Günahın böyük və kiçikliyinin ölçüləri
Keçən bəhslərdə günahın böyüklüyünün və kiçikliyinin iki amildən (əməli və icraçı qəbihlik) asılı olduğu məlum oldu. Bu bölmədə öyrəndik ki, kiçik günahlarda olduğu kimi bütün böyük günahlar böyük günah olduğundan oxşar və müştərək pozucudurlar. Əxlaqsızlıqlar və saleh əməllər baradə verilmiş hökmlər şəriət hökmlərindən bizim üçün tam surətdə anlaşılmadığından böyük və kiçik günahları müəyyənləşdirmək üçün bizə bir ölçü lazımdır ki, bunun vasitəsilə onları bir-birindən ayıra bilək. Fiqh, əxlaq, təfsir və kəlam alimlərinin hər biri bu barədə özünəməxsus üsulla diqqətəlayiq qiymətli və dəyərli əsərlər yazıb-yaratmışlar. Amma böyük günahı kiçik günahdan ayırmaq üçün ən yaxşı meyar məsumların(ə) öz kəlamlarında buyurduqları mətləblərdir. Qəti qadağan olunmuş, Allah-təala və Peyğəmbər(s)-in kəlamlarında cəhənnəm atəşi ilə hədələnmiş günahlar böyük, yerdə qalanları isə kiçik günahlar hesab olunur.
Bəzi rəvayətlərdə bu meyarı xatırlatmaqdan əlavə günahlardan bir neçəsinin adını və xüsusiyyətlərini qeyd etməklə onlar böyük günah kimi qələmə verilmişdir. Başqa rəvayətlərdə günahlardan yeddisi "yeddi məhvedici" kimi adlandırılmışdır.
Böyük günahların sayı barədə bir neçə rəy vardır. Bəziləri onun yeddi, bəziləri yetmiş və bəziləri də yeddi yüz olduğunu söyləmişlər. Şəhid Sani "Şərhi-Lümə"də yazır: "Böyük günah odur ki, «Quran»da və hədislərdə qadağan olunub, ona əməl edən cəhənnəm əzabı ilə hədələnmişdir". Sonra yenə yazır: "Böyük günahların sayı yeddi yüzə yaxındır". Bu zaman qətl, zina, livat (homoseksualizm), məstedici maddələr qəbul etmək, oğurluq, namuslu və həyalı qadınlara şər atıb töhmət vurmaq, döyüşdən qaçmaq, yalandan şahidlik etmək, ata-anaya ağ olmaq, Allahın qəzəbindən qorxmamaq və onun rəhmətindən
naümid olmaq, özgə malını qəsb etmək, qeybət etmək, yalandan and içmək, sileyi-rəhm etməmək (yaxın qohumlara baş çəkməmək), yetim malını yemək, tərəzidə aldatmaq, namazı təxirə salmaq, şəri üzrü olmadan müsəlmanlar haqda, xüsusən Allah və Peyğəmbər(s) barədə yalan danışmaq, haqqı gizlətmək, rüşvət almaq, zalımların yanında müsəlmanların əleyhinə danışmaq, zəkat verməmək, boynuna həcc gələrsə, birinci ildən təxirə salmaq, murdar ət və ya donuz əti yemək, yollarda quldurluq və soyğunçuluq etmək, sehr-cadu ilə məşğul olmaq və s. kimi günahlardan bir neçəsini sadalayaraq yazır: "Bütün bu saydıqlarımız müqəddəs şəriət tərəfindən əzabla hədələnmiş günahlardandır".
