Peyğəmbər (s)-in Abdullah İbni Məsuda nəsihətləri
21-Heç bir günahı kiçik sayma və böyük günahları tərk et. İnsan qiyamətdə günahlarına baxanda, gözündən yaş əvəzinə qan və çirk gələr.
22-Sənə "Allahdan qorx!” – deyiləndə qəzəblənmə. Arzularını azalt, qəlbini yalnız Allaha bağla; çünki Allah, Onunla görüşü arzulayanları çox sevir və görüşü məkruh olan (bəyənilməyən) şəxslərin görüşünə getməyi bəyənmir.
23-Böyük saraylar, qəsrlər tikmək və bağ-bostan əldə etmək fikrində olma, çünki Allah-taala buyurur: "(Ey qafil insanlar! Mal-dövlət, oğul-uşaq və qohum-əqrəba) çoxluğu ilə öyünmək sizi (Allaha ibadət etməkdən, axirət üçün çalışmaqdan) yayındırdı.” 83
24-Malına sələm qatanın günahı anası ilə zina edən şəxsin günahından böyükdür. Allah yanında şərab içən şəxs (istər az içsin, istərsə də çox) sələm yeyəndən pisdir və şərab bütün günahların açarıdır.
25-Yaxşı əməl sahiblərinə zülm edib, çirkin işlərlə məşğul olanlara yardım edən, haqqı batil, batili isə haqq kimi qələmə verənlərin məqsədləri məhz dünyadır. Onlar özlərinin əyri yolda olduqlarını yaxşı bilirlər, lakin Şeytan onların pis əməllərini gözlərində zinətləndirmiş və nəticədə haqq yoldan azdırmışdır. Onların yeri cəhənnəmdir!
26-Günaha batmaqdan həzər et. Günahın ləzzəti şərabın ləzzətinə bənzəyir, hətta ondan da pisdir.
27-Əməlləri Allaha xatir və ixlasla yerinə yetir; çünki Allah-taala ixlasla yerinə yetirilməyən heç bir əməli qəbul etməz.
28-Dünyanın nemət və ləzzətlərindən, alçaq və ucalıqlarından əl çək, onlardan qorunub saxlanmaq üçün hazırlaş; çünki onların hamısından sorğu-sual olunacaqsan. Allah-taala bu barədə buyurur: "O gündə (qiyamətdə) nemətlərdən hökmən sorğu-sual olunacaq.”
29-Oruc tutmadığın və gecə namazı qılmadığın halda, camaat səni (bu xüsusiyyətlərlə) təriflədikdə xoşhal olma. Dünya və onun ləzzətləri səni axirət aləmi haqqında fikirləşməkdən saxlamasın. Onları özün üçün oyun-oyuncaq qərar vermə.
30-Çoxlu yaxşı və saleh əməllər yerinə yetir, günaha və ona mürtəkib olmağa doğru tələsmə, tövbəni təxirə salma.
31-Aldadıcı qanunlar çıxarma; çünki belə bir iş görən hər bir şəxs həm özünə, həm də başqalarına zərər yetirmiş olar. Dünyaya bel bağlama; çünki ondan tez bir zamanda ayrılacaqsan.
32-Aşkarda böyük və kiçik günah etməkdən çəkin, çünki harada olsan da, Allah-taala səni görür. Heç bir yerdə Allahı yaddan çıxarma və Ondan (Onunla müxalifət etməkdən) qorx!
33-Şeytanı özünə düşmən tut, haram mal yemə, haram paltar geyinmə və günah etmə.
34-Sənə tapşırılan mal-dövlətə və əmanətə xəyanət etmə. Ruzi əldə etmək üçün qüssələnmə, çünki Allah-taala yer üzündə yaşayan heç bir varlığı ruzisiz qoymaz.
35-Məni peyğəmbərliyə göndərən Allaha and olsun, dünya malını buraxıb, axirət ticarətinə üz gətirən şəxsə Allah xüsusi nəzər yetirər!
İbni Məsud dedi: "Ya Rəsuləllah! Axirət ticarəti necədir?”
Həzrət buyurdu: "Dilini Allahı yad etməkdən saxlama və həmişə "Sübhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” – de! Heç bir şeyi Allahı zikr etməkdən üstün tutma!
36-Saleh əməl sahiblərini sev, çünki insan qiyamətdə sevdiyi şeylə məhşur olacaqdır. Əgər yaxşı işlər görməyə gücün çatmırsa, (heç olmazsa,) alimlərə məhəbbət göstər.
37-Allahı yad etmək hər bir şeydən üstündür. Allah-taala buyurur: "Ən böyük ibadət Allahı yad etməkdir.” Başqa bir yerdə isə belə buyurur: "Məni yad edin ki, Mən də sizi yad edim!”
38-Vüqarlı ol, qəlbinin aramlığını qoru, işlərində həddindən artıq tələbkar olma, insanları bağışla, onlarla mülayim davran, onlara ürək yandır. İbadət et, düz danış, əməllərini ixlasla yerinə yetir, ağıllı, imanlı, dözümlü, pak-pakizə ol, dünyanı tərk et və sağlamlığını qoru.
39-Əhl-əyalına məhəbbət bəsləməyin səni günaha və haram işlərə sövq etməsin. Çünki Allah-taala buyurur: "Qiyamət günündə pak qəlblə (Allahın hüzuruna) gələnlərdən başqa, övlad və mal-dövlət heç bir fayda verməyəcək.” Sənə Allahı yad etməyi və saleh əməl yerinə yetirməyi tövsiyə edirəm. Dilini qoru, çünki Allah-taala buyurur: "Qiyamət günündə ağızlarınızı möhürləyəcəyik, (onun yerinə) əl və ayaqlar Bizimlə danışacaq və pis işlərinizə şəhadət verəcəklər.”
40-Sənə düz danışmağı tövsiyə edirəm; heç vaxt yalan danışma və insanlarla insafla rəftar et (zərərinə tamam olsa da, haqq söz deməkdən çəkinmə). Yaxşılıq et, camaatı da yaxşı işlərə dəvət et. Qohumluq əlaqələrini kəsmə, xalqı aldatma və əhd-peymana vəfalı ol. Camaata çətinlik törədən şəxslərdən olma, onların rahatlığı üçün səy et. Hər bir işi fikirləşəndən sonra yerinə yetir. Camaata deyil, yalnız Allaha baş əy və günahlara israr etmə.”
Mənbə: "40 mövzu, 40 həqiqət" kitabı