi qaçar, sinəsindən qazanın qaynamasına oxşayan bir səs eşidilərdi. Namaza dayananda yerin üstünə atılmış paltar kimi hərəkətsiz olardı.