Sonra yenə yazır: «Allah rəhmətindən naümid olmaq, Onun qəzəbindən qorxmamaq, adam öldürmək, ata-ananın üzünə ağ olmaq, möminə zina etməkdə şər atıb töhmət vurmaq, şəri icazə olmadan yetim malını yemək, döyüşdən qaçmaq, sələm, sehr-cadu, kihanət (ulduz falı), zina, livat, oğurluqla (xüsusilə döyüşlərdə əldə olunmuş qənimətlərdən oğurlamaq) məşğul olmaq, yalan and içmək, vacib əməlləri tərk etmək, yalan şahidlik etmək, haqqı gizlətmək, məstedici maddələr qəbul etmək, beyət və əhd-peymanı pozmaq (istər Allahla olsun, istərsə də insanlarla), sileyi-rəhmi kəsmək (qohum-qardaşla əlaqəni kəsmək, get-gəl etməmək), hicrətdən sonra təərrüb , Allah, Peyğəmbər(s) və İmamlar(ə) barədə yalan danışmaq, qeybət və töhmət vurmaq, həmçinin demişlər ki, bütün müstəhəb əməlləri tərk etmək, suya ehtiyacı olmadığı halda suyun artığını su istəyənə verməmək, sidiyin sızmasından ehtiyat etməmək, ata-ananın söyülməsinə bais olan əməllərə qurşanmaq, vəsiyyətdə israr etmək (varislərin hüququnun pozulmasına səbəb olan vəsiyyət etmək) , Allahın qəza və qədəri ilə razılaşmayıb ona etiraz etmək (bəzi alimlərin əqidəsinə görə), təkəbbürlü olmaq, həsəd aparmaq, möminlərlə düşmənçilik, Məkkə və Mədinədə dinsizlik etmək, sözgəzdirmək və qeybət, şəri icazə olmadan möminin bədən üzvünü kəsmək, murdar əti və başqa nəcis hesab olunan şeyləri yemək, öz məhrəmlərini (ana, bacı, övlad və s.) başqa kişilərə pulla satmaq, kiçik günahları təkrar etmək, pisliklərə sövq edib, yaxşılıqlardan çəkindirmək, yalan danışmaq, vədəxilaflıq, xəyanət etmək, möminləri söymək və lənətləmək, onları incitmək, həddən artıq xidmətçiləri tənbeh etmək, içməli suyu ehtiyacı olanlara verməmək, ümumi gediş-gəliş yolunu bağlamaq, ailə üzvlərini və həyat yoldaşının hüququnu pozmaq, yersiz əsəbləşmək, zülm etmək, vəfasızlıq, ikitirəlik salmaq və riyakarlıq, möminləri təhqir etmək, möminlərin eybini axtarmaq, onları danlamaq, iftira yaxmaq, bədgümanlıq, təqvalı insanı qorxutmaq, tərəzidə aldatmaq, əmr be məruf və nəhy əz munkəri (yaxşılıqlara sövq edib, pisliklərdən çəkindirmək) tərk etmək, məcburi olmadan günah məclislərində oturmaq, məxsusən şərab içmək, dində bidət (dində olmayanları ona artırmaq və ya olanları əksiltmək), bidətçilərlə oturub-durmaq, günahı kiçik sanmaq, qumarbazlıq, haram bir şey yemək kimi günahlarda isə «pisliklərə sövq etmə»dən axıra qədər sadaladığımız günahların böyük günah olması ehtimala görədir, nəinki qəti surətdə haram buyurulmuşdur. Yaxşısını isə Allah bilir".
Hər halda böyük günahların sayı tam surətdə aydın deyildir. Bəlkə də onların gizlin və şübhəli qalması hər hansı bir günahı icra etməkdə qorxu hissini yaratmaq məqsədilədir. Məsələn, Qədr gecəsinin gizli qalması kimi. Bu gecənin hansı gecə olduğu bilinmədiyindən müsəlmanlar həmin əzəmətli gecəni dərk etmək niyyəti ilə Ramazan ayının bir çox gecələrini əhya saxlayıb (oyaq qalıb) ibadət edirlər. Allah isə ən yaxşısını biləndir.
QEYD: Əxlaqi fəzilətlərə sahib olmaq üçün ən yaxşı üsul şəhvət və ehtirasa qarşı zidd olub günahdan çəkindirməkdir. İslam dini insanların günaha batmasının qarşısını almaqdan əlavə hətta onları günah fikirləşməkdən də çəkindirir, çünki günahı fikirləşmək qəlbin pak və saflığını pozub, insanı günaha batmağa vadar edir.
Həzrəti-Əli(ə) buyurur: "Kim çox günah fikirləşsə, günahlar onu özünə tərəf çəkər".
"Bir şey barədə fikirləşmək o şeyin yaranmasına başlanğıcdır.”
Buna görə də həzrəti-İsa(ə) öz ardıcıllarına buyurur: "Musa ibn İmran sizə göstəriş verdi ki, zina etməyin. Amma mən isə sizə nəinki zina etməməyi, heç zina barədə fikirləşməməyi də tövsiyə edirəm, çünki zinanı fikirləşən insan gözəl təmir olunmuş evdə ocaq qalayan şəxs kimidir. Bu surətdə ev yanmasa da, tüstü onun divarlarını və tavanını qaraldacaqdır".
Gözəl əxlaqa yiyələnmək istəyən və Allah yolunu tutan şəxsin tərk etməsi lazım olan haramlar çoxdur. Biz yalnız nümunə üçün onlardan bir neçəsini qeyd etməklə kifayətlənirik. Amma insanların çox təəssüflər olsun ki, əksəriyyətinin mübtəla olduğu günahlar dil vasitəsilə baş verdiyindən biz burada ilk olaraq dilin ümumi bəlalarından söhbət açıb sonra isə dil ilə insanda meydana gələn bəzi günahları (qeybət, eyibaxtarmaq, sözgəzdirmək, istehza və s.) burada bəyan edərək bəzi yerlərdə də günahın amil və səbəblərinə qısaca da olsa, işarə edəcəyik. Ondan sonra mömin bəndənin tərk etməsi lazım olan başqa günah və haramların bir neçəsini də sadalayacağıq.
Kitabın adı: İslamda əxlaq
Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